Məhkəmə qərarları › İş №2-1(102)-4392/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4392/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4392/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mərhum ərinin almadığı müəyyən dövr üzrə pensiyasının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “müəyyən dövr üzrə pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçıya ##.##.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2.Iddiaçının ərinə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olduğu ##.##.2000-ci il tarixdən ##.##.2020-ci il tarixədək və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrlər üzrə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənilmişdir. 3.Iddiaçının əri X1 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. 4.Bununla əlaqədar iddiaçının müraciətinə əsasən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ## ##### 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraq ## ##### 2023-cü il tarixdən etibarən ömürlük ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 5.Daha sonra iddiaçı mərhum ərinə ## ######## 2020-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsini də tələb etmişdir. 6.Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Müraciəti ilə əlaqədar olaraq X1 ödənilməmiş əmək pensiyasının ödənilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında nəzərdə tutulur. Qeyd olunanlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnaməni DOST Mərkəzlərinə təqdim etdikdən sonra müraciətə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

7. Cavabdehin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mərhum X1 ##.##.2000-ci il tarixindən ##.##.2020-ci il tarixinədək və ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Adıçəkilən şəxsin vəfatı ilə əlaqədar ##.##.2023-cü il tarixindən əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Iddiaçı İddiaçı ##.##.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, ##.##.2023-cü il tarixli müraciəti ilə əlaqədar əmək pensiyasının növü dəyişdirilərək həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Hazırda iddiaçının əmək pensiyasının ödənişi davam etdirilir.

8. Məktuba əlavə edilmiş İddiaçı aid pensiya işinin materiallarına aşağıdakılar aiddir: - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ##.##.2005-ci il tarixli, *-***/** saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2023-cü il tarixli Qərarın surətindən müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixdən ömürlük ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. 9.Cavabdehin “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ##.##.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, vətəndaş mərhum X1 IMES alt sistemində şəxsiyyət vəsiqəsinin ##.##.2023-cü ildə alması faktı əks olunduğundan və 2020-2023-cü illər ərzində Azərbaycan Respublikasının ərazisində daimi yaşayış vəsiqəsinin olmaması və sorğunun cavabsız olması səbəbindən həmin illərdə pensiya hesablanması mümkün hesab edilmir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində birinci icraat 10.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mərhum ərinin əmək pensiyasının əvvəlki dövr üzrə ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üçün müəyyən edilməklə yenidən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 11.Daha sonra iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 ##.##.2024-cü il tarixdə məhkəməyə IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçı ##.##.1955-ci il təvəllüdlü İddiaçı əmək pensiyasının ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək bərpa olunması öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1955-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuşdur. Mərhum əri X1 ##.##.2023-cü il tarixində ölmüşdür. ##.##.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuş və ona mərhum ərinin pensiyası təyin olunmuşdur. Hal-hazırda həmin pensiyanı alır. Mərhum ərinə 2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2010-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən daha sonra ##.##.2015-ci il tarixdə vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün mərhum ərinin əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Mərhum əri ##.##.2020-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün vəsatət vermişdir. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2022-ci il tarixli **** №-li sərəncamı ilə mərhum əri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Mərhum ərinin ##.##.2020-ci il tarixdən-##.##.2024-cü il tarixədək əmək pensiyasını almamışdır. Qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin əmək pensiyasının əvvəlki dövr üzrə ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üçün müəyyən edilməklə yenidən hesablanması və birdəfəlik ödənilməsi üçün cavabdeh inzibati orqana eyni məzmunlu müraciət edilsə də, müraciəti inzibati orqan tərəfindən təmin olunmamışdır. 13.Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək mərhum əri X1 təyin edilmiş yaşa görə əmək pensiyasının ##.##.2020-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək mərhum əri N.Əliyev Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxs olmadığı üçün həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün ##.##.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ##.##.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 14.1.2ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 18.3-cü maddəsinə uyğun olaraq vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Iddiaçının ##.##.2023-cü il tarixli müraciətinə əsasən əri X1 vəfatı ilə əlaqədar iddiaçıya həmin tarixdən 401,90 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Iddiaçının mərhum əri N.Əliyevə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar ##.##.2020-ci il tarixdən dayandırılmışdır. Mərhum N.Əliyevin ##.##.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi ##.##.2023-cü il tarixdən əmək pensiyasının ödənişi bərpa edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. 14.Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı ##.##.1955-ci il təvəllüdlü İddiaçı əmək pensiyasının ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X1 ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə ona ödənilməyən əmək pensiyasının hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikası ərazisində daimi yaşaması qanuni əsaslara söykənmədiyindən onun iddia tələbi əsassızdır. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Iddiaçının mərhum əri məhz bu tələblərə cavab verdiyindən, yəni Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli, **** nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. Iddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasaydı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməzdi. Bununla da görünür ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər iddiaçının ərinin Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs statusu tanınıb və bu halın sübuta ehtiyacı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ təsbit edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır. Başqa sözlə iddiaçının mərhum əri ən az 2017-ci ildən başaqlayaraq respublika ərazisində fasiləsiz olaraq qanuni əsaslarla yaşadığından o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçının mərhum ərinə Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır. Iddiaçının mərhum əri isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı onun mərhum ərinə ödənilməyən dövrlər pensiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Buna baxmayaraq cavabdehin eyni əsasa istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbul edilməzdir. 16.Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, K.Əkbərov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 19.Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Əliyev Nazimin ##.##.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi ##.##.2023-cü il tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir. Mübahisəli dövr ərzində isə iddiaçının mərhum ərinin ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı müraciəti daxil olmamışdır. Iddiaçının mərhum əri N.Əliyevə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar ##.##.2020-ci il tarixdən dayandırılmış, ##.##.2023-cü il tarixdə mərhum N.Əliyevə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verildiyi tarixdən bərpa edilmişdir. Iddiaçının mərhum əri N.Əliyevin ##.##.2020- ##.##.2023-cü il tarixləri arasında daimi yaşamaq üçün icazə vəsiqəsi qüvvədə olmadığından həmin dövr üzrə pensiyanın ödənilməsi mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələbləri, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 14-cü, 37.8.1-ci və 42.1-ci maddələrinin tələbləri pozulmuş, iddiaçının mərhum ərinin mübahisəli dövr ərzində daimi yaşayış icazəsinin olmamasına, həmçinin iddiaçının mərhum ərinin əmək pensiyasının ödənilməsi ilə bağlı Mərkəzi Filiala müraciətinin olmamasına və əmək pensiyası hüququnun subyektiv hüquq olmaqla şəxsiyyətlə birbaşa əlaqəli olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə nəticəyə gəlmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

23.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

24.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3. Əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

25.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. 29.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 30.Işin faktiki hallarına görə, iddiaçıya ##.##.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçının ərinə isə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olduğu ##.##.2000-ci il tarixdən ##.##.2020-ci il tarixədək və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrlər üzrə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənilmişdir. Iddiaçının əri X1 ##.##.2023-cü il tarixdə vəfat etdiyi üçün iddiaçının müraciətinə əsasən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ## ##### 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ilə iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraq ## ##### 2023-cü il tarixdən etibarən ömürlük ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 31.Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı mərhum ərinə ## ######## 2020-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə bu tələbin təminindən imtina etmiş və imtinanı mərhum şəxsin həmin dövrdə Azərbaycan Respublikası ərazisində daimi yaşamasının qanuni əsaslara söykənməməsi və müraciətinin olmaması ilə əsaslandırmışdır. 32.Işin araşdırılan hallarına görə, iddiaçının mərhum ərinə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olduğu dövrdə- ##.##.2000-ci il tarixdən ##.##.2020-ci il tarixədək və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra- ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək yaşa görə əmək pensiyası təyin olunmuş və ödənilmişdir. Mübahisə predmeti olan- ##.##.2020–##.##.2023-cü illər ərzində iddiaçının mərhum ərinin Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi ilə bağlı sənədi olmasa da, o, sonradan Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə vətəndaşlığa qəbul edilmiş və şəxsiyyət vəsiqəsini aldıqdan sonra onun pensiya hüququ bərpa edilmişdir. 33.Işə baxmış məhkəmələr hazırkı mübahisəyə iddiaçının mərhum ərinin müvafiq dövrdə ölkədə daimi yaşamaq icazəsinin olmadığı, lakin ölkədə daimi yaşadığı üçün və sonradan Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşlığa qəbul edildiyi üçün ötən dövrə də sosial təminat hüququnun təmin edilməli kontekstindən yanaşaraq hüquqi qiymətləndirmə aparmışlar və nəticədə iddiaçının həmin dövrlər üzrə mərhum ərinə ödənilməli olan pensiyanı tələb etmək hüququnun mövcudluğunu nəzərə alaraq iddianın təmin edilməsi qənaətinə gəlmişlər. 34.Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, hazırkı işdə iddia vətəndaşlığa sonradan qəbul edilmiş şəxsin (hansı ki uzun zaman ölkədə yaşaması nəzərə alınaraq daimi yaşama icazəsi olan və sonradan vətəndaşlığa qəbul edilən şəxs olmuşdur) ölkədə daimi yaşadığı dövrdə (##.##.2020–##.##.2023-cü illər arasında) almadığı, lakin almağa haqqı çatan pensiya məbləğinin məhz həmin şəxs tərəfindən tələb edilməsi ilə bağlı deyil, iddia- həmin şəxs vəfat etdikdən sonra ailə başçısını itirməyə görə pensiya təyin edilmiş həyat yoldaşı tərəfindən yuxarıda qeyd olunan dövr üzrə pensiya məbləğinin ödənilməsi ilə bağlı verilmiş iddiadır. Belə olan halda mübahisənin həlli üçün iki məsələ qiymətləndirilməlidir:

1. iddiaçının mərhum ərinin ##.##.2020–##.##.2023-cü illər ərzində almadığı pensiyanın ödənilməsini sağlığında tələb etmək hüququ olmuşdurmu?

2. iddiaçının ##.##.2020–##.##.2023-cü illər ərzində mərhum ərinə ödənilməyən pensiyanın ödənilməsini tələb etmək hüququ varmı? 35.Birinci məsələ üzrə qeyd olunur ki, iddiaçının mərhum ərinə sağlığında ölkədə daimi yaşamaq icazəsinin olduğu bütün dövrlərdə pensiya hesablanıb ödənilmiş, sonuncu dəfə pensiyası daimi icazə sənədinin müddəti bitdiyi üçün ##.##.2020-ci il tarixdə dayandırılmış, sonradan mərhumun müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmiş və onun pensiyası ##.##.2023-cü il tarixdən bərpa edilmişdir. Həmin vaxtdan, yəni ##.##.2023-cü il tarixdən şəxs vəfat etdiyi- ##.##.2023-cü il tarixədək pensiya almışdır. Hazırkı iş üzrə aparılan araşdırmalardan məlum olur ki, iddiaçının mərhum ərinin pensiya hüququ Azərbaycan Respublikası vətəndaşlığına qəbulu ilə bağlı bərpa edildiyi- ##.##.2023-cü il tarixdən sonra şəxs onun pensiya hüququnun daha öncəki tarixdən, yəni ##.##.2020-ci il tarixdən bərpası ilə bağlı bir tələbi olmamışdır. 36.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası hüququna təminat verir. 37.”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. 38.Hazırkı işdən görünür ki, iddiaçının mərhum əri Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan şəxs olduğu üçün o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. Bununla da onun daimi yaşamaq icazəsinin müddəti aradan qalxmışdır. Bu səbəbdən iddiaçının mərhum ərinin sağlığında ##.##.2020–##.##.2023-cü illər ərzində almadığı pensiyanın ödənilməsini tələb etmək hüququ da olmuşdur. 39.Lakin iş materiallarından görünür ki, iddiaçının mərhum ərinin sağlığında ##.##.2020–##.##.2023-cü illər ərzində almadığı pensiyanın ona ödənilməsi ilə bağlı cavabdeh quruma hər hansı müraciəti olmamışdır. Belə olan halda ikinci məsələ üzrə Kollegiya bildirir ki, iddiaçının ##.##.2020–##.##.2023-cü illər ərzində mərhum ərinə ödənilməyən pensiyanın ödənilməsini tələb etməklə bağlı iddiası əsassızdır. 40.Kollegiya bu barədə hüquqi mövqeyini onunla əsaslandırır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, dövlət orqanlarının öhdəlikləri yalnız qanunla müəyyən edilmiş qaydada və vaxtında edilmiş müraciətlər əsasında yaransın. Əks halda, hüquq münasibətlərində qeyri-müəyyənlik yaranar, bu isə həm hüquqi sabitlik, həm də bərabərlik prinsiplərinin pozulmasına gətirib çıxara bilər. 41.Beləliklə, iddiaçının ##.##.2020–##.##.2023-cü illər ərzində mərhum ərinə ödənilməyən pensiyanın ona ödənilməsi əsaslarının mövcudluğu qanunla müəyyən olunmur. Başqa sözlə, iddiaçının mərhum əri sağlığında ##.##.2020–##.##.2023-cü illər ərzində ona ödənilməyən pensiyanın ödənilməsini sağlığında tələb etmədiyi üçün və bununla bağlı hər hansı icraat da aparılmadığı üçün həmin pensiya məbləğinin tələb hüququ iddiaçıya keçməmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçıya qeyd olunan tələblə bağlı verilmiş imtina qanuni və əsaslı olmuşdur. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. 42.Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq edilmiş hüquqi qiymətləndirmə mövcud qanunvericiliyin tələblərinə uyğun olmuş, inzibati orqanın qəbul etdiyi qərar hüquqi müəyyənlik, qanunçuluq və bərabərlik prinsiplərinə zidd olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi təmin edilə bilməz. 43.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın rədd edilməsi barədə iş üzə yeni qərar qəbul edilməlidir. 44.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar