Məhkəmə qərarları › İş №2-1(102)-4398/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4398/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4398/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması, malın daşıma xərci işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı “gömrükdə saxlanılan mallara görə qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## ####### 2024-cü il tarixdə İddiaçı MMC Türkiyə Cümhuriyyətindən ümumi 18.981,46 ABŞ dolları dəyərində bədən spreyi sifariş etmişdir.

2. 01241000437346 sorğu nömrəli gömrük bəyannaməsi ilə ##.##.2024-cü il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında malların rəsmiləşdirildirilməsi məqsədilə təqdim edilmişdir.

3. Gömrük orqanı əməkdaşı tərəfindən Dövlət Gömrük Komitəsi Sədrinin ##.##.2024-cü il tarixli, *-**/*****S nömrəli Sərəncamının * saylı Əlavəsi ilə təsdiq edilmiş formasına uyğun olaraq ##.##.2024-cü il tarixli, *-**-****/*-******/**** nömrəli “Gömrük bəyannaməsində uyğunsuzluq və çatışmazlıqlara dair bildiriş” təqdim edilmişdir. Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli, ##.##.2024-cü il tarixli və GDD********** nömrəli, ##.##.2024-cü il tarixli eyni məzmunlu elektron bildirişlər (GDD) təqdim edilmişdir. Bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişləri təsdiq etməkdən imtina etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 2024-cü il tarixdə " xxxx" MMC tərəfindən Türkiyə Cümhuriyyətindən ümumi 18.981,46 ABŞ dolları dəyərində bədən spreyi sifariş etmişlər. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən süni maneələr yaradılaraq, qeyd edilən mallar onları daşıyan nəqliyyat vasitələri ilə birlikdə gömrükdə saxlanılır. O, dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların və nəqliyyat vasitələrinin buraxılmasını xahiş etsələr də, müraciətləri nəticəsiz qalmışdır. ## ####### 2024-cü il tarixdən nəqliyyat vasitəsi kömrükdə saxlanılmışdır. Tətbiq edilən qaydalara görə hər gecikdirilən günə görə nəqliyyat vasitəsini idarə edən sürücüyə 100 ABŞ dolları ödənilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nəqliyyat vasitəsində olan malların saxlanc yerinə verilməsini və nəqliyyat vasitəsinin buraxılması barədə müraciət edilmişdir, lakin yenə də, müraciəti cavabsız qalmışdır. Bundan başqa, əvvəllər eyniadlı malları gömrükdən 40 sent ödəməklə ölkəyə gətirmələrinə baxmayaraq, hazırda Cavabdeh ondan hər mala görə qanunsuz olaraq 1 ABŞ dolları tələb edir. Bundan sonra, təkrar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmiş və Cavabdeh məktubla bildirilmişdir ki, onun iştirakı ilə eyniləşdirmə aparılsın, lakin Cavabdeh qeyd edilən tapşırığı yerinə yetirməmişdir. Iddiaçı bildirmişdir ki, eyniləşdirilmənin aparılması zəruridirsə, eyniləşdirmədən qabaq qeyd edilən mallara görə Cavabdeh gömrük xərcini necə 1 ABŞ dolları olduğunu hesablamış və ondan tələb etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ərizədə mübahisələndirdiyi 01241000437346 sorğu nömrəli gömrük bəyannaməsi ##.##.2024-cü il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında malların rəsmiləşdirildirilməsi məqsədilə təqdim edilmişdir. Araşdırma zamanı bəyannaməçi tərəfindən gömrük orqanına təqdim olunan malmüşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə daşıma şərtinin “CIF” qeyd olduğu təqdirdə, malların daşınma xərclərinin müşayiət sənədlərində ayrıca qeyd edilməməsi, daşınma xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınma xərclərinin hesablanması üçün hesabfakturanın təqdim edilməməsi, alqı-satqı müqaviləsində isə daşınma xərcinin alıcıya aid olmasının göstərilməsi bu uyğunsuzluqların əsas təməlini təşkil etmişdir. Bəyannaməçi tərəfindən rəsmiləşdirmə prosesi zamanı sənədlərə əlavə edilmiş idxalatçı ilə satıcı arasında bağlanan ##.##.2024-cü il tarixli D 2024 AZ ** nömrəli alqı-satqı müqaviləsinə ##.##.2024-cü il tarixli * nömrəli Əlavədə malların çatdırılma şərtinin “CIF” deyil, “CIP” olduğu qeyd olunması, lakin, bu Əlavənin tərtib edilmə tarixinin satıcının bank hesabına malların dəyərinə dair köçürmə sənədinin (bank svift” tərtib edilmə tarixindən (##.##.2024) daha gec tarixdə tərtib edilməsi bu sənədlər arasındakı uyğunsuzluq faktını danılmaz şəkildə təsdiq edir. Bundan əlavə, iddiaçı gömrük orqanına müraciətində qarşı tərəflər bağlanan müqavilənin distributerlik müqaviləsi olduğunu iddia etsə də, iş materiallarına da, əlavə edilmiş təqdim olunan müqaviləyə sadə bir nəzər salmaqla alqı-satqı müqaviləsi olduğu bariz bəlli olur. Bununla bağlı, gömrük orqanı əməkdaşı tərəfindən Dövlət Gömrük Komitəsi Sədrinin ##.##.2024-cü il tarixli, *-**/*****S nömrəli Sərəncamının * saylı Əlavəsi ilə təsdiq edilmiş formasına uyğun olaraq ##.##.2024-cü il tarixli, 3-33- 1100/2- ******/**** nömrəli “Gömrük bəyannaməsində uyğunsuzluq və çatışmazlıqlara dair bildiriş” təqdim edilmişdir. Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan, bəyannaməçiyə GDD********** nömrəli, ##.##.2024-cü il tarixli və GDD********** nömrəli, ##.##.2024-cü il tarixli eyni məzmunlu elektron bildirişlər (GDD) təqdim edilmişdir. Lakin bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişləri təsdiq etməkdən imtina etmişdir. Iddiaçının “nəqliyyat vasitəsi gömrükdə saxlanılmışdır” ifadəsinə münasibətdə bildirirlər ki, hər iki bildiriş əsasında olan bu müddət (7 gün) gömrük bəyannaməsinin “bəyannaməçi” statusunda olması ilə birbaşa bağlıdır. Gömrük dəyərinə düzəliş bildirişi (GDD) bəyannaməçiyə təqdim edilərkən gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsi üsulu olaraq 6-cı üsul, yəni ehtiyat üsulu seçilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ##.##.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh həvalə edilmişdir (Hakim Aygün Abdullayeva).

8. Məhkəmə hesab etmişdir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları). - Məhkəmə sadaladığı qanunvericilik normalarına və artıq kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə hesab edib ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırki işin hallarından müəyyən edildiyi kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Iş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş,, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. - Məhkəmə həmçinin qeyd edib ki, əvvəllər eyniadlı mallar gömrükdən 40 sent ödəməklə ölkəyə gətirməsinə baxmayaraq, hazırda malların sövdələşmə qiymətində heç bir dəyişiklik olmadan gömrük orqanı tərəfindən 1 ABŞ dollarının tələb edilməsi, həmçinin, etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, inzibati orqan inzibati icraat aparılması zamanı həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Ceyhun Məmmədov (sədrlik edən və məruzəçi), Günel Sevdimalıyeva və Pərviz Hüseynov).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Lakin, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. - Qanunvericiliyin tələbinə əsasən iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “Inzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. - Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “DE Kozmetik” LTD ##.##.2025-ci il tarixli arayışından görünür ki, iddiaçıya satılmış məhsulun bir ədədinin qiyməti 0,494 ABŞ dolları təşkil edir. - Göründüyü kimi, cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddiaya qarşı etirazın də apelyasiya şikayətinin dəlillərinə uyğun əsalandırılmışdır.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

14. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

15. “Gömrük tarifi haqqında” Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; ... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; 1.1.6. eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar; 1.1.7. eynicinsli mallar - bütün cəhətlərinə görə oxşar olmasa da, eyni funksiyaları yerinə yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz olunmasını mümkün edən oxşar xüsusiyyətləri və oxşar tərkib materialları olan mallar. Malların keyfiyyəti, bazardakı nüfuzu və əmtəə nişanının olması onların eynicinsliliyinin müəyyən edilməsi üçün nəzərə alınan amillərdəndir; 1.1.8. eyni sinifdən və ya eyni növdən olan mallar - eyni və ya eynicinsli malların da daxil olduğu müəyyən mallar qrupunu və ya mövqeyini əhatə edən hər hansı bir sənaye sahəsi və ya sektorunun istehsal etdiyi mallar; ... 1.2. Eyni və ya eynicinsli malların eyni şəxs tərəfindən istehsal edildiyi hallar müəyyən edilmədikdə, müxtəlif şəxslər tərəfindən istehsal olunan və gömrük dəyərləndirilməsi məqsədi ilə müqayisə edilən mallar eyni və ya eynicinsli mallar kimi nəzərdən keçirilir. 1.3. Gömrük dəyərləndirilməsi məqsədi ilə müqayisə edilən mallar eyni ölkədə istehsal edilməmişdirsə, eyni və ya eynicinsli mallar kimi nəzərdən keçirilə bilməz. Maddə 7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan 1 (bir) iş günü müddətində bəyannaməçiyə təqdim edilməlidir. Əlavə araşdırma tələb olunduğu halda bəyannaməçiyə bu barədə bildiriş təqdim edilməklə göstərilən müddət 1 (bir) iş günü müddətinə uzadılır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. 13.2. Malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir: ... 13.2.5. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri. ... 13.7. Əlaqəli şəxslər arasında sövdələşmə qiymətinin məqbul hesab edilməsi üçün, bu qiymətin eyni vaxtda və ya təqribən eyni vaxtda həyata keçirilən sövdələşmələr üzrə aşağıdakılardan birinə yaxın olduğu idxalatçı tərəfindən sübut edilməlidir: 13.7.1. eyni və ya eynicinsli malların Azərbaycan Respublikasına ixrac edilməsi üçün əlaqəli olmayan şəxslər arasında satış məqsədi ilə sövdələşmə qiymətinə; 13.7.2. eyni və ya eynicinsli malların bu Qanunun 16-cı maddəsinə uyğun olaraq müəyyən edilən çıxılmış dəyərinə; 13.7.3. eyni və ya eynicinsli malların bu Qanunun 17-ci maddəsinə uyğun olaraq müəyyən edilən toplanmış dəyərinə. 13.8. Bu Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilərkən, aşağıdakılar nəzərə alınmalıdır: 13.8.1. şəxslər arasındakı ticarət əməliyyatlarının səviyyəsindəki fərqlər; 13.8.2. bu Qanunun 13.2-ci maddəsində göstərilənlərdə olan fərqlər; 13.8.3. alıcı və satıcı əlaqəli şəxslər olduğu halda satıcının çəkdiyi xərclərlə onlar əlaqəli şəxslər olmadığı hallarla müqayisədə çəkilən xərclər arasındakı fərqlər. 13.9. Bu Qanunun 13.8.1-ci - 13.8.3-cü maddələrində nəzərdə tutulan məlumatlardan bəyannaməçinin təşəbbüsü ilə və yalnız müqayisə məqsədi üçün istifadə olunur. Maddə 14. Eyni malların sövdələşmə qiyməti 14.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. 14.2. Malların gömrük dəyəri bu maddəyə əsasən müəyyən edilərkən, dəyərləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur. 14.3. Eyni malların bu Qanunun 14.2-ci maddəsində göstərildiyi kimi eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satışı müəyyən edilmədikdə, bu Qanunun 14.4-cü və 14.5-ci maddələri nəzərə alınmaqla aşağıdakı şərtlərdən birinə cavab verən eyni malların satışının sövdələşmə qiymətindən istifadə olunur: 14.3.1. eyni kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı miqdardan fərqli miqdarda satış; 14.3.2. fərqli kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı eyni və ya təqribən eyni miqdarda satış; 14.3.3. fərqli kommersiya səviyyəsində və fərqli miqdarda satış. 14.4. Bu Qanunun 14.3-cü maddəsi tətbiq edilərkən, kommersiya və (və ya) miqdar səviyyəsindəki fərqlər nəzərə alınmaqla, eyni malların sövdələşmə qiymətinə müvafiq düzəlişlər edilir. 14.5. Bu Qanunun 14.4-cü maddəsində göstərilən düzəlişlər, malların dəyərinin aşağı düşməsi və ya yüksəlməsi ilə nəticələnməsindən asılı olmayaraq, müvafiq sübutlarla əsaslandırılmalıdır. 14.6. Bu Qanunun 13.2.5-ci maddəsində göstərilən, idxal olunan və eyni mallar üçün çəkilmiş xərclərdə məsafədən və nəqliyyat vasitəsinin növündən irəli gələn əhəmiyyətli fərqləri nəzərə almaq məqsədi ilə sövdələşmə qiymətində müvafiq düzəlişlər aparılır. 14.7. Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni mallarla əlaqədar bu Qanunun 14.1- 14.6cı maddələrində göstərilən tələblərə cavab verən iki və ya daha çox sövdələşmə dəyəri olduğu hallarda, dəyərləndirilən malların gömrük dəyəri belə sövdələşmə dəyərlərinin ən aşağı olanı əsasında müəyyənləşdirilir. Maddə 15. Eynicinsli malların sövdələşmə qiyməti 15.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü və 14-cü maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir. 15.2. Malların gömrük dəyəri eynicinsli malların sövdələşmə qiyməti üsulundan istifadə olunmaqla müəyyən edilərkən, bu Qanunun 14.2–14.7-ci maddələrinin müddəaları tətbiq edilir. Maddə 16. Çıxılmış dəyər 16.1. Malların gömrük dəyərini bu Qanunun 13–15-ci maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Bəyannaməçinin seçimi əsasında bu Qanunun 16-cı və 17-ci maddələri istənilən ardıcıllıqla tətbiq edilir. 16.2. Dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır: 16.2.1. idxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr; 16.2.2. gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər; 16.2.3. malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği. 16.3. Dəyərləndirilən malların idxalı ilə eyni və ya təqribən eyni vaxtda bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan satış həyata keçirilməmişdirsə, gömrük dəyəri idxal olunan mallarla eyni və ya eynicinsli malların gömrük ərazisinə 90 (doxsan) gündən gec olmamaq şərtilə ən yaxın vaxtda satıldığı satış qiymətinə əsasən müəyyən olunur. 16.4. Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda, eyni və ya eynicinsli malların gömrük ərazisində idxal olunduğu vəziyyətdə satışı olmadıqda, idxalatçının xahişi ilə eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, emal olunmuş vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasında satış qiyməti əsas götürülür. Bu halda, dəyərləndirilən malların gömrük ərazisində sonradan yığılması, qablaşdırılması və növbəti emalı ilə əlaqədar xərclər, həmçinin bu Qanunun 16.2.1-ci - 16.2.3-cü maddələrində nəzərdə tutulan məbləğlər həmin qiymətdən çıxılır. 16.5. Idxalatçı tərəfindən təqdim edilən məlumatlarda uyğunsuzluq aşkar edildikdə, gömrük orqanının rəyinə əsasən mənfəətin və ümumi xərclərin məbləği təqdim olunan məlumatlardan fərqli məlumatlara əsasən müəyyən olunur. Maddə 18. Ehtiyat üsul 18.1. Idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti; 18.2.4. bu Qanunun 17-ci maddəsinə uyğun olaraq eyni və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş xərclərdən fərqli istehsal xərcləri; 18.2.5. gömrük ərazisindən fərqli hər hansı ölkəyə ixrac üçün nəzərdə tutulan malların qiyməti; 18.2.6. minimum gömrük dəyəri; 18.2.7. kortəbii müəyyən edilən və ya saxta dəyərlər. 18.3. Idxalatçı tələb etdiyi halda, o, gömrük orqanları tərəfindən bu Qanunun 18.1ci maddəsinə əsasən müəyyən edilmiş gömrük dəyəri və bu dəyərin müəyyən edilməsi üçün istifadə olunan üsul barədə yazılı, o cümlədən elektron formada məlumatlandırılmalıdır.

16. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

23. Belə ki, baxılan mübahisə, bəyannaməçi ilə gömrük orqanı arasında bəyannaməçinin təqdim etdiyi bəyannamədə əksini tapmış gömrük dəyərinin düzgünlüyü ilə bağlı tərəflərin fikir ayrılığından yaranmışdır.

24. Işin müəyyən olunan hallarından görünür ki, iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən “DE Kozmetik” LTD ilə ##.##.2024-cü il tarixdə istehsal və satış müqaviləsi bağlamışdır (iş vər. 38-39). Müqavilənin şərtlərinə əsasən bu bir distributorluq müqaviləsidir və “DE Kozmetik” LTD istehsal etdiyi “Clavdio 180 ML BODY MIST” məhsulunu, bir ədədinin qiyməti 0,494 sent olmaqla iddiaçıya satacaqdır (müqavilənin 1.1-ci bəndi). Satılan məhsulların təslim yeri istehsalçının fabrikidir və məhsullar alıcının cavabdehliyi altında daşınır (müqavilənin 4.6-cı bəndi). Qeyd olunan mallara dair e-faturada məsulun miqdarı 38424 ədəd, birinin qiyməti 0,494 USD, malların cəmi dəyəri 18.981,46 USD göstərilmişdir (iş vər 17, 73). Iddiaçı həmin müqavilə əsasında aldığı və qeyd olunan e-faktura qaiməsi əsasında ödəniş etdiyi mallara dair gömrük bəyannaməsində malların invoys dəyərini (gömrük dəyərini) 18.981,46 dollar göstərmişdir (iş vər. 10).

25. Gömrük orqanı, bəyannamədə sövdələşmə qiyməti əsasında əks olunan gömrük dəyərinin düzgünlüyünü müəyyən etmək üçün araşdırma aparıb və malmüşayiət sənədlərində uyğunsuzluqlar olduğunu aşkar edib. Cavabdeh bu mövqeyini ümumən onunla izah edib ki, bəyannamədə daşıma şərtinin “CIF” qeyd olduğu təqdirdə daşınma xərcləri əksini tapmayıb. Malların daşınma xərcləri müşayiət sənədlərində ayrıca qeyd edilməmiş, daşınma xərclərinin sövdələşmə qiymətindən çıxıldığı halda, daşınma xərclərinin hesablanması üçün hesab-faktura təqdim edilməmişdir.

26. Işə baxmış məhkəmələr gömrük dəyərinin hesablanması ilə bağlı əvvəllər eyniadlı mallar gömrükdən 40 sent ödəməklə ölkəyə gətirməsinə baxmayaraq, hazırda malların sövdələşmə qiymətində heç bir dəyişiklik olmadan gömrük orqanı tərəfindən 1 ABŞ dollarının tələb edilməsini etimad hüququnun pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını açıqlamamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış məhkəmələr əslində cavabdeh tərəfindən gömrük dəyərinin hər bir mala görə 4 dollar qiymətlə müəyyən edilməsi barədə iddiaçı tərəfindən irəli sürülən dəlil üzrə araşdırmanı sonadək aparmayıb, cavabdeh tərəfindən aparılan araşdırma ilə gömrük dəyərinin nə qədər müəyyən edildiyi müəyyən edilməyib. Eyni zamanda cavabdeh tərəfindən bu barədə konkret bir mövqe bildirilməyib. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə istehsalçı şirkət arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin distributorluq müqaviləsi deyil, adi alqı-satqı müqaviləsi olduğunu mübahisələndirməklə, əslində bəyan olunan gömrük dəyərini yalnız daşıma xərslərinin göstərilməməsi ilə deyil, eyni zamanda qiymələrin də təqdim olunan malumatlara uyğunluğunu mübahisələndirmiş olub. Buna görə də məhkəmə kollegiyası “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər birinin ardıcıl olaraq tətbiq edilməli olduğu, bu zaman hər bir sonrakı üsulun gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilməli olduğu barədə mövqeyi ilə razılaşır.

28. Lakin bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə göstərilən gömrük dəyərində daşınma xərclərinin nəzərə alınmadığı barədə cavabdehin dəlili əsaslıdır və məhkəmələr bu dəlilə ümumiyyətlə qiymət verməmişdir.

29. Iddianın düzgün həlli üçün bu dəlilə qiymət verilməsi zəruri idi. Çünki “Gömrük tarifi haqqında” Qanunun gömrük dəyərinin müəyyən edilməsini tənzimləyən 13-cü maddəsində (13.2 və 13.2.5-ci maddələri) malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə həmçinin idxal olunan malların hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri də daxil edilir.

30. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə gömrük dəyəri 18981,46 dollar göstərilmişdir. Iddiaçının “DE Kozmetik” LTD ilə ##.##.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən “Clavdio 180 ML BODY MIST” məhsulunun bir ədədi üçün 0,494 sent qiymət müəyyən edilməsi, malların istehsalçının fabrikində təhvil verilməsi şərti və işə əlavə olunmuş e-faturada məsulun miqdarı 38424 ədəd, birinin qiyməti 0,494 USD, malların cəmi dəyəri 18.981,46 USD göstərilməsi nəzərə alındıqda birmənalı olaraq belə qənaət hasil olur ki, bəyannamədə göstərilən 18.981,46 dollar gömrük dəyərində daşınmaz xərcləri nəzərə alınmamışdır. Deməli, daşınma xərclərinin gömrük bəyannaməsində əksini tapmaması barədə cavabdehin dəlilləri aşıq-aşkar əsassız deyildi və təhlil olunub qiymətləndirilməli idi. Lakin işə baxmış məhkəmələr bu dəlil üzrə araşdırma aparmamış, bununla da işin hallarının obyektiv araşdırılması tələbi pozulmuşdur.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar