Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4407/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Şirkəti ##.##.1996-cı il tarixdə ********** VÖEN ilə qeydiyyata alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” **** nömrəli ##.##.1998-ci il tarixli sərəncamı ilə İddiaçı şirkətinin ##.##.1998-ci il tarixli *** saylı məktubu nəzərə alınaraq, Nizami rayonu, Xarici dairəvi küçəsi 2403-cü məhəllədə ictimai iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır.
3. ##.##.1999-cu il tarixli **/** nömrəli aktda qeyd edilənlərə əsasən İddiaçı şirkətinə əlavə olaraq 0.77 ha (0.05 + 0.77) torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında ****** nömrəli şəhadətnaməyə əsasən Nizami rayonu, Xarici dairəvi küçəsi 2403-cü məhəllədə yerləşən məişət və iaşə xidməti binası İddiaçı şirkətinin xüsusi mülkiyyəti kimi ##.##.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən müəssisə və obyektin texniki pasportu tərtib edilmiş və ##.##.2000-ci il tarixdə 000896 nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin texniki pasporta edilən xüsusi qeyddə Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** nömrəli sərəncamı ilə İddiaçı şirkətinə tikinti aparmaq üçün 0,05 ha və ##.##.1999-cu il tarixli **/** nömrəli ayrıc aktı ilə əlavə 0,77 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Həmçinin texniki pasportda ərazinin faktiki sahəsi 8247,0 kv.m göstərilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Xidməti xxxx Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı şirkətinin adına ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü - dövlət, torpaq sahəsi üzərində hüququn növü – istifadə kimi qeyd edilmişdir.
7. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən əmlakın yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ## ###### 2026-cı il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
8. Cavabdeh ## ###### 2026-cı il tarixli məktubla bildirmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Bundan başqa hüquqi şəxsin nizamnaməsi təqdim edilməmiş və ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı Şirkəti cavabdeh Cavabdeh publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) ünvanında yerləşən məişət və iaşə xidməti binalarının altında olan 8247,0 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Nizamnaməsi 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınaraq həmin vaxtdan təsərrüfat fəaliyyəti ilə məşğul olmaqdadır. Hal hazırda şirkət MMC kimi fəaliyyət göstərir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Xarici Dairəvi küçəsi, 2403-cü məhəllədə ictimai iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün şirkətə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1999-cu ildə ***** nömrəli inşaat pasportu tərtib edilmişdir. İnşaat pasportunun tərkib hissəsi olan ##.##.1999-cu il tarixli **/** nömrəli akta əsasən ayrılmış 0,05 ha torpaq sahəsinə 0,77 ha torpaq sahəsi əlavə edilmiş və torpaq sahəsinin yeni hüdudları akta əlavə olunan cizgidə göstərilmişdir. Tikinti işləri başa çatdıqdan sonra, Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyini Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin texniki pasportu tərtib edilmiş və ##.##.2000-ci il tarixdə 000896 nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin texniki pasporta edilən xüsusi qeyddə Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə İddiaçı şirkətinə tikinti aparmaq üçün 0,05 ha və ##.##.1999-cu il tarixli **/** nömrəli ayrıc aktı ilə əlavə 0,77 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Həmçinin texniki pasportda ərazinin faktiki sahəsi 8247,0 kv.m göstərilmişdir. Sözügedən texniki pasport əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli ****** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu Xarici dairəvi küçəsi, 2403-cü məhəllədə yerləşən məişət və iaşə xidməti binası İddiaçı şirkətinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin verdiyi çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, ** saylı ünvanda yerləşən və ümumi sahəsi 1257,5 kv.m əmlak kompleksi İddiaçı şirkətinin mülkiyyəti kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev, 33 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) küçəsindəki məişət və iaşə xidməti binalarının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MMC-nin adına qeydiyyata alınması və çıxarışın verilməsi üçün xxxx Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə tərəfimizdən müraciət olunmuşdur. * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 3-1-21-3-30/02-34392/2024 ************ nömrəli cavab məktubunda hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi hüquqi şəxsin nizamnaməsinin təqdim edilməməsi, sözü gedən daşınmaz əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamənin həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmaması kimi nöqsanlar məktubda sadalanmışdır. İmtinanın hüquqi əsasını isə * saylı Bakı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində görmüşdür. Həmin imtina məktubu ilə razı deyil, sözügedən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə hər kəsə verilmiş mülkiyyət hüququnu həyata keçirə bilməməsi hüququnun pozulmasına gətirib çıxarılması kimi qiymətləndirdiyinə görə, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir.
11. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildirirlər ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
12. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli (hakim X1) qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...qeyd olunan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X2 - məruzəçi, X3 və X4) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) ünvanında yerləşən məişət və iaşə xidməti binalarının altında olan 8247,0 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, “hazırkı işdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı, o cümlədən iş materiallarında olan ayrıc aktı, texniki pasport kimi sənədlər iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutlar kimi çıxış edir. Qeyd etmək lazımdır ki, həmin torpaq sahəsinin ayrılmasına dair sənədlərin etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, eləcə də həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən də sübut olunmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannamələrinin və torpaq vergisinə görə ödəniş qəbzlərinin surətindən görünür ki, ümumi sahəsi 8247,0 kv.m olan torpaq sahəsindən istifadə üzrə vergilər hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən keçirilən yerli baxış zamanı da 0.05 ha + 0.77 ha, ümumilikdə 8247,0 kv.m torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsinin faktiki olaraq uzun illərdir iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır. Həmçinin torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və bu barədə hər hansı bir mübahisə yoxdur”.
17. Cavabdeh apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir
19. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildiririk ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
20. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması, yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti əsassızdır, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə uyğun olaraq əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə qərarının 20-53 bəndlərində əks olunmuş mövqeyi ilə tam razıyıq, kassasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirmədən saxlanılmasına dair qərar qəbul etməyinizi xahiş edirik. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. III. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (##.##.1999-cu il tarixdən olmaqla, hazırda qüvvədədir) Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan) Maddə 10.Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir. Keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər. Maddə23.Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Qərardan kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) ünvanında yerləşən məişət və iaşə xidməti binalarının altında olan 8247,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi nail olmaqdan ibarətdir.
34. İddiaçının dəlillərinə və işin hallarına görə Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Xarici Dairəvi küçəsi, 2403-cü məhəllədə ictimai iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün şirkətə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1999-cu ildə ***** nömrəli inşaat pasportu tərtib edilmişdir. ##.##.1999-cu il tarixli **/** nömrəli akta əsasən ayrılmış 0,05 ha torpaq sahəsinə 0,77 ha torpaq sahəsi əlavə edilmiş və torpaq sahəsinin yeni hüdudları akta əlavə olunan cizgidə göstərilmişdir. Tikinti işləri başa çatdıqdan sonra, Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyini Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin texniki pasportu tərtib edilmiş və ##.##.2000-ci il tarixdə 000896 nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin texniki pasporta edilən xüsusi qeyddə Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə İddiaçı şirkətinə tikinti aparmaq üçün 0,05 ha və ##.##.1999-cu il tarixli **/** nömrəli ayrıc aktı ilə əlavə 0,77 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Həmçinin texniki pasportda ərazinin faktiki sahəsi 8247,0 kv.m göstərilmişdir. Sözügedən texniki pasport əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli ****** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu Xarici dairəvi küçəsi, 2403-cü məhəllədə yerləşən məişət və iaşə xidməti binası İddiaçı şirkətinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin verdiyi çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, ** saylı ünvanda yerləşən və ümumi sahəsi 1257,5 kv.m əmlak kompleksi İddiaçı şirkətinin mülkiyyəti kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, hazırkı işdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı, o cümlədən iş materiallarında olan ayrıc aktı, texniki pasport kimi sənədlər iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutlar kimi çıxış edir. Qeyd etmək lazımdır ki, həmin torpaq sahəsinin ayrılmasına dair sənədlərin etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, eləcə də həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən də sübut olunmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannamələrinin və torpaq vergisinə görə ödəniş qəbzlərinin surətindən görünür ki, ümumi sahəsi 8247,0 kv.m olan torpaq sahəsindən istifadə üzrə vergilər hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə, Məhkəmə kollegiyası tərəfindən keçirilən yerli baxış zamanı da 0.05 ha + 0.77 ha, ümumilikdə 8247,0 kv.m torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsinin faktiki olaraq uzun illərdir iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır. Həmçinin torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və bu barədə hər hansı bir mübahisə yoxdur.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericilik normalarına qismən düzgün istinad etsə də, onları düzgün şərh etməmiş və işin hallarına düzgün tətbiq etməmişdir.
37. . Belə ki, işin mübahisəsiz halına görə iddiaçıya Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” **** nömrəli ##.##.1998-ci il tarixli sərəncamı ilə 0,05 ha torpaq sahəsi ayrılmışdır.
38. Qanunvericiliyin həm hazırda qüvvədə olan, həm də iddiaçıya müvafiq torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş normalarının tələblərindən göründüyü kimi, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsası torpağın müvafiq səlahiyyətli orqanın qərarı əsasında, qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsi ilə əlaqələndirilmişdir. Belə ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri səlahiyyətli dövlət orqanının və ya bələdiyyənin torpaq sahəsinin verilməsi barədə qərarı və həmin qərar əsasında bağlanmış müqavilədir.
39. Eyni zamanda, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş 1992-ci il Torpaq Məcəlləsinin tələblərinə əsasən də vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsinin verilməsi müvafiq rayon və şəhər xalq deputatları Sovetlərinin qərarı ilə, yerquruluşu sənədlərinə uyğun olaraq və torpaqayırma qaydasında həyata keçirilmişdir. Bu baxımdan, həmin dövrdə torpaq sahəsi üzərində hüququn yaranması üçün torpağın səlahiyyətli orqanın qərarı ilə ayrılması və bu ayrılmanın müəyyən edilmiş torpaqayırma proseduruna uyğun rəsmiləşdirilməsi mühüm hüquqi şərt olmuşdur.
40. Beləliklə, istər hazırda qüvvədə olan, istərsə də torpaq sahəsinin iddiaçıya ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin sistemli təhlili göstərir ki, torpaq sahəsi üzərində hüququn yaranması üçün yalnız torpaqdan faktiki istifadə edilməsi kifayət etməmiş, torpaq sahəsinin müvafiq səlahiyyətli orqanın qərarı əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsi və həmin hüququn müvafiq hüquqi sənədlərlə rəsmiləşdirilməsi tələb olunmuşdur. Bu səbəbdən, konkret torpaq sahəsi üzrə hüququn qanuni əsasının müəyyən edilməsi zamanı ilk növbədə həmin sahənin verilməsi barədə səlahiyyətli orqanın qərarının, torpaqayırma sənədlərinin və torpaq sahəsinin verilməsini təsdiq edən digər hüquqi sənədlərin mövcudluğu və onların qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmalıdır.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallardan biri həmin Qanunun 15.1.5-ci maddəsində nəzərdə tutulmuş, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması halıdır.
42. İşin hallarında göründüyü kimi İddiaçı şirkətinə əlavə olaraq 0.77 ha torpaq sahəsi ##.##.1999-cu il tarixli **/** nömrəli ayrıc aktı ilə ayrılmış, bu barədə səlahiyyətli orqanın qərarı olmamışdır. Həmçinin həmin ayrıc aktı səlahiyyətli orqanın möhürü ilə təsdiqlənməmiş, imza ilə təsdiqləyən şəxsin adı, familiyası qeyd edilməmiş, sadəcə geoqrup və ayrıc aparan qeyd edilən hissələrdə imzalar var.
43. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin üzərində hüquqların yaranması əsası kimi ayrıc aktı nəzərdə tutulmamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətləri əsasında rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə verilmiş, həmin Məcəllənin 11-ci maddəsinə əsasən isə bu məqsədlər üçün torpağın xüsusi mülkiyyətə verilməsi pulsuz həyata keçirilmişdir.
45. Qeyd edilməlidir ki, sözügedən normaların məzmunundan açıq şəkildə göründüyü kimi, həmin müddəalar torpaq sahələrinin məhz Azərbaycan Respublikasının vətəndaşlarının xüsusi mülkiyyətinə verilməsini tənzimləmiş, hüquqi şəxslərin torpaq sahəsi əldə etməsi və ya onların mülkiyyətinə torpaq sahəsinin verilməsi qaydasını nəzərdə tutmamışdır və bu səbəbdən həmin normaların hüquqi şəxsə torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi tətbiq edilməsi mümkün deyildir.
46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 8247,0 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmamış və iddiaçı iddia tələbində haqlı olmamışdır.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
48. Yuxarıda qeyd edildiyi kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına dair əsasların dairəsini konkret müəyyən edir. Iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” **** nömrəli ##.##.1998-ci il tarixli Sərəncamı, 0.77 ha torpaq sahəsi ayrılması barədə ##.##.1999-cu il tarixli **/** nömrəli ayrıc aktı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Belə ki, sərəncamda iddia edilən torpaq sahəsinin yalnız iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün ayrılması qeyd edilmişdir. İddia edilən torpaq sahəsi üzərində tikilən məişət və iaşə xidməti binasına qanunvericiliyə uyğun olaraq iddiaçıya müvafiq şəhadətnamə verilmiş, daha sonra isə həmin daşınmaz əmlaka dair çıxarış verilmişdir.
49. Bundan başqa cavabdehin sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğunluğuna dair dəlili ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
50. Beləliklə, qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.