Məhkəmə qərarları › İş №2-1(102)-4408/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4408/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4408/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması; kassasiyanın mümkünlüyü; kassasiya şikayəti vermək hüququnun olmaması; IPM-nin 90.2-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Vatanxa (Əliyeva) X1 və üçüncü şəxs1 şirkəti) “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı qərarından üçüncü şəxslər üçüncü şəxs1 şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri Suraxanı Rayonu Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, **** nömrəli sərəncamı ilə İddiaçı Bülbülə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m sahəsi olan torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin ##.##.2007 ci il tarixli, A № ****** nömrəli plan və ölçüsü tərtib edilmişdir.

3. Iddiaçının 2018-ci il # ###### ********** saylı müraciətindən imtina edilməsi barədə məktubda inzibati orqan qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi (4 hissəyə bölünmüş) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğundan ərizənin icrası mümkün olmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, **** saylı Sərəncamı ilə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən, *** nömrəli sahədə yerləşən 1000 kv.m. torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən, *** nömrəli sahədə yerləşən 1000 kv.m. torpaq sahəsi vardır. Həmin torpaq sahəsi fərdi ev tikmək üçün ona Azərbaycan Respublikası Bakı Şəhər Suraxanı Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, **** saylı sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmişdir. Iddiaçı bu torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Torpaq sahəsi 4 hissəyə bölünüb və torpaq sahəsində 3 ədəd birmərtəbəli, 1 ədəd iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. X3 torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair idarəyə müraciəti daxil olmuşdur.

7. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Vatanxa (Əliyeva) X1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı münasibətini məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də **** nömrəli ləğv olunmuş neft-qaz quyusunun 59 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Flökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

9. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il qərardadı ilə üçüncü şəxs1 şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayonu Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, **** nömrəli sərəncamı əsasən ayrılmış, Bülbülə qəsəbəsi, 1-ci Mədən, *** nömrəli sahədə yerləşən 1000 kv.m torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. (Hakim Həmid Ağalarov)

11. Məhkəmə hesab etmişdir ki, əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir.

12. Üçüncü şəxs Dövlət Neft Şirkətinin torpaq sahəsinin “X5 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də **** nömrəli ləğv olunmuş neft-qaz quyusunun 59 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edib ki, üçüncü şəxs1 şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Ləğv olunmuş neft-qaz quyusuna gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli, ** nömrəli qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. Iddiaçının tələbi torpaq sahəsi ilə bağlı olduğundan sözügedən dəlilə istinad edilməsi əsassızdır.

13. Sahənin bölünməsinin hər hansı hüquqmüəyyənedici sənəd əsasında və ya konkret şəxslərin adına həyata keçirilməsinə istinad edilməmişdir. Belə olan halda iddiaçı və ya digər şəxs tərəfindən fiziki olaraq bölünmənin həyata keçirilməsi iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina əsası ola bilməz. Eyni zamanda torpaq üzərində tikililərin olması da torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina əsası ola bilməz. Qanunvericiliyin iddiaçıya məxsus sənədi - icra hakimiyyəti orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur.

14. Işdən görünür ki, Suraxanı Rayonu Icra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Bundan əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mübahisə predmeti torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Məhkəmə cavabdehin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Vatanxa (Əliyeva) X1 idarəyə müraciətinin olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, fiziki şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən fiziki şəxsin müraciəti ilə bağlı inzibati icraat materialları cavabdehdən sorğu ilə tələb edilmiş, lakin iclas tarixinədək məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə bununla bağlı olmasa da, məhkəmə əlavə olaraq qeyd edir ki, qərarın tərtibi müddətində cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, Vatanxa (Əliyeva) X1 müraciətinə əlavə etdiyi sənədlər də iddiaçı İddiaçı adı ilə bağlıdır.

15. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Mirzə Tağızadə (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Nigar Nəbizadə).

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşsə belə, bu, torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə, fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Belə ki, qanunvericiliyin iddiaçıya məxsus sənədi - icra hakimiyyəti orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Işin hallarından göründüyü kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcuddur.

18. Cavabdehin torpaq sahəsinin dörd yerə bölünməsi, sahə üzərində tikililərin olması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edib ki, sahənin bölünməsinin hər hansı hüquqmüəyyənedici sənəd əsasında və ya konkret şəxslər adına həyata keçirilməsinə istinad edilməmişdir. Belə olan halda, iddiaçı və ya digər şəxs tərəfindən fiziki olaraq bölünmənin həyata keçirilməsi iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etmənin əsası ola bilməz. Eyni zamanda, torpaq üzərində tikililərin olması da torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz.

19. Cavabdehin digər bir dəlili isə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Vatanxa (Əliyeva) X1 idarəyə müraciətinin olması ilə bağlıdır. Adıçəkilən şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, Vatanxa (Əliyeva) X1 müraciətinə əlavə etdiyi sənədlər də iddiaçı İddiaçı adı ilə bağlıdır. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdeh tərəfindən isə qeyd edilən əsasların mövcud olmasına dair hər hansı hal məhkəməyə bildirilməmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli, ** nömrəli qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Qeyd olunan qanunvericilik normasından məlum olur ki, neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır.

21. Həmçinin üçüncü şəxs1 şirkəti birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir.

22. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

23. Üçüncü şəxs üçüncü şəxs1 şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

25. Mübahisəli torpaq sahəsi **** nömrəli ləğv olunmuş neft-qaz quyusunun 59 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xələl gətirir.

26. Azərbaycan Respublikası Torpaq Məcələsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz.

27. Azərbaycan Respublikası Torpaq Məcələsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcələnin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcələsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensialı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi haları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3 cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi haları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcələnin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

29. Cavabdeh və Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

30. Torpaq Məcəlləsi: 9.1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 9.3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

32. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Üçüncü şəxs üçüncü şəxs1 şirkətinin kassasiya şikayətinə münasibətdə məhkəmənin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs üçüncü şəxs1 şirkətinin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

36. Belə ki, IPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi kimi hallar nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici IPM-in 90.2-ci maddəsində, qəbul edilmiş məhkəmə aktından inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olduqlarını müəyyən etmişdir.

37. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə iddia təmin edilmiş, həmin qərardan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilmiş, üçüncü şəxs üçüncü şəxs1 şirkəti apellyasiya şikayəti verməmiş, apellyasiya instansiya məhkəməsinin qərarından üçüncü şəxs üçüncü şəxs1 şirkəti kassasiya şikayəti vermişdir.

38. Göründüyü kimi, üçüncü şəxs üçüncü şəxs1 şirkətinin apellyasiya icraatında hər hansı tələbi olmamış və müzakirə edilməmişdir. Başqa sözlə, apellyasiya instansiyasında üçüncü şəxs üçüncü şəxs1 şirkətinə münasibətdə birinci instansiya məhkəməsindən fərqlənən hər hansı hüquqi nəticəyə dair qərar qəbul edilməmiş, nəticədə üçüncü şəxsin təmin olunmayan heç bir tələbi olmamışdır.

39. Bu kontekstdə, IPM-in 90.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin aktlarından, yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququna malik olmamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayətinə münasibətdə məhkəmənin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

43. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

44. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Üçüncü şəxs üçüncü şəxs1 şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar