Məhkəmə qərarları › İş №2-1(102)-4416/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4416/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4416/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi səbəbdən əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2010-cu il tarixli, *** nömrəli qərarından görünür ki, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü il tarixdə aldığı, ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ pəncənin dəlib-keçən güllə yaralanması. Sağ pəncənin IV barmağın proksimal falanqasının əsasının açıq sınığı. Kəskin bronxit, xroniki tonzillit, dekompensasiya olunmuş forma” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. 2.Iddiaçıya ##.##.2012-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə hər dəfə 1 il müddətinə olmaqla, ##.##.2016-cı il tarixədək, həmin tarixdən ##.##.2021-ci il tarixədək 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. 3.Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ##.##.2021-ci il tarixli, *******AADAS nömrəli göndəriş tərtib edilmişdir. 4.Həmin göndərişə əsasən iddiaçının əsas diaqnozu – Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, müharibə dövründə odlu silah (dəlib keçən güllə) keçən güllə yaralanmasından sonra sağ ayağın arxa və alt səthinin dartıcı ağrılı çapıq toxuması”, ağırlaşmaları - M84.0, G83.1, R26.8, L91.0, M51.1, M54.1, M62.5, S92.5, M19.1, R52.2, M24.5, yanaşı xəstəliklər - J45.0, F48.0, M51.4 və M41 kodlu xəstəliklər olmuşdur. 5.Həmin göndəriş TSEK-də ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. 6.Bundan sonra isə iddiaçı barəsində Bakı Xəzər Tibb Mərkəzi tərəfindən ##.##.2022-ci il tarixli, Q********LZB nömrəli göndəriş tərtib edilmişdir. 7.Həmin göndərişə əsasən iddiaçının əsas diaqnozu – S99.7 “Aşıq-baldır oynağının və ayağın çoxsaylı travmaları, müharibə dövründə sağ ayaq pəncəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət”, ağırlaşmaları – M21.1 “Bükücü deformasiya, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası. Sağ aşağı tərəfdə hərəkət və yerişin pozulması (IV barmağın proksimal falanqasından dəlib-keçən güllə yaralanmasından sonra qeyri-düzgün bitişməsi və dartıcı çapığa görə. Sağ ayaq əzələlərinin atrofiyası. Daimi ağrı sindromu”, L90.5 “Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, sağ ayağın və alt səthinin dartıcı hipertrofik ağrılı kelloid çapığı (dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət)”, M54.1 “Radikulopatiya, bel-oma nahiyəsinin radikulopatiyası”, S92.5 “Ayağın digər barmağının sınığı, sağ ayağın IV barmağının əsas falanqasının sınığı (dəlib-keçən güllə yaralanmasından sonra), M19.1 “Digər oynaqların posttravmatik artrozu, sağ daraqarxası və aşıq-baldır oynağının posttravmatik artrozu”, yanaşı xəstəliklər - M42 “Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə vertebrogen beloma radikuliti”, G83.1 “Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın monoparezi”, M51.4 “Şmorle düyünləri (yırtıqları) L5-S1 fəqərəarası diskin 5-6 mml ölçüdə sol lateroforaminal yırtığı (L4-L5 fəqərəarası diskdə geniş əsaslı mərkəzi qabarma – protruziya), M41 “Skolioz, onurğanın yuxarı döş fəqərələri hissəsində II dərəcə skolioz (sağa əyrilik) bucaq 15 dərəcə” qeyd edilmişdir. 8.Həmin göndəriş TSEK-də ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ##.##.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 10.Iddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ##.##.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 11.Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli göndəriş əsasında iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əlilliyi 2011-ci ildə qiymətləndirilmişdir və 10 ildir ki, əlildir. 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli T ***/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli, Q********LZB nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, ##.##.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın IV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kəskin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0 M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. 13.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. 14.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmətibbi ekspertizası təyin edilməsi barədə qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda travma ilə bağlı zədələnmə nəticəsində orqanizmin funksiyalarının pozulması faktı aşkar edilsə də, rəydən müəyyən olunur ki, bu pozulma “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən və şəxsə əlillik təyin edilməsi üçün zəruri olan kliniki funksional xüsusiyyətlərə malik olmamışdır. Belə olan halda, məhkəmə, cavabdehin qəbul etdiyi qərarda qeyd olunan halların ekspert rəyi ilə təsdiq olunmasını, yəni iddiaçıya əlilik təyin edilməsi üçün zəruri olan ağırlaşma və patofunksional dəyişikliklərin aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. 15.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ##### 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, K.Əkbərov və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 18.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

b) kassasiya instansiyası məhkəməsində birinci icraat 19.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** saylı, 06. 11. 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Bədəlov /sədrlik edən və məruzəçi/, N.Rəsulbəyova və Z.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. 20.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə mahiyyəti üzrə baxarkən də işin aşağıda qeyd olunan xüsusatlarını diqqətdən qaçırmış, iş üzrə hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyində qeyd olunanlara istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, ekspert rəyində Q********LZB nömrəli göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmaların iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu, birinci instansiya məhkəməsinin qərardadının 2-ci bəndində ekspertiza qarşısında qoyulmuş iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar olan suallarda göstərilən hallardan hər hansı birinin onda müəyyən edilmədiyi göstərilmişdir. Eləcə də, ekspertiza tədqiqatının gedişində iddiaçı Elmi -Tədqiqat Travmatologiya və Ortopediya Institutunda əyani müayinə olunmuş və ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın IV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kəskin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0, M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışından göründüyü kimi, Q********LZB nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir. Belə olan halda, apellyasiya məhkəməsi ekspert rəyində qeyd edilənləri natamam hesab etdiyi və ya onda şübhə doğurduğu halda iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edə bilərdi. Bundan əlavə işdən görünür ki, iddiaçı 2012-ci ildən 2021-ci ilədək 9 illik müddət ərzində “Sağ pəncənin dəlib-keçən güllə yaralanmasından sonra IV barmağının falanqasının qeyri-düzgün bitişmiş sınığı. Aşıq baldır oynaq kontrakturası və funksiyanın pozulması. Bronx astma i/a forma, o/a dərc., Ağ ciyər emfizeması TÇ2” diaqnozu ilə əlil olmuşdur. Qeyd olunan xəstəliklər hazırda da iddiaçıda davam edir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə təkrar baxılarkən göndərişdə qeyd edilən xəstəliklər iddiaçıda aşkar edildiyi halda, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalı, bunun nəticəsində asılı olaraq iddiaçının etimadın qorunması hüququna malik olub-olmadığına qiymət verilməlidir.

b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat 21.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, E.Əliyev və P.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv olunmuş, iddia qismən təmin olunmuş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən əlilliyin təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır. 22.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Bakı Xəzər Tibb Mərkəzinin ##.##.2025-ci il tarixli göndərişindəki XBT10 kodu, S92.5-ayağın digər barmağının sınığı diaqnozu Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, 06. 11. 2024-cü il tarixli qərarında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ## ###### 2023-cü il tarixli, T ***/**** saylı Rəyi ilə də (Cild 1, i/v 110-114) ) təsdiqini tapdığından iddiaçıya əlillik təyin olunmalıdır. 23.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 24.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə lazımi araşdırma aparmadan və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edərək, ciddi qanun pozuntusuna yol vermiş və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının sözügedən qərarı qanunsuz və əsassız olmuşdur. TƏTBIQ EDILƏN HÜQUQ 25.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. 27.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

28.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 31.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 32.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 33.Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. 34.Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar