Məhkəmə qərarları › İş №2-1(102)-4428/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4428/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4428/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı X1in cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əkin subsidiyasının ödənilməsi üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı X1in cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 100.0 ha torpaq sahəsinə istifadə hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, 2022-2023-cü əkin ili üzrə icarəsində olan həmin torpaq sahəsində apardığı əkinlərə görə əkin subsidiyasının ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh ##.##.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxsin bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2022-2023-cü əkin ilində İddiaçı X1in məlumatlarına əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Kürdəmir rayonu Ərşəli kəndi ərazisində 100 (bir yüz) hektar təlim- təsərrüfat sahəsi vardır və bu hal müvafiq çıxarışla təsdiq edilmişdir. Tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək və müəyyənləşdirilmiş qaydalara uyğun olaraq, təhsilalanların müqavilənin predmeti olan sahədə istehsalat təcrübəsi keçməsi məqsədi ilə X2 Agentliyinin balansında olan 100 hektar təlim-təsərrüfat torpaq sahəsi üzrə fiziki şəxs Kürdəmir rayonu Ərşəli kənd sakini X14 ## ###### 2023-cü il tarixdə həmin torpaqdan Birgə istifadə haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə ##.##.2023-cü il tarixli məktubla müraciət edərək X2 balansında 100 ha torpaq sahəsində birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq Kürdəmir rayon Ərşəli kənd sakini X5 ilə birlikdə taxıl əkilmiş torpaq sahəsinə verilən subsidiyanın köçürülməsindən ötrü xxxx tərəfindən cari hesabın açılması üçün X2 icazə məktubunun verilməsini xahiş etmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ##.##.2023-cü il tarixli məktubunda qeyd olunmuş problemin həllinin müəssisənin ”X1” kimi qeydiyyatından sonra mümkün olması qeyd olunmuşdur. Müraciətə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyin ##.##.2024-cü il tarixli məktubunda X2 subsidiya ala bilməsi üçün X1 kimi qeydiyyatdan keçməli olduğu və Lisey dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğu üçün hal-hazırda bank hesabının yaradılması və subsidiyanın həmin bank hesabina köçürülməsinin mümkünsüz olduğu qeyd edilmişdir. * saylı Ərazi Vergilər İdarəsi tərfindən verilmiş Çıxarışdan görünür ki, X2 ##.##.2024-cii il tarixdə X1muşdur. Kürdəmir rayonu üzrə X12 İnformasiya Sistemində ##.##.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs İddiaçı 2022-2023-cü il əkin mövsümü üzrə 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Həmin çıxarış sənədi ##.##.2024 cü ildə EKTİS də sistem tərəfindən avtomatik olaraq yekun təsdiq edilmişdir. ## ###### 2023 cü il tarixli Birgə istifadə haqqında müqavilənin 4.3-cü bəndinə əsasən 100 (bir yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X8 istifadəsinə verilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ## ### 2023-cü il tarixli 3-22-2/2-R ***-**-***/**** saylı məktubuna əsasən 2022-2023-cü əkin ilində X2 EKTİS-ə daxil etdiyi məlumatlara əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxsin bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Göstərilən səbəbdən müvafiq bankda cari hesab açılmasına icazə verilmədiyi üçün 2022-2023-cü ilin əkin subsidiyasını almaq mümkün olmamışdır. İddiaçı ## ####### 2024-cü il tarixdə X1i olmuş. ## ####### 2024-cü il tarixdə isə liseyin X10 rayon filialında 2022-2023-cü ilin 100 (bir yüz) hektar əkin subsidiyasının köçürülməsi üçün AZ**AIIB******************** saylı bank hesabı açılmışdır. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X5 ## ###### 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022- 2023-cü il əkini üçün subsidiyanı liseydən tələb edir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X2” 2022-2023-cü il əkin mövsümü üzrə 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X14 # ###### 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022-2023cü il əkini üçün ödənilməli olan subsidiyanı liseydən tələb edir. Bu səbəbdən, # ###### 2023cü il tarixli birgə istifadə haqqında müqavilənin 4.3-cü bəndinə əsasən 100 (yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X8 istifadəsinə verilməlidir. İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il # ###### tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq “X12ı” informasiya sistemi üzərindən həyata keçirilir. Qaydanın 2.7-1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri müvəkkil bank “xxxx” ASC tərəfindən həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Belə ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilmiş məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Habelə, hesab məlumatlarının “xxxx” ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçı X1 cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Bununla yanaşı, subsidiyanın digər hesaba ödənilməsi mövcud Qaydada nəzərdə tutulmamışdır. Eyni zamanda, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün “xxxx” ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il ## ###### tarixli *-**-*/*-****/**** nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “04" fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasının 2.2-ci bəndinə əsasən, cari hesablar dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən X1lər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (bundan sonra- fərdi sahibkar), xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması məqsədi ilə açılır. Bu müddəadan da açıq şəkildə görünür ki, cari hesab pubik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı təsərrüfat fəaliyyəti çərçivəsində kommersiya əməliyyatlarını aparması üçün nəzərdə tutulmuşdur. Lakin subsidiya ödənişləri dövlət tərəfindən ayrılan vəsaitlərdir və dövlət ödənişləri “maliyyə-təsərrüfat fəaliyyəti” çərçivəsinə aid edilmir. Buna görə də, subsidiya məbləği cari hesaba köçürülə bilməz və yalnız hüquqi şəxs adına açılmış rəsmi bank hesabına yönəldilməlidir. Əlavə olaraq, Agentlik tərəfindən iddiaçıya 2022-2023-cü əkin ili üzrə həyata keçirdiyi əkinlərə görə cari ildə əkin subsidiyasının ödənilməsi məqsədilə “xxxx” ASC-nin müvafiq filialında hüquqi şəxs adına bank hesabının açılması və fermer kartının əldə olunması tövsiyə edilən ## ###### 2023cü il tarixli, *-**-*/*-****/**** nömrəli rəsmi məktub göndərilmişdir. Lakin hüquqi şəxs adına bank hesabı açılmamış və fermer kartı əldə edilməmişdir. Buna baxmayaraq, iddiaçı eyni əsaslarla yenidən müraciət etmişdir. Bu hal bir daha təsdiq edir ki, subsidiya ödənişinin həyata keçirilməsi üçün tələb olunan qanuni prosedurlar iddiaçı tərəfindən yerinə yetirilməmişdir və subsidiya məbləğinin köçürülməsi hüquqi baxımdan mümkün deyil. Eyni zamanda, iş materiallarından göründüyü kimi, iddiaçı öz ərizəsində də qeyd etmişdir ki, X2 2024-cü ildə X1muş, ondan əvvəl isə büdcə təşkilatı kimi fəaliyyət göstərmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Qaydaya əsasən, subsidiya yalnız fiziki və ya hüquqi şəxs olan fermerlərə ödənilir və Qaydada fermer anlayışı kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs kimi müəyyən edilmişdir. 2022-2023-cü illərdə X2 büdcə təşkilatı olduğu üçün, həmin dövr üzrə ümumiyyətlə subsidiya almaq hüququ olmamışdır.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2025-ci il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2022-2023-cü il üçün 75 ha arpa və 25 ha buğda əkinlərinə görə görə subsidiya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılması, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün “xxxx” ASC- nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il ## ###### tarixli *-**-*/*-****/**** nömrəli məktubu ilə məlumat verilməsi, habelə, müraciətə əlavə edilmiş hesab məlumatlarının “xxxx” ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçı X1 cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov/sədrlik edən və məruzəçi/, C.Quliyev və M.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 2022–2023-cü əkin ili üzrə subsidiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri şərtləri yerinə yetirməmişdir. Belə ki, subsidiya məbləğinin köçürülməsi üçün tələb olunan hüquqi şəxs adına müvafiq bank hesabı və fermer kartı açılmadığından, hesablanmış subsidiya məbləğinin ödənilməsi mümkün olmamış, Qaydanın 3.17-ci bəndinə uyğun olaraq ayrılmış vəsait dövlət büdcəsinə geri qaytarılmışdır. Sonradan təşkilati-hüquqi forma və bank rekvizitləri ilə bağlı dəyişikliklərin edilməsi əvvəlki dövr üzrə subsidiya almaq hüququ yaratmır. Məhkəmələr “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.1, 2.7-1 və 3.17-ci bəndlərinin tələblərinə hüquqi qiymət verməmişlər. İddiaçı mübahisəli dövrdə subsidiya almaq üçün tələb olunan hüquqi statusa və prosedur şərtlərə cavab vermədiyindən, subsidiya ödənilməsindən imtina qanuni olmuşdur.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X12ı” informasiya sisteminin (bundan sonra EKTİS) altsistemi; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

2. Subsidiyaların verilməsinin təşkili 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. 2.7-1. fermerlərə bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025 ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.12 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. 3.17. Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və ya elektron kabinet vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Hazırkı mübahisənin predmeti iddiaçının 2022–2023-cü əkin ili üzrə EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın onun bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İşin mübahisəsiz hallarından görünür ki, həmin subsidiya məbləğinin ödənilməsi hüquqi şəxs adına müvafiq bank hesabının açılmaması və subsidiya ödənişi üçün tələb olunan prosedurların tamamlanmaması səbəbindən mümkün olmamış, təqvim ili üzrə ayrılmış vəsait Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.17-ci bəndinə uyğun olaraq dövlət büdcəsinə qaytarılmışdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən subsidiyanın ödənilməsi üçün tələb olunan şərtləri yalnız “formal tələblər” kimi qiymətləndirmiş, lakin nəzərə almamışdır ki, dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsi hüquqi rejimi xüsusi normativ aktla — yuxarıda qeyd olunan Qayda ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Qaydanın 1.2.6-cı bəndində isə fermer anlayışı kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və subsidiya informasiya sistemində qeydiyyata alınan fiziki və ya hüquqi şəxs kimi müəyyən edilmişdir. Deməli, subsidiya almaq hüququ təkcə əkin sahəsinin bəyan edilməsi faktından deyil, həm də Qayda ilə müəyyən olunmuş subyekt tərkibinə və ödəniş mexanizminə dair şərtlərin yerinə yetirilməsindən asılıdır.

23. İş materiallarından görünür ki, iddiaçı İddiaçı subsidiyanın alınması üçün müraciət etdiyi dövrdə dövlət büdcəsindən maliyyələşən hüquqi şəxs olmuşdur. Subsidiyanın köçürülməsindən ötrü xxxx tərəfindən cari hesabın açılması üçün X2 icazə məktubunun verilməsi üçün Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə ##.##.2023-cü il tarixli məktubla müraciət edilsə də, sonuncu ##.##.2023-cü il tarixli cavab məktubunda büdcə təşkilatlarının maliyyə əməliyyatlarının yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsilə aparılması müəyyən edildiyindən, iddiaçıya əməliyyatların bu kitab vasitəsilə aparılması məsləhət görülımüşdür. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ##.##.2023-cü il tarixli məktubunda qeyd olunmuş problemin həllinin müəssisənin ”X1” kimi qeydiyyatından sonra mümkün olması qeyd olunmuşdur.

24. İddiaçı 2024-cü ildən X1 statusu almış və adına bank hesabı açdırmışdır. Mübahisələndirilən subsidiya isə 2022–2023-cü əkin ilinə aiddir. Buna görə də mübahisəli dövrdə iddiaçının müvafiq bank hesabı olmadığından 2022–2023-cü əkin ili üzrə subsidiyanı ala bilməmişdir.

25. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Agentlik tərəfindən iddiaçıya ## ###### 2023-cü il tarixli məktubla 2022–2023-cü əkin ili üzrə hesablanmış subsidiyanın ödənilməsi üçün “xxxx” ASC-nin müvafiq filialında hüquqi şəxs adına bank hesabının açılmasının və fermer kartının əldə olunmasının zəruriliyi barədə məlumat verilmişdir. Buna baxmayaraq, həmin dövr üzrə subsidiya ödənişinin həyata keçirilməsi üçün tələb olunan prosedurlar iddiaçı tərəfindən tamamlanmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın subsidiya məbləğini köçürməməsi qanunsuz hərəkətsizlik və ya əsassız imtina kimi qiymətləndirilə bilməz.

26. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Qaydanın 3.17-ci bəndinə əsasən, təqvim ili ərzində dövlət büdcəsindən ayrılmış, lakin fermerə ödənilməsi mümkün olmayan subsidiya məbləği həmin ilin sonunda dövlət büdcəsinə geri qaytarılmalıdır. Mübahisəli subsidiya məbləği də məhz həmin qaydada dövlət büdcəsinə qaytarılmışdır. Bu hal baş verdikdən sonra sonrakı illərdə iddiaçının təşkilati-hüquqi formasının dəyişdirilməsi və bank hesabı açması artıq əvvəlki büdcə ili üzrə ödənilməsi mümkün olmamış və geri qaytarılmış vəsaitin yenidən ödənilməsi üçün hüquqi əsas yaratmır. Əks yanaşma büdcə ili, subsidiya ödənişi proseduru və dövlət vəsaitlərinin məqsədli istifadəsi ilə bağlı normativ tələblərin faktiki olaraq əhəmiyyətsiz qalmasına səbəb olar.

27. Apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək bank hesabı və təşkilati-hüquqi forma ilə bağlı tələbləri formal hesab etmişdir. Lakin bu maddə yalnız qanunla məcburi sayılmayan formal tələblərə tətbiq olunur. Hazırkı halda isə məsələ sadə texniki çatışmazlıq deyil, dövlət büdcəsi hesabına subsidiya verilməsi üçün qanunla müəyyən edilmiş məcburi qaydaların yerinə yetirilməsidir. Buna görə də həmin tələblərin formal maneə kimi qiymətləndirilməsi düzgün deyil.

28. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iddiaçının sonradan X1 statusu əldə etməsinə və bank hesabı açmasına üstünlük verməklə, mübahisənin aid olduğu 2022–2023-cü əkin ili üzrə hüquqi vəziyyəti düzgün qiymətləndirməmişdir. İnzibati aktın və ya inzibati hərəkətsizliyin qanuniliyi, bir qayda olaraq, mübahisəli hüquq münasibətinin yarandığı dövrün faktiki və hüquqi vəziyyəti əsasında qiymətləndirilməlidir. Mübahisəli dövrdə subsidiya ödənişi üçün tələb olunan hüquqi status və ödəniş mexanizmi təmin edilmədiyindən, sonradan baş vermiş dəyişikliklər cavabdehin həmin dövrdə ödəniş etməməsini qanunsuz etmir.

29. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı 2022–2023-cü əkin ili üzrə subsidiya almaq üçün Qayda ilə müəyyən edilmiş bütün hüquqi və prosedur şərtləri yerinə yetirməmiş, hesablanmış subsidiya məbləğinin ödənilməsi isə hüquqi və texniki baxımdan mümkün olmamışdır. Cavabdeh Agentlik həmin məbləği Qaydanın 3.17-ci bəndinə uyğun olaraq dövlət büdcəsinə qaytarmışdır. Bu səbəbdən cavabdehin üzərinə əvvəlki büdcə ili üzrə geri qaytarılmış subsidiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması üçün hüquqi əsas yoxdur.

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

32. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərar ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar