Məhkəmə qərarları › İş №2-1(102)-4450/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4450/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4450/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılov Aydın Adil oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov Aydın Adil oğlunun cavabdeh Cavabdeh qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İsmayılov Aydın Adil oğluna məxsus hərbi biletdə onun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur.

2. Cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli müayinə vərəqəsindən görünür ki, İsmayılov Aydın Adil oğlu müayinələr nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

3. Cavabdehin tərtib etdiyi ##.##.2022-ci il tarixli ***** saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən ##.##.1992-ci il təvəllüdlü İsmayılov X3 Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.

4. İddiaçı “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İsmayılov Aydın Adil oğlu cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. ## ####### 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almış, buna baxmayaraq o, döyüşlərdə iştirak etmişdir. Səhəri gün onun başı hərlənməyə, ürəyi bulanmağa başlamış, müvazinətini saxlaya bilməmiş, qusmuşdur. Sonralar vəziyyəti düzəlmiş, lakin bu kimi hadisələr hər gün təxminən 1-2 saat baş vermişdir. Müharibənin ağır vəziyyəti olduğundan o, hospitala gedə bilməmişdir. Müharibə bitdikdən sonra ##.##.2020-ci ildə ehtiyata buraxılmışdır. ##.##.2022-##.##.2022-ci və ##.##.2022-##.##.2022-ci il tarixlərdə Gəncə şəhəri Psixiatriya Xəstəxanasında, ##.##.2022-##.##.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2022-ci il tarixdə MN-nin MHP-da müayinə və müalicə olunmuşdur. Ona “keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F06.6” diaqnozu qoyulmuşdur. O, qeyd edilən xəstəliyi hərbi xidmət vəzifələrini icra edərkən almışdır. Lakin Hərbi Həkim Komissiyasının ***** saylı xəstəlik haqqında şəhadətnaməsində onun xəsarətinin yaranma səbəbi kimi “Hərbi xidmət dövründə yaranmışdır” qeyd edilməmişdir. Ona bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyini bildirmişlər. Beyin silkələnməsindən sonra gözündə də problemlər yaranmışdır. Hərbi Həkim Komissiyasına bununla bağlı etdiyi müraciətinə müsbət cavab ala bilməmişdir.

7. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarının dəyişdirilərək, aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması” tələbinə dəyişdirilmişdir.

8. ##.##.2024-cü il tarixli **** saylı Xəstəlik haqqında şəhadətnaməyə əsasən ##.##.1992ci il təvəllüdlü İsmayılov Aydın Adil oğlu MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “F07.0 - Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə; S51, L90.5, S41.0 - Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları; H52.1 - Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı qəbul edilmişdir.

9. Məhkəmənin sorğusuna Cavabdeh ##.##.2024-cü il tarixli *** nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İsmayılov Aydın Adil oğlu ##.##.2024-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yenidən şəhadətləndirilmiş və ona ##.##.2024-cü il tarixli **** nömrəli şəhadətnamə verilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarı dəyişdirilərək, İsmayılov Aydın Adil oğlunun aldığı travmanın səbəb əlaqəsinin "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd olunması qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçının travma alması barədə xidmət etdiyi hərbi hissənin travma haqqında arayışı olmasa da, onun döyüş əməliyyatları zamanı travma alması barədə şahid ifadələri vardır, bu da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi R R Elşən Abbasov tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə eyni vaxtda N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş İmanov Kamran Telman oğlu və Abbasov Elcan İlham oğlunun şahid ifadələri ilə iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının mərmi partlayışından sonra aldığı kəllə-beyin travmasının nəticəsində yaranması və Kəlbəcər uğrunda Murovdağ istiqamətində döyüşlərdə, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı alması öz təsdiqini tapmışdır. Cavabdeh orqana iddiaçının döyüşlərdə tərkibində iştirak etdiyi hərbi hissə tərəfindən travma arayışı təqdim edilməsə də, onunla bir yerdə döyüşlərdə iştirak etmiş iki şahid tərəfindən verilmiş ifadə mövcuddur və cavabdeh orqan həmin şahid ifadələri əsasında iddiaçının travmasının səbəb əlaqəsini müəyyən edə bilərdi.

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli tarixli qərarı ilə (hakimlər R.Mamedov-məruzəçi, A.İsgəndərova, A.Bayramov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, MN Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında vətəndaş İsmayılov Aydın Adil oğluna N saylı hərbi hissə tərəfindən verilmiş ##.##.2020-ci il tarixli **** nömrəli göndəriş əsasında stasionar müayinə və müalicədə olmasına dair heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sorğuya cavab məktubunda bildirilmişdir ki, iddiaçı İsmayılov Aydın Adil oğlu ##.##.2020-ci il tarixdə “Qastroenteroloqun müayinəsi. P.R.Z “B” virusu analizi” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının qeyd olunan xəstəliyinin səbəbinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilmir. Şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda qəbul edilir. Lakin hazırkı iş üzrə iddiaçıda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri müəyyən edilməmişdir. Həmçinin Əsasnamənin 7.4-cü bəndinin 3-cü abzasına görə şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 44 günlük Vətən müharibəsində Kəlbəcər uğrunda Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərkən ##.##.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaranmış dalğa zərbəsi onu qayalıqlara çırpmış və huşunu itirmişdir. Əsgər yoldaşları ilkin yardım göstərək ayıltmışlar. Ayıldıqdan sonra sağ təpə və çiyin nahiyədə sıyrıqlar olmuş, sonra isə daim baş gicəllənməsi, ürəkbulanma və qusma halları olmuşdur. Lakin hündürlükdə olduqlarından və bir neçə döyüş yoldaşı şəhid olduğundan yüngül xəsarət üçün xəstəxanada yatmağı özünə sığışdırmamış və döyüşlərə davam etmişdir. Həmin vaxt hətta Murovdağdakı həkimə müraciət etmiş və həkim demişdir ki, tibb məntəqəsində yer olmadığı üçün tibb məntəqəsinə yerləşdirə bilmir və baş ağrıları üçün dərman vermişdir və aşağı düşürmək üçün maşın olmamasını bildirmişdir. Təxminən ## ###### 2020-ci il tarixdə N saylı hərbi hissəyə düşürülmüş və oradan Şəmkir korpusuna göndərmişlər, orada baş ağrılarına görə həkimə müraciət etmiş və həkim onu Bakı şəhərinə Papanin hospitalına göndərmişdir və orada müayinə etmədən heç bir xəstəliyin yoxdur deyərək hərbi hissəyə qaytarmışlar. Ehtiyata buraxıldıqdan sonra isə aldığı kontuziya travmasına görə psixi pozuntuları yaranmışdır, belə ki, əvvəllər heç bir vaxt psixi pozuntuları olmamışdır. Xeyli müddət sağalmadığını görüb xəstəxana şəraitində müalicə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışda qoyulmuş diaqnoz “Partlayış travması. Fəlakətdən sonra yaranmış şəxsiyyət dəyişkənliyi, davranış pozuntusu, özünü kəsmələrlə. Uzunmüddətli postravmatik stress pozuntusu. Dissosiativ konversion pozuntu” kimi qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası nədənsə bunları nəzərə almamışdır, məhkəmə kollegiyası hərbi xidmət dövründə travma alması ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışını komissiyaya təqdim etməməsini əsas götürmüşdür. Hesab edir ki, məhkəmə kollegiyası iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası işi araşdırarkən bu normaları tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

17. Kassasiya şikayətində Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.1-7.4-cü bəndlərinə istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etirazında bildirmişdir ki, SHXÇDX-nın Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 2020-ci ildə hərbi xidmətə çağırılmış İsmayılov Aydın Adil oğlu ##.##.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş "Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes" diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər Cədvəli"nin 14 "b" maddəsinin II qrafası ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuş və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi təyin edilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı və SHXÇDX-nın Gəncə şəhəri Kəpəz rayon şöbəsinin ##.##.2024-cü il tarixli ** nömrəli göndərişi ilə A.İsmayılov ##.##.2024-cü ildə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən təkrar şəhadətləndirilmiş və onda təyin olunmuş "F07.0 Ağır kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalar, özünü kəsmələrlə. S51, L905, S41.0 Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları." H52.1 Hər iki gözün miopiyası M1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla" diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##.2008-ci. il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər Cədvəli"nin 14 "a" maddəsinin II qrafası ilə "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız" hesab olunmuş və xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi təyin edilmişdir Bununla da A.İsmayılova dair ##.##.2022-ci il tarixli ***** nömrəli "Xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. MN MHHK yuxarıda qeyd olunan ##.##.2024-cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamədə A.İsmayılovun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini və hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmiş və bununla da üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəssisəsinin travma xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla (Əsasnamənin 7.3-cü maddəsi) təsdiq olunur. Lakin vətəndaş A.İsmayılovun travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizi və travma haqqında arayışı komissiyaya təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə V. Hərbi qulluqçuların şəhadətləndirilməsi 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkimmütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.15-ci bəndinə uyğun olaraq çıxarılır. VII. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. … 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Bənd 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddiaçı kassasiya şikayətində irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, iddiaçıda olan xəstəliklər 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranmışdır.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda hüquqi marağı Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq qərarın qəbul edilməsinə yönəlmişdir.

30. Belə ki, iddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmiş, travmanın ümumi xəstəlik nəticəsində alındığı barədə qərar verilmişdir.

31. Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.

32. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli * nömrəli cavab məktubunda bildirilmişdir ki, səfərbərlik üzrə hərbi xidmətdə olan əsgər İsmayılov Aydın Adil oğlu xidmətini davam etdirmək üçün ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissədən (Göygöl rayonu) N nömrəli hərbi hissəyə göndərilmiş, ##.##.2020-ci il tarixdə dəyişən heyətinin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Səfərbərlik üzrə hərbi xidmətdə olan İsmayılov Aydın Adil oğlu N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısında xidmət etdiyi müddət ərzində travma və ya kontuziya faktı ilə qeydiyyata alınmamışdır.

33. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə də xidmət müddəti ərzində onun travma almasına dair arayış təqdim etməmişdir.

34. Eyni zamanda qeyd edilməlidir ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.4cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır.

35. Hərbi hissə tərəfindən iddiaçının xəsarət alma şəraiti ilə bağlı da hər hansı sənəd mövcud olmamış, cavabdehə təqdim edilməmişdir.

36. “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.4-cü bəndində həmçinin qeyd edilir ki, vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

37. Apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7.4-cü bəndində göstərilən hallar mövcud olmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması üçün “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-7.4-cü bəndlərində nəzərdə tutulan şərtlərin hər hansı biri mövcud olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

39. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İsmayılov Aydın Adil oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar