Məhkəmə qərarları › İş №2-1(102)-4457/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4457/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4457/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: töhmətin ləğv edilməsi; hesablanmalı olan əmək haqqına əlavələrin və verilməli olan mükafatların verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ## ###### 2022-ci il tarixdən isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

2. Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən 2022-ci ilin 4cü rübü və 2023-cü ilin 2-ci rübü üzrə yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış, həmin qiymətləndirmə zamanı ** saylı Ərazi Vergilər Baş İdarəsinin göstəricilərinin aşağı olduğu, bir sıra məktublarda nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıdan ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə izahatlar alınmışdır.

3. Cavabdeh tərəfindən bildirilmişdir ki, yazışmaların keyfiyyətinin qiymətləndirilməsi zamanı aşkar edilmiş nöqsanlar əməkdaşlar tərəfindən hazırlanmış məktubların şöbə rəisi kimi iddiaçının baxışından və vizasından keçməsi ilə bağlı olmuş, iddiaçı həmin məktublardakı nöqsanların aradan qaldırılması üçün tədbir görmədən onları yuxarı rəhbərliyə təqdim etmişdir. Eyni zamanda ** saylı Ərazi Vergilər Baş İdarəsinin yazışmalar üzrə orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi orqanları arasında ən aşağı nəticə göstərdiyi qeyd edilmişdir.

4. Bunun əsasında cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya “töhmət” növündə intizam tənbehi verilmiş və bununla əlaqədar iddiaçıya aylıq vəzifə maaşına əlavələrin və bəzi mükafatların verilməsi dayandırılmışdır.

5. İddiaçı sonradan cavabdehə müraciət edərək verilmiş töhmətin ləğv edilməsini və hesablanmamış əməkhaqqı əlavələrinin ödənilməsini tələb etsə də, cavabdehin ##.##.2024cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin hallarına uyğun əsaslandırılmış və iddiaya əlavədə aşağıdakılar bildirilmişdir: 1) Əmr hazırlanarkən tələbləri pozulmuş hal kimi qeyd edilmiş və öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, cavabdeh tərəfindən hansı səbəbdən qüvvədən düşmüş normativ akta əsaslanmağı haqqında heç bir tutarlı səbəb bildirilə bilməmiş, əksinə müxtəlif fikirlər bildirilərək əsas məsələdən yayınmağa çalışmışdır; 2) Mövcud olmayan qanunvericilik aktına (Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydalarının Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının 3.1.2ci yarımbəndi) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, müxtəlif fikirlər səsləndirilmiş, sonda isə əmr hallanarkən durğu işarəsi olan vergüldən istifadə etmədiyi üçün qeyd olunan halın yarandığı bildirilərək məsələdən yayınmağa çalışmışdır; 3) Əmr hazırlanarkən İddiaçı işini vicdansızcasına yerinə yetirdiyi qeyd edilmişdir, iclas zamanı vəkil Sevda xanım Bəkirova tərəfindən cavabdehə qeyd olunan məsələlərdə vicdansızlığın nə olması barədə sual verilmiş, lakin cavabdeh tərəfindən töhmət verilərkən pozuntu halı kimi qeyd olunmuş vicdansızlıq halı heç bir halda əsaslandırıla bilməmişdir; 4) Əmr hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları və daxili intizam, xidməti informasiya və rəftar qaydalarının pozulduğu qeyd olunmuşdur, lakin iclas zamanı cavabdeh tərəfindən Konstitusiyanın hansı maddəsinin, hansı informasiya, hansı rəftar qaydalarının pozulması barədə heç bir tutarlı səbəb bildirilə bilməmişdir. Göründüyü kimi töhmət verilərkən İstinad olunan 4 halın heç biri barədə əsaslandırılmış fikirlər bildirilməmiş və istinad olunan halların müdafiə edilməsi mümkün olmamışdır; 5) İddia ərizəsində göstərilmiş tənbeh verilməsi üçün müəyyən olunmuş 6 aylıq müddətin buraxılması faktı barədə, hansı səbəbdən İntizam xətasına görə intizam tənbehinin verilməsi müddətinin 2 il olması barədə fikirlərini əsaslandıra bilməmiş, tənbeh tədbirinin görülməsi üçün nəzərdə tutulan 2 illik müddətin intizam xətasına görə deyil, Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş pozuntulara görə tətbiq edilə biləcəyi cavabdehin diqqətinə çatdırılmışdır; 6) 2023-cü ilin 2-cl rübündə göstərilmiş analoji nöqsanların ** saylı ƏVBİ-i ilə eyni zamanda digər 2 ərazidə də müəyyən olunduğunu, lakin digər ərazilərdə analoji nöqsanların ağırlıq dərəcəsi, xətanın xarakteri nəzərə alınaraq heç bir intizam tənbeh tədbiri görülməmiş, yalnız ** saylı ƏVBİ tərəfindən intizam tənbeh tədbiri olan töhmət verilmişdir. (İddiaçı). Bu hal da inzibati icraatda bərabərlik prinsipinin pozulması deməkdir; 7) İntizam tənbeh tədbiri olan töhmət verilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən xanım Kərimovanın əmrin dərkənarında olan rəyi, yəni məktubda qeyd olunun nöqsanlara görə töhmət tədbirinin ağır olduğu və töhmət intizam tənbehi tədbirinin görülməsini bir daha nəzərdən keçirilməsi təklif edilməsinə baxmayaraq hansı səbəblərdən ki, İdarə rəisinin rəyinin nəzərə alınmaması barədə əsaslandıran heç bir tutarlı səbəb göstərilə bilməmişdir, İddiaçı rəisi olduğu şöbənin yoxlamasının ilk dəfə ##.##.2023-cü il tarixdə aparıldğını, qeyd olunan nöqsanlar barədə ##.##.2023-cü il tarixdə izahat verərək nöqsanlarla tanış olduğunu və bundan sonrakı dövr üzrə şöbənin fəaliyyətində qeyd olunan istiqamətlər üzrə düzəlişlərin aparılacağı bildirilməsinə baxmayaraq, yenidən ##.##.2023-cü il tarixdən əvvəl, yəni analoji nöqsanların baş verdiyi ##.##.2023-cü il tarixli sənədin hansı səbəbdən yoxlanması barədə heç bir tutarlı səbəb göstərilə bilməmişdir; 8) Cavabdeh tərəf məhkəmə iclası zamanı iddia ərizəsində töhmətin əsassız verildiyini göstərən faktlar barədə təkzibedici sübutlar təqdim edə bilməməsi ilə bərabər, töhmətin verilməsi üçün 3 əsas səbəb qeyd etmişdir: 1. Vergi ödəyicisinə göndərilmiş bildirişdə linkin səhv olması, 2. Vergi ödəyicisinə göndərilmiş məktubda sosial sığorta barədə güzəştlərin göstərilməməsi, 3. Qiymətləndirmə zamanı nəticənin vergi orqanları işində sonuncu olması. 9) Cavabdehin göstərdiyi hər 3 əsasın əsassız olduğu, hər 3 halın töhmət kimi ağır bir cəzanın verilməsinə səbəb ola bilməyəcəyi, eyni zamanda qeyd olunan nöqsanlara görə 6 ay ərzində əmək haqqının və ona əlavələrin verilməməsinə səbəb ola bilməyəcəyi və Qiymətləndirmə zamanı müəyyən olunan hədəfə çatmadıqdan sonra qiymətləndirmədə sonuncu, 5-ci və ya 6-cı olmağının heç bir əhəmiyyət kəsb etmədiyi, hədəfə çatmayan bütün vergi orqanlarının xidmət strukturunun rəislərindən izahatlar alındığı, lakin fərqli cəza növlərinin tətbiq edildiyi cavabdehin diqqətinə çatdırılmış və vahid pəncərə olmasına baxmayaraq müxtəlif cəzaların hansı səbəblərdən tətbiq edilməsinin səbəbləri soruşulduqda isə Baş İdarə rəisi Vüsal Məmmədovun mövqeyinin töhmət olduğu bildirilmişdir.

8. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının rəhbərlik etdiyi şöbə üzrə 2022-ci ilin 4-cü rübü və 2023-cü ilin 2-ci rübü ərzində yazışmaların keyfiyyət göstəricilərinin aşağı olması və bir sıra məktublarda nöqsanlara yol verilməsi müəyyən edilmiş, bu səbəbdən iddiaçıdan izahat alınmışdır. Əvvəlcə ona yazılı xəbərdarlıq edilsə də, sonradan analoji nöqsanların təkrar baş verməsi, ** saylı ƏVBİ-nin Respublika üzrə ən aşağı nəticə göstərməsi və şöbə rəisi kimi əməkdaşların fəaliyyətinə lazımi nəzarəti həyata keçirməməsi nəzərə alınaraq ##.##.2023-cü il tarixli əmrlə barəsində “töhmət” intizam tənbehi tətbiq olunmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, intizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş müddətlər daxilində tətbiq edilmiş, iddiaçının müddətin ötürülməsi və araşdırmanın aparılmaması ilə bağlı dəlilləri isə əsassızdır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışıdr ki, Ərazi Vergilər Baş İdarələri və İdarələri Vergi ödəyicilərinə xidmət şöbəsinin “Şöbə rəisi”nin “Vəzifə təlimatı”nı ilə Ərazi Vergilər Baş İdarələri və İdarələrinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərini, kvalifikasiya tələblərini, səriştə səviyyələrini, məsuliyyətini, hüquq və səlahiyyətlərini müəyyən edilmişdir. Həmin təlimatın 2.23-cü, 2.23.1-ci, 2.23.2-ci və 2.24-cü bəndlərinə əsasən “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları” ilə müəyyən edilmiş hallarda və qaydada yazışma xidmət kanalı vasitəsi ilə məlumatlandırma işlərinin həyata kecirilməsinə rəhbərlik və nəzarət etmək; daxil olmuş müraciətlərin cavablandırılmasına rəhbərlik və nəzarət etmək; vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə məlumatların göndərilməsinə rəhbərlik və nəzarət etmək; yazışmaların keyfiyyətinin artırılması üçün qarşıya çıxan problemlərin aradan qaldırılması və təkrar baş verməməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərindən biri kimi müəyyən edilmişdir. Cavabdeh tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış və nöqsan aşkar edilmiş məktubların (##.##.2022-ci il 2211020300446900, ##.##.2022-ci il 2211020376578200, ##.##.2022-ci 2211020353986800, ##.##.2022-ci il il 2211020367802200, 2211020362708200, ##.##.2022ci ##.##.2022-ci il il 2211020333190300) hər biri əməkdaşlar tərəfindən hazırlanmış, baxılması və viza verilməsi üçün iddiaçıya verilmiş, lakin sözügedən məktublarda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmədiyi aşkar edilmişdir. Bununla yanaşı iş üzrə mübahisəsiz halda təsdiq olunur ki, Baş İdarə üzrə ümumilikdə qiymətləndirmə aparılan zaman ** saylı ƏVBİ-nin keyfiyyət göstəriciləri aşağı olmuşdur. Bu halın mövcudluğu iş üzrə təqdim edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xidməti məktubda əksini tapmışdır. Cavabdeh tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi ilə bağlı iddiaçının mövqeyinə dair qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İşin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Belə ki, Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məktubunda digər məsələlərlə yanaşı “yazışmaların keyfiyyətinin qiymətləndirilməsi nəticəsində xidməti məktuba əlavə olunan hər bir kənarlaşma ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, * saylı Ərazi Vergilər Baş İdarəsinin, * saylı Ərazi Vergilər İdarəsinin, * saylı Ərazi Vergilər İdarəsinin, ** saylı Ərazi Vergilər İdarəsinin, ** saylı Ərazi Vergilər İdarəsinin, ** saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət strukturunun rəhbərlərinin (orta keyfiyyət göstəricisi 80%-dan aşağı olan), Zəngilan, Ağdam və Kəlbəcər rayon Vergilər Şöbələrində keyfiyyət göstəricisi 80%-dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirilərnin görülməsi” qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı barəsində aparılmış araşdırma yuxarıda qeyd olunan məktubda göstərilən hallarla bağlı olmuş və bu zaman qanunla cavabdehə verilmiş səlahiyyətlərdən kənara çıxması halının mövcudluğu iş üzrə müəyyən olunmamışdır. ##.##.2023-cü il tarixli **************** nömrəli əmrinin cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi iş üzrə müəyyən edilmədiyindən sözügedən akt ləğv edilə bilməz. İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə qeyd edilmişdir ki, tələbin bu hissəsi bilavasitə ##.##.2023-cü il tarixli **************** nömrəli əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Yəni ödənişlərin verilməsini tələb etmək hüququ sözügedən əmr yalnız ləğv edildiyi halda mümkündür. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, Ə.Kərimov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqe ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericilik aktının normasından da göründüyü kimi işçilərin kollektiv mükafatlandırılması, əmək haqqına əlavələrin verilməsi işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə verilir. İddiaçı barəsində işini vaxtında görmədiyinə və işinə məsuliyyətsiz yanaşaraq keyfiyyətsiz nəticələr göstərməsinə görə intizam tənbehi tədbiri görülməsi onun mükafatlandırılmasını istisna edir. İddiaçının qeyd etdiyi kimi, onun barəsində iki tənbeh növü tətbiq edilməmişdir. Onun barəsində töhmət növündə tənbeh növü tətbiq edilmiş, həmin tənbehin də nəticəsi olaraq barəsində intizam tənbeh tədbiri görülmüş işçi kimi tənbehin qüvvədə olduğu dövr üçün aylıq vəzifə maaşına əlavələr hesablanmamışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının hərəkətlərində intizam məsuliyyəti yaradan pozuntunun mövcudluğunu kifayət qədər əsaslandırmamışdır. Şikayətə görə, mükafat və əmək haqqına əlavələrin verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, intizam tənbehinin verilməsi zamanı isə qüvvədən düşmüş normativ aktlara istinad edilmiş və intizam məsuliyyətinə cəlbetmə üçün nəzərdə tutulmuş müddətlərə riayət olunmamışdır.

15. Bununla yanaşı, kassator intizam tənbehinin tətbiqi zamanı bərabərlik prinsipinin pozulduğunu, oxşar hallara yol vermiş digər əməkdaşlara münasibətdə fərqli yanaşma nümayiş etdirildiyini, habelə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin və əmək qanunvericiliyinin müvafiq müddəalarının düzgün tətbiq edilmədiyini bildirmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar … 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; … 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.[26] 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. …

18. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; ... vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;

19. “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” ... 2.5. aylıq vəzifə maaşına əlavə aşağıdakı hallarda hesablanmır: ... 2.5.6. barəsində intizam tənbehi tədbiri görülmüş işçilərə tənbehin qüvvədə olduğu dövr üçün.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar

26. göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. İş materiallarından görünür ki, iddiaçı Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsində çalışmış və tabeliyində olan əməkdaşlar tərəfindən hazırlanmış yazışmaların yoxlanılması, onlara nəzarətin həyata keçirilməsi və xidmət keyfiyyətinin təmin olunması onun vəzifə öhdəliklərinə aid olmuşdur. Aparılmış qiymətləndirmələr nəticəsində həmin yazışmalarda təkrar xarakter daşıyan nöqsanların mövcudluğu, eləcə də ** saylı Ərazi Vergilər Baş İdarəsinin yazışmaların keyfiyyəti üzrə göstəricilərinin respublika üzrə ən aşağı səviyyədə olması müəyyən edilmişdir. Bu hallar iddiaçının rəhbərlik etdiyi struktur bölmədə xidməti fəaliyyətin lazımi səviyyədə təşkil edilmədiyini və vəzifə öhdəliklərinin tələb olunan qaydada yerinə yetirilmədiyini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, intizam məsuliyyətinin tətbiqi məsələsində işəgötürən orqana müəyyən diskresion səlahiyyət verilmişdir və həmin səlahiyyətin həyata keçirilməsi zamanı aşkar qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. İddiaçının qüvvədən düşmüş və ya mövcud olmayan normativ aktlara istinad edilməsi, intizam məsuliyyətinə cəlbetmə müddətlərinin ötürülməsi, habelə bərabərlik prinsipinin pozulması barədə dəlilləri iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, digər əməkdaşlar və ya digər ərazi vergi orqanları barədə hansı tədbirlərin görülməsi iddiaçının yol verdiyi pozuntuların və onun fərdi intizam məsuliyyətinin qiymətləndirilməsinə təsir göstərmir. Buna görə də, iddiaçıya “töhmət” növündə intizam tənbehi verilməsi aşkar surətdə qeyrimütənasib və ya əsassız hesab edilə bilməz.

27. Bununla yanaşı, iddiaçının əmək haqqına əlavələrin, habelə 8 Noyabr – Zəfər Günü münasibətilə verilən və gələcək dövrlər üzrə hesablanmalı olan mükafatların ödənilməsi barədə tələbləri mübahisələndirilən intizam tənbehi haqqında əmrin hüquqi nəticələrindən irəli gələn törəmə xarakterli tələblərdir. Həmin tələblərin təmin olunması üçün ilk növbədə iddiaçının barəsində tətbiq edilmiş intizam tənbehinin qanunsuz hesab edilərək ləğv olunması zəruridir. Hazırkı iş üzrə isə məhkəmə kollegiyası mübahisələndirilən əmrin qanuni və əsaslı olduğu, onun ləğvi üçün əsasların mövcud olmadığı qənaətinə gəldiyindən, həmin əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmiş əmək haqqına əlavələrin və mükafatların ödənilməsi barədə tələblərin də təmin edilməsi mümkün deyildir.

28. Kassasiya şikayətinin təkrarlanan “cavabdeh orqan öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad edilməsi” dəlilinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq hesab edir ki, həmin dəlil əmrin ləğvi üçün əsas deyil.

29. Beləliklə, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı maddi və ya prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

30. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar