Məhkəmə qərarları › İş №2-1(102)-4478/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4478/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4478/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnun qeydə alınması, texniki pasport, texniki pasportda göstərilən evlərin mövcudluğu, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun və 09.1978-ci il tarixli evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının notarial qaydasında təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1957-ci ildə inşa edilmiş fərdi yaşayış evi 114,3 kv. metrdən ibarət olmaqla, evin yerləşdiyi cəmi meydançanın sahəsi 1725,6 kv. m. təşkil edir.

2. * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2023-cü il tarixli, **** nömrəli DƏDRX * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, ##.##.1987-ci ildə ölmüş mərhum X1 vərəsəsi olan iddiaçı İddiaçı ərizəsi əsasında * saylı Bakı “ASAN xidmət” mərkəzində notarius ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır.

3. İddiaçı Suraxanı rayonu, Məktəb küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair hüququn qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ##.##.2023-cü il tarixli məktubunda təqdim edilən texniki pasportun idarənin arxiv qovluğunda aşkar edilmədiyini, həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini bildirib hüququn reyestrdə qeydiyyatından imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və altındakı 1725,6 kv. metr torpaq sahəsinin atası X1 məxsusluğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun altındakı 1471 kv. metr torpaq sahəsinin mərhum X1 məxsusluğu haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 o doğulmamışdan əvvəl Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 47-də yerləşən 1725.6 kv.m torpaq sahəsini almış və fərdi yaşayış evi tikmişdir. O, ##.##.1965-ci ildə həmin ünvanda doğulmuş, daha sonra sözügedən ünvanda evlənmiş və bu günədək ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hal-hazırda həmin fərdi yaşayış evi və torpaq sahəsi onların istifadəsindədir. O, ##.##.2023-cü il tarixində sözügedən fərdi yaşayış evinin və torpaq sahəsinin atasında məxsus olması barədə arayış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2024-cü il tarixli, **- */*-****/**** saylı iddia tələbinə dair münasibətindən görünür ki, həmin koordinatlarda olan fərdi yaşayış evi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.

8. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2- ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır.

10. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular arasında 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur.

11. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

13. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. İddia edilən torpaq sahəsinin Kontrakt sahəsinin daxilində olduğunu təsdiq edən xəritədən çıxarışları məhkəməyə təqdim edilmiş və yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunması xahiş edilmişdir.

14. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə sözügedən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatları məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi faktiki olaraq 1471.0 kv. metrdir. Qeyd hissəsində göstərilmişdir ki, torpaq sahəsinin koordinatları əlavə edilmiş və ərazidə 2 ədəd fərdi yaşayış evi mövcuddur.

15. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) ## #### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun altındakı 1471 kv. metr torpaq sahəsinin mərhum X1 məxsusluğu haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

16. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Günel Abbasova–məruzəçi, Aytən Oruczadə, Emin Əliyev) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin # #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən 1978-ci ildə adına “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilmiş mərhum X1 vərəsəsi qismində İddiaçı tanınmışdır.

19. Cavabdeh inzibati orqanın imtinasında (müvafiq olaraq etirazında) iddiaçının müraciətinin təmin etməməsinin əsas səbəbi kimi sözügedən pasportun idarənin arxivində aşkar olunmaması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasını (etirazını) qanunsuz və əsassız hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən 1978-ci ildə X1 adına verilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun cavabdehin arxivində aşkar edilməməsi iddiaçının mülkiyyət hüququnun pozuntusuna səbəb ola bilməz. Belə ki, həmin pasport iddiaçı tərəfindən tərtib edilməmiş və sözügedən pasportun cavabdehin arxivinə təhvil verilməsi iddiaçının səlahiyyətində olan bir məsələ deyil. Nəticə olaraq bu hal hazırda iddiaçının ziyanına şərh edilə və onun mülkiyyət hüquqlarının təmin edilməsinin həyata keçirilməsində səbəb ola bilməz. İmtinada göstərilən digər bir məsələ isə mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsidir. Lakin nə müayinə (baxış) aktında, nə də cavabdehin və üçüncü şəxsin (DNŞ) etirazında sözügedən torpaq sahəsinin magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi barəsində məlumat verilməmişdir. Bununla da belə bir nəticəyə gəlmək olar ki, mübahisəli torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində və onların yaxınlığında yerləşmir.

20. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

A) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətini dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynidir.

22. Şikayətdə həmçinin qeyd edilmişdir ki, SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCARın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.

23. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.

27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); ...

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında göstərilmişdir.

38. Həmçinin Siyahının 1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biridir.

39. Hal-hazırda iddiaçının atasına məxsus olan fərdi yaşayış evinə və torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 1979-cu ildə tərtib olunmuş texniki pasport mövcuddur. Texniki pasportda onun cavabdeh orqanda təsdiq edildiyi qeyd edilmişdir. Təqdim edilən texniki pasportda həyətyanı torpaq sahəsinin və evlərin ölçüsü göstərilmişdir.

40. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə üçüncü şəxsin mübahisə açdığı torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Sazişlə ona ayrılmışdır. İddiaçının atasına məxsus texniki inventarlaşdırma orqanı tərəfindən tərtib olunmuş texniki pasport isə 1979-cu ildə tərtib edilmişdir. Üçüncü şəxs iddiaçının atasının adına texniki pasport tərtib edilən dövrdə torpaq sahəsinin ona məxsusluğu barədə məhkəmələrə sübut təqdim etməmişdir.

42. Üçüncü şəxs həm iddiaya etirazında, həm də apellyasiya və kassasiya şikayətlərində neft və qaz xəttinin mühafizə zolağı ilə bağlı qanunvericiliyə istinad etmiş, lakin iddia tələbində göstərilən torpaq sahəsi və yaşayış evinin mühafizə zolağında yerləşməsi ilə bağlı hər hansı konkret dəlilə istinad etməmişdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanında yerləşən texniki inventarlaşdırma orqanı tərəfindən 1979-cu ildə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atasına məxsus olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, həmin hissədə şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdlr.

44. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Fərmanla təsdiq edilmiş Siyahıya görə yalnız texniki inventarlaşdırma orqanı tərəfindən 1979-cu ildə tərtib olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evinə münasibətdə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər.

45. Cavabdeh orqanın mütəxəssis rəyinə görə həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evi də tikilmişdir.

46. Qeyd olunmalıdır ki, texniki inventarlaşdırma orqanı tərəfindən 1979-cu ildə tərtib olunmuş texniki pasportda göstərilmiş, lakin hazırda mövcud olmayan fərdi yaşayış evinə münasibətdə hüquq qeydə alına bilməz, texniki pasportda göstərilməyən, lakin hazırda mövcud olan fərdi yaşayış evinə münasibətdə isə hüquq adı çəkilən Fərman əsasında deyil, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1-ci, 8.0.10.1-ci və 8.0.10.2-ci maddələrinə uyğun qeydə alına bilər.

47. Apellyasiya instansiya məhkəməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə hüququn qeydə alınması üçün yuxarıda göstərilən qaydada ətraflı araşdırma aparılmadığından və qeydə alınan mənzilin sahəsi göstərilmədiyindən şikayət həmin hissədə təmin edilməli, həmin hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət iddianın rədd olunmalı hissədində təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X1 məxsusluğu haqqında arayışın (elektron çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar ünvan 1 ünvanında yerləşən 1471 kv. metr torpaq sahəsinin mərhum X1 məxsusluğu haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar