Məhkəmə qərarları › İş №2-1(102)-4485/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4485/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4485/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“müharibə veteranı” adının və vəsiqəsinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Seriya EZ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı (bundan sonra iddiaçı) ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin ##.##.2019-cu il tarixli ** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...2019/2020-ci tədris ilində Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının IV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ** nömrəli ## #### 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında promlemi olmayan tələbələr (sıra 17. İddiaçı) Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantları hesab edilsinlər və bütün növ təminatlara qoyularaq ##.##.2019-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilsinlər. Təlim toplanışı ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək Hərbi Tibb fakültəsində keçirilsin və Hərbi andın qəbulu ilə başa çatdırılsın.”

3. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...Baş Qərargah rəisinin müavini - Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin ##.##.2020-ci il tarixli **/**** nömrəli telefonoqrammasına əsasən aşağıda adları qeyd edilən hərbi qulluqçular müvafiq hərbi hissələrə ##.##.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilsinlər. 87. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının VI kursantı, N nömrəli hərbi hissəyə.”

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, kursant İddiaçı DH və HTBİ rəisinin **/**** nömrəli telefonoqrammasına əsasən N saylı Hərbi hissəyə 60 gün müddətinə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezam olunmuşdur. Ezamiyyət vəsiqəsində ##.##.2020- ci ildə getməsi, ##.##.2020-ci ildə N saylı Hərbi hissəyə gəlməsi, ##.##.2020-ci ildə getməsi və həmin tarixdə gəlməsi ilə bağlı qeydlər var.”

5. N saylı Hərbi hissə komandirinin “Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı haqqında” ##.##.2020ci il tarixli *** nömrəli əmrində qeyd edilmişdir ki, “...Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı məqsədi ilə əmr edirəm : N. Hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini: Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin bölmələri ## ######## 2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməklə döyüş tapşırıqlarını icra etsin. 1.N Hərbi hissənin əsas və arxa komanda məntəqəsi aktiv fəaliyyətlərin başlaması ilə verilmiş tapşırıqların qısa zamanda və daimi dəyişən vəziyyət şərtlərində icra edilməsi məqsədi ilə aşağıdakı tərkibdə şəxsi heyət ayrılsın. Əsas komanda məntəqəsi üzrə rəhbər: hərbi hissənin qərargahı tam tərkibdə; 1,2,3,4,5-ci taborlar, ADN və əlahiddə bölmələr: bölmələr tam tərkibdə; kursant İddiaçı - tibb məntəqəsi həkim köməkçisi.”

6. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...Hərbi Tibb fakültəsinin aşağıda adları qeyd edilən Hərbi həkim ixtisası hazırlığı kursunun VI kurs və feldşer hazırlığı kursunun II kurs kursantları müvafiq hərbi hissələrdən ## ###### 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilsinlər. 17. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının VI kursantı, N nömrəli hərbi hissədən.”

7. Azərbaycan Tibbi Universiteti Hərbi Tibb fakültəsi rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “...2021-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini Hərbi həkim ixtisası hazırlığı kurslarını bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2021-ci il tarixli **** nömrəli əmri ilə ilkin “R” hərbi rütbəsi verilməklə aşağıda adları çəkilən kursantlar ## #### 2021-ci il tarixdən Hərbi Tibb fakültəsinin bütün növ təminatlardan çıxarılsınlar və xidmətlərini davam etdirmək üçün Azərbaycan Respublikası Ədliyyə nazirinin sərəncamına göndərilsinlər 13. Kursant İddiaçı.”

8. N saylı Hərbi hissə tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **** saylı arayışda qeyd olunmuşdur ki, “...kursant İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir.”

9. N saylı Hərbi hissə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** saylı arayışda qeyd olunmuşdur ki, “...kursant İddiaçı ondan ötürü ki, o həqiqətən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir.

10. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində iştirak etmişdir.”

11. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli **** nömrəli məktubda qeyd olunmuşdur ki, “...N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli **** nömrəli arayışına əsasən Tərtər rayonu Talış kəndi və Suqovuşan istiqamətlərində fəaliyyətiniz təsdiqlənmədiyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə “Vətən Müharibəsi” dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.”

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında olmaq üçün təhsilini davam etdirmiş və nəticədə 2021-ci ildə hərbi həkim ixtisası üzrə bitirmişdir. Tibb xidməti R rütbəsi almışdır. ## ######## 2020-ci il tarixdə, yəni “Vətən Müharibəsi” başlayan zaman N nömrəli hərbi hissəyə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə kimi Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borunu yerinə yetirərək döyüş əməliyyatlarında yaralılara ilkin tibbi yardım, ilkin hərbi yardım göstərilməsində fəal iştirak etmişdir. Bundan başqa, ezam olunduğu həmin ərazilərdə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Murovdağ yüksəklikləri, Goranboy və Tərtər rayonlarında isə fəaliyyəti zamanı xəstəxananın hər tərəfi mütəmadi olaraq ağır artireliyalardan atəşə tutulurdu. Bu atəşlər zamanı xəstəxananın təcili tibbi yardım avtomobili atəşə məruz qalmış və möcüzə şəklində tibbi personal heyəti yaralanaraq sağ qalmışdır. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ötrü cavabdehə müraciət etmiş, lakin əsasız olaraq imtina edilmişdir.

14. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 2025-ci il ## #### tarixli *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, N saylı Hərbi hissə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli arayış təqdim edərək göstərmişdir ki, kursant İddiaçı həqiqətən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində fəal iştirak etmişdir. İddiaçı İddiaçı şəxsi iş materialları məhkəməyə təqdim edilmiş və iş materiallarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin ##.##.2020-ci il tarixli, **** nömrəli ezamiyyət vəsiqəsi, Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri, Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri təqdim edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İşin müəyyən edilmiş hallarndan görünür ki, iddiaçı döyüş əməliyyatlarında iştriak edən hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür.

17. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin ##.##.2020-ci il tarixli, **** nömrəli ezamiyyət vəsiqəsi ilə ##.##.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir və Hərbi həkim ixtisası hazırlığı kurslarının VI kursantı Hərbi həkim ixtisası hazırlığı kursunun VI kurs və Feldşer hazırlığı kursunun II kurs kursantları müvafiq hərbi hissələrdən ## ###### 2020-ci il tarixdə ezamiyyətdən gəlmişdir.

18. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

19. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və F.C.Hüseynov) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə ezam olunmuş və döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqlarını yerinə yetirmişdir. Nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

22. Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

23. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və ondördüncü abzaslarının dispozisiya şərtlərinə əsasən tələbində haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir.

24. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir.

33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Kollegiya iddianın əsaslı olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etsə də, aşağıdakı əsaslara görə qərarın dəyişdirilməsinin zəruri olduğu qənaətindədir.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.

40. Bununla yanaşı, Əsasnamənin qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

41. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir.

42. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

43. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

44. Hazırki işin hallarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmuş, apellyasiya instansiya məhkəməsi tərəfindən də qərar dəyişdirilmədən saxlanılmışdır.

45. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, 2-1(106)- 430/2025 qərarı “İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması” hissəsində dəyişdirilməli, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, 2-1(106)-430/2025 qərarı “İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar