Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4496/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Xnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Xnə qarşı "##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Fiziki şəxs İddiaçı (FIN: *******) (VÖEN: **********) ##.##.2012-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Iddiaçı, “xxxx” MTK-da olan payının idarə olunması üçün ##.##.2020-ci il tarixdə anası – X2, sonuncu isə X1 etibarnamə vermiş, Elvin Ağalarov iddiaçının “xxxx” MTK-da olan payını digər şəxsə ##.##.2020-ci il tarixli müqavilə ilə 100 manata satmışdır.
2. Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli */*** nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) ##.##.2020-ci il tarixdə nominal dəyəri 100,0 manat olan təsisçi (iştirak) payını faktiki olaraq 100000,0 manata təqdim etdiyi müəyyən edilmiş, həmin fakta və Vergi Məcəlləsinin 96.5-ci maddəsinə və 37.4-cü maddəsinə əsasən 2020-ci il üzrə 19980,0 manat ((100000,0 - 100,0) x 20%) gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir.
3. Vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixdə **************** saylı qərar qəbul edilərək iddiaçıya 2020-ci il üzrə 19.980,0 manat ((100000,0 -100,0) x 20%) gəlir vergisi hesablanmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhərində yerləşən “xxxx” MTK-da 10 faiz payı olmuşdur. Həmin pay təxminən 3 il iddiaçıya məxsus olmuşdur. Daha sonra o işləri ilə əlaqədar ölkə xaricinə getmək məcburiyyətində qaldığından, həmin payın idarə olunması, həmçinin digər məsələlər üçün mərhum anasıX2h qızına etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra şəriki olan Hüseyn adlı şəxs zəng edərək “xxxx” MTK-nın sənədləşmə işlərində problemlər olduğunu, həmin problemlərin aradan qaldırılması üçün qohumu olan Elvin adlı şəxsə etibarnamə verilməsi zərurəti olduğunu bildirmişdir. O da, Hüseyn şəriki olduğundan, həmçinin uzun müddətdir ki, həmin şəxsi tanıdığından onun təklifi ilə razılaşıb, mərhum anasına Elvin adlı şəxsə etibarnamə verməsini bildirdi. Daha sonra gedən proseslərinin heç birindən məlumatı və xəbəri olmamışdır. Sonra Azərbaycana gələndən sonra Elvinin onun adına olan payı başqa şəxsə satmasını bilmişdir. Bundan dərhal sonra iddiaçı notariusa gedərək anası tərəfindən verilmiş etibranaməni ləğv etdirmişdir. Daha sonra 2023-cü ilin noyabr ayının 11-də Istanbul şəhərində polis tərəfindən saxlanılmış və Azərbaycan Respublikasına gətirilmişdir. 2024-cü ilin iyul ayının 24 də Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılmış və Bakı Apellyasiya Məhkəməsində barəsində aparılmış cinayət işinə xitam verilmişdir. Həmin müddətdə barəsində vergilər orqanında aparılan icraatdan məlumatı olmamış və iddiaçının iştirakı və izahatı olmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Daha sonra iki gün öncə Türkiyə Respublikasına gedərkən dövlət sərhəd xidmətində iddiaçıya ölkədən çıxmağına vergi oranı tərəfindən məhdudiyyət qoyulduğu bildirilmişdir. Iddiaçı dərhal bununla bağlı ** saylı Xnə gedərək, onun barəsində məlumatı olmadan nə qərar qəbul edildiyini və iddiaçıya nəyə görə ölkədən çxmağına məhdudiyyət qoylduğunu öyrənmişdir. Onlar iddiaçı barəsində qərar qəbul edildiyini bildirmiş və iddiaçı rəsmi şəkildə ərizə verərək barəsində qəbul edilmiş qərarın surətini almışdır. Qərarla tanış olanda ona məlum olmuşdur ki, ** saylı X tərəfindən ##.##.2023-cü il tarixdə **************** nömrəli qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərarı tam qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023- cü il tarixli */*** nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN:**********) ##.##.2020-ci il tarixdə nominal dəyəri 100,0 manat olan təsisçi (iştirak) payını faktiki olaraq 100000,0 manata təqdim etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən 2020-ci il üzrə 19980,0 manat ((100000,0 -100,0) x 20%) gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Odur ki, iddiaçının bildirdiyi fikirlər məsuliyyətdən yayıma xarakteri daşıdığı təqdim olunan sənədlərlə sübuta yetirilir
7. Şəki Inzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin İddiaçı barəsində qəbul etdiyi ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul edilməsini Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023- cü il tarixli */*** nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən qəbul etdiyini bildirmişdir. Cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki,mübahisələndirilən qərardan görünür ki, bəyənnamə və hesabat dövrü 2020-ci ili əhatə edir. Vergi ödəyicisi 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “Inzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən 3 il ərzində vergiləri ödəmək hüququ olduğunu bildirsə də, bununla bağlı qeyd edilməlidir ki, kameral vergi yoxlaması metodu ilə 3 il ərzində o halda vergi hesablana bilər ki, iddiaçı bəyannamə təqdim etsin və həmin bəyannamədən 30 iş günü müddəti keçməmiş olsun. Hazırkı halda, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir (qeyd edildiyi kimi kameral yoxlamanın aparılması bəyannaməyə əsaslandığından). Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən kameral vergi yoxlaması qaydasında vergilərin hesablanmasının qanunsuz hesab edilməsi vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh səyyar vergi yoxlaması keçirməklə 2020-ci ilin gəlir vergisi ilə bağlı hesablama apara bilərdi, lakin bu hüququndan istifadə etməmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
9. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
10. Şəki Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər V.Ə.Musayev /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Şəki Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə Kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.
12. Iş materiallarından görünür ki, vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixdə **************** saylı qərar qəbul edilərək VM-nin 96.5 və 37.4-ci maddələrinə əsasən iddiaçıya 19980 manat gəlir vergisi hesablanmışdır. Cavabdeh orqanın mövqeyinə görə iştirak paylarının və ya səhmlərin təqdim edilməsi Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd edilən qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olmadığından, əldə edilmiş gəlir sahibkarlıq fəaliyyətindən gəlir kimi qiymətləndirilmişdir. Iddiaçının "xxxx" MTK-da təsisçi payı — 10%, "xxxx" MTK-nın nizamnamə kapitalı — 1000 manat, iddiaçının nominal təsisçi payı: 1000 x 10% = 100 manat olmuşdur. Iddiaçıya hesablanmış gəlir vergisinə münasibətdə hesabat dövrü təqvim ilidir. (2020-ci il.) Hesabat dövrünün sonu ##.##.2020-ci il olduğundan vergi orqanı 3 illik müddətin sonuna - ##.##.2023-cü il tarixədək müvafiq qərar qəbul edə bilərdi. Mübahisələndirilən qərar ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Vergi orqanının qənaətinə görə iddiaçı, “xxxx” MTK-dakı 10 faiz iştirak payını faktiki olaraq 100.000 manat məbləğində satdığından, onun bu əməliyyat nəticəsində 19.980 manat məbləğində gəlir vergisi öhdəliyi yaranmışdır. Bununla belə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, vergi orqanı gəlir məbləğini hesablayarkən Vergi Məcəlləsinin 96.5-ci maddəsində nəzərdə tutulan zəruri şərtlərə əməl etməmişdir.
13. VM-nin 96.5-ci maddəsi vergitutma obyektinin münasibətdə iki hesablama metodu müəyyən etmişdir:- Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə, faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (Satış qiyməti xalis aktivlərin mütənasib dəyərindən çoxdursa: vergiyə cəlb edilən gəlir = satış qiyməti − nominal dəyər).- Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə, alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (Satış qiyməti xalis aktivlərin mütənasib dəyərindən azdırsa: vergiyə cəlb edilən gəlir = xalis aktivlərin mütənasib dəyəri − nominal dəyər).
14. Odur ki, iddiaçıya gəlir vergisi yalnzı satış qiyməti ilə xalis aktivlərin mütənasib dəyəri arasında müqayisə aparılmaqla hesablana bilərdi. Yəni, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının təqdim edilməsindən əldə edilən gəlirin müəyyən edilməsi üçün əvvəlcə həmin payın xalis aktivlərə mütənasib dəyəri müəyyən edilməli idi. Vergiyə cəlb edilən gəlir yalnız satış qiyməti ilə bu dəyər arasındakı fərqdən ibarət olacaqdı. Xalis aktivlərin dəyəri isə müəssisənin mühasibat balansı, aktiv və öhdəlik göstəriciləri əsasında müəyyən olunur və nominal payın dəyəri ilə eyniləşdirilə bilməz.
15. Iş materiallarından görünür ki, vergi orqanında “xxxx” MTK-nın 2020-ci il üzrə balans hesabatı və ya aktiv-öhdəliklərə dair hər hansı mühasibat sənədi mövcud deyil. Cavabdeh orqan bildirmişdir ki, müəssisə həmin il üzrə bəyannaməni “boş” təqdim etmişdir. Belə vəziyyətdə, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, vergi orqanı 67 ci maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablama aparmalı idi. VM-nin 67-ci maddəsi vergi ödəyicisinin sənədləri təqdim etmədiyi və ya vergitutma obyektinin müəyyən edilməsinin mümkün olmadığı hallarda, verginin əlaqəli məlumatlar– yəni əvvəlki bəyannamələr, gəlir və xərclər, bank hesabları, əmlak məlumatları və digər rəsmi mənbələr– əsasında hesablanmasını nəzərdə tutur. Hazırkı iş üzrə vergi orqanı 96.5-ci maddənin tələb etdiyi qaydada araşdırma aparmamış, iştirak payının xalis aktivlərə mütənasib dəyərini müəyyən etməmiş, lakin bu dəyər müəyyən edilmədən sanki satış qiymətinin xalis aktivlərin mütənasib dəyərindən yüksək olması ehtimalından çıxış edərək hesablama aparmışdır. Bu hesablamanın hansı ilkin məlumatlara əsaslandığı, xalis aktivlərin dəyərinin hansı metodla müəyyən edilməsi və ümumiyyətlə bu dəyərin müəyyən edilib-edilməməsi tamamilə qeyri-müəyyəndir. Vergi orqanının istinad etdiyi gəlir vergisinin hesablanmasına dair ekspert rəyi də natamamdır. Belə ki, rəyin tədqiqat hissəsində iştirak payının xalis aktivlərə mütənasib dəyərinin hansı metodla müəyyən edilməsi göstərilməmiş, hesablamanın əsası kimi yalnız satış qiymətinin 100.000 manat olmasına istinad edilmişdir. Ekspert rəyi də, satış qiymətinin xalis aktivlərin mütənasib dəyərindən yüksək olması ehtimalına əsaslanmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, gəlirin faktiki əldə olunması ilə həmin gəlirin vergi tutulan obyekt kimi tanınması eyni anlayış deyil. Istintaq orqanı tərəfindən müəyyən edilmiş gəlirin vergitutma obyektinə çevrilməsi üçün üçün vergi orqanı VM-nin 96.5-ci maddəsinin tələbinə uyğun yuxarıda qeyd edilən qaydada araşdırma aparmalı idi. Göründüyü kimi vergi orqanı apellyasiya şikayətində Vergi Məcəlləsinin 67-ci maddəyə əsasən əlaqəli məlumatlar üzrə kameral qaydada vergi hesablaması hüququnun olmasını və gəlir vergisi bəyannaməsi təqdim edilmədiyinə görə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmasını bildirsə də, faktiki olaraq gəlir vergisi hesablanarkən istinad olunan normaya uyğun ümumiyyətlə araşdırma aparmamışdır.
17. Beləliklə, vergi orqanı iddiaçı tərəfindən bəyannamənin təqdim edilməməsi halında VM-nin 37.4 və 67-ci maddələrdə nəzərdə tutulan hesablama qaydasına əməl etmədən, həmçinin 96.5-ci maddənin tətbiqi üçün zəruri olan xalis aktiv dəyərini müəyyən etmədən gəlir vergisi hesabladığından, iddiaçı, həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur (Mübahisələndirilən qərar hər bir halda qanunsuz olduğundan, əldə edilmiş gəlirin Vergi Məcəlləsinin 99.3.6-cı maddəsinə əsasən qeyri sahibkarlıq fəaliyyəti üzrə gəlirə aid edilməsi və bu halda Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə nəzərdə tutulmuş 14 faiz vergi dərəcəsinin tətbiqi məsələləri üzrə əlavə araşdırma aparılmasına zərurət yaranmamışdır).
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 96.5. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. Iştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır. Maddə 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa Insan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın təmin edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı ilə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.