Məhkəmə qərarları › İş №2-1(102)-4507/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4507/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4507/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qərarın ləğv edilməsi və əvvəlki pensiyanın bərpa olunması; etimad hüququ; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi, tutulmuş məbləğin geri ödənilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****-**** saylı qərarının ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, əmək pensiyasından tutulmuş məbləğin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ## #### 2025-ci il tarixli, 2- 1(120)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarı ləğv edilmiş, əvvəlki pensiya məbləği bərpa edilmiş, iddiaçının əmək pensiyasından tutulmuş məbləğin geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakim Fikrət Hüseynovməruzəçi,

4. Samir Həsənov və Ceyhun Quliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati ## #### 2025-ci il tarixli, 2-1(120)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik qanunsuz inzibati aktın ləğv edilməsini həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətlə məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu iddiaçının özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2008-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (14 ildən artıq) keçdikdən sonra (##.##.2023) yenidən təftiş etmək qərarına gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

6. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ( *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli üçulduzlu qərarı, *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı) iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

11. Həmçinin məhkəmə kollegiyası razılaşır ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

12. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

13. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərardadı) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur.

14. Beləliklə, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni onun pensiya hüququnun 50 yoxsa, 52 yaşdan yaranması ilə əlaqədar məsələyə aiddir. Kollegiya nəzərə alır ki, sözügedən məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

15. Belə ki, həm iddiaçıya pensiya təyinatının aparıldığı tarixdə, həm də ondan sonra uzun illər ərzində davam edən və hazırda da mövcud olan məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı ilə bağlı faktiki hallar nəzərə alındıqda qanunvericiliyin tələblərinə görə ona məhz 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Təsadüfi deyildir ki, iddiaçıya münasibətdə də cavabdeh inzibati orqan 2008-ci ildə, həmin dövrdə mövcud olmuş inzibati praktikasına uyğun olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdi. Uzun müddət çoxsaylı məhkəmə işləri üzrə də inzibati orqanın əleyhinə məhz bu mövqe rəhbər tutulmaqla qərarlar qəbul edilmişdir.

16. Məhkəmələr həm də düzgün olaraq belə bir nəticəyə gəlmişlər ki, iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. Iş üzrə “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş etimad hüququnun qorunmasını istisna edən hallar da mövcud deyildir

17. Nəhayət, cavabdeh “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı tələbi də pozmaqla 15 ildən sonra iddiaçıya münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi.

18. Iş materiallarında iddiaçıya 50 yaşdan pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Cavabdehin dəlilləri yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli Qərarında “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47.Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.

48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”

20. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar