Məhkəmə qərarları › İş №2-1(102)-4512/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4512/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4512/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsindən imtina; # ####### 2009-cu il tarixdən sonra verilmiş sosial və xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2024-ci il tarixli sərəncamı ilə ünvan 1-də yerləşən 12,17 kv.metr yaşayış sahəsi olan 1 otaqlı mənzil 3 nəfərdən ibarət tərkibinə iddiaçıya təqdim edilmiş və həmin mənzilə dair onlarla kirayə müqaviləsi bağlanmışdır.

2. Dövlət mənzil fondu yaşayış sahəsinin ** nömrəli, ##.##.2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB ilə İddiaçı arasında ünvan 1-də yerləşən yaşayış sahəsi 12,17 kv.metr olan 1 otaqlı, ** saylı mənzilə dair müddətsiz istifadə üçün kirayə müqaviləsi bağlanmışdır.

3. İddiaçının ailə üzvləri həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə heç bir etirazlarının olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişlər.

4. İddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, ** saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli imtina bildirişində qeyd etmişdir ki, müraciətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (# ####### 2009-cu il) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, o cümlədən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiyası məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, ** saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 287 N-li, ##.##.2024-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, ** saylı mənzil onun 3 nəfərdən ibarət tərkibinə təqdim edilmişdir və həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanmışdır. Onun ** nömrəli ##.##.2024-ci il tarixli müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi ilə arasında Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, 24 yaşayış sahəsi 12, 17 kvadratmetr olan 1 otağını müddətsiz (daimi) istifadə üçün müqavilə imzalmışdır. Bundan sonra o, * saylı Sumqayıt Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Lakin, * saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərmişdir. Cavabdehin imtinası tam əsassızdır.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə ##.##.2024-cü il tarixli ərizə ilə * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 1424012108 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq müraciətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (# ####### 2009-cu il) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, o cümlədən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır.

9. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, müvafiq mənzil iddiaçıya və onun ailə üzvlərinə dövlət mənzil fondu yaşayış sahəsinin kirayəsi kimi verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2024-cü il tarixli Sərəncamın ilə həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsi təsdiqlənmişdir. Qeyd edilən sərəncam ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.3 Bəndi). Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur. Göründüyü kimi, yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında həyata keçirilməsi dəqiq, imperativ və birmənalı şəkildə qeyd edilmişdir. Bununla yanaşı, “Yerli icra hakimiyyətləri haqqında” Əsanamədə də yerli icra hakimiyyəti orqanının belə bir səlahiyyətə malik olmasına, o cümlədən bununla bağlı istisna qaydaya dair hər hansı norma nəzərdə tutulmamışdır. Belə olan halda hazırkı iş üzrə müvafiq icra hakimiyyəti orqanının yaşayış sahəsinə dair sərəncamı qanunauyğun olmamışdır. Bu səbəbdən də həmin sərəncam indiki halda müvafiq yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün əsas hesab edilə bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən və dövlət mənzil fonduna aid mənzil kimi çıxış etdiyindən, həmin mənzilin özəlləşdirilməsi yalnız qanunla müəyyən edildiyi qaydada və hallarda mümkündür. İndiki halda iddiaçıya münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi norma halı da mövcud olmamışdır. Sözügedən mənzilin iddiaçının daimi istifadəsinə verilməsi halı mənzil qanunvericilik normasında təsbit edilmiş mənzil kirayə müqaviləsinin mahiyətindən irəli gəlməklə, həmin hal qanunvericilikdə həmin mənzilin özəlləşdirilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Başqa sözlə desək, mənzil kirayə müqaviləsi məhz həmin mənzilin iddiaçının daimi istifadəyə verilməsi halını tənzimləyir, həmin hal mənzilin özəlləşdirilməsinə əsas olan qanunla müəyyən edilmiş hal kimi çıxış etmir.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 17,19-cu maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuzdur.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009 cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Maddə 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.

19. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı dövlət mənzil fondundan ona verilmiş mənzilə dair öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2008-ci il tarixdən birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, sonradan Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB ilə iddiaçı arasında mənzilə dair müddətsiz istifadə üçün kirayə müqaviləsi bağlanmışdır.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin edilməsi ilə bağlı mübahisəli münasibətlər 2024-cü il tarixdə (növbədənkənar mənzilə təmin edilmə üçün əsaslar 2022-ci ildə yaranmış, mənzil kirayə müqaviləsi 2024-cü ildə bağlanılmış) yarandığından, mübahisəli hüquq münasibətləri məhz # ####### 2009-cu il tarixdən sonra qüvvəyə minən Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənir.

31. Mənzil qanunvericiliyi normasına əsasən # ####### 2009-cu il tarixdən sonra verilmiş sosial və xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələri özəlləşdirilmir, yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.

32. Belə olan halda, iddianın rədd edilməsi barədə aşağı instansiya məhkəmələrinin mövqeyi düzgün olmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar