Məhkəmə qərarları › İş №2-1(102)-453/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-453/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-453/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi; vergi ödəyicisinə məxsus oğurlanmış mallar üzrə mənfəət vergisinin hesablanmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin ( bundan sonra – iddiaçı) cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-211/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********128100 nömrəli məktub ünvanlanaraq 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubu və cari vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmiş, xx.xx.2017-ci il tarixli **********193500 nömrəli “Vergilərin hesablanması barədə” Qərara əsasə n iddiaçının 2017-ci ilin may ayı üzrə 101513,98 manat məbləğində (ƏDV-siz) dövriyyəsinin olması əsas gətirilərək hüquqi şəxsə 18272,52 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır.

2. Daha sonra vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********600400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub ünvanlanaraq cari mənfəət vergisi bəyannamələrinin təqdim edilməsi tələb edilmiş və mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən illik dövriyyənin 1/6 hissəsi cəmiyyətin mənfəəti kimi götürülməklə 20 faiz dərəcə ilə 3,383 manat məbləğində mənfəət vergisi hesablanmışdır və bu barədə xx.xx.2018-ci il tarixli **********963500 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx xxxx 2018-ci il tarixli, **********019777 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinin 2ci cümləsinə görə vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Cavabdeh isə göstərilən inzibati aktların heç birində hesablamaya dair qeyd aparmamış, həmin məbləğləri sübut edən heç bir fakta istinad etməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli **********193500 nömrəli qərarın qəbul edilməsindən öncə Cəmiyyətin elektron ünvanına xx.xx.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş və 2016-cı ilin mənfəət vergisi bəyannaməsində ehtiyatlar üzrə 101513,98 manat mal qalığının olduğu və sonrakı hesabatda həmin qalığın vergiyə cəlb edilmədiyi qeyd olunmuşdur. Cavabdeh yalnız qeyd olunan qeyri-müəyyən əsasla güya həmin malların artıq təqdim olunduğu (satıldığı) qənaətinə gəlmiş və qeyd olunan məbləğə əlavə dəyər vergisi hesablamışdır. Qeyd olunan əlavə dəyər vergisi üzrə hesablamanın hansı dövriyyədən formalaşdığı, malların ilin may ayında təqdim edilməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Eyni zamanda, xx.xx.2018-ci il tarixli **********963500 nömrəli qəra rın qəbul edilməsindən öncə Cəmiyyətin elektron ünvanına xx.xx.2018-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş və əvvəlki kameral qərara, xx.xx.2017-ci il tarixli **********193500 nömrəli inzibati akta uyğun olaraq Cəmiyyətin 2017-ci ildə ümumi dövriyyəsinin 101514,0 manat olduğuna istinad olunaraq Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 3383,8 manat (101514/6*20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Cavabdeh iddiaçının qalıqda olan mallarını satış kimi qiymətləndirərək həmin dövriyyəni gəlir kimi nəzərə almış və Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad etmişdir. Göründüyü kimi, mənfəət vergisi üzrə aparılan hesablama əlavə dəyər vergisi üzrə aparılmış hesablamaya istinad olunaraq həyata keçirilmiş dir. Bu səbəbdən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********193500 nömrəli inzibati akt əsassız olduğu üçün birmənalı olaraq xx.xx.2018-ci il tarixli **********963500 nömrəli “Vergilərin hesablanması barədə” qərar da qanunsuzdur.

5. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2018-ci il tarixli, **********019777 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktın, xx xxxx 2017-ci il tarixli **********193500 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, **********963500 nömrəli “Vergilərin hesablanması barədə” inzibati aktların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün say ılmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)-408/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qismən, xx.xx.2017-ci il tarixli **********193500 nömrəli və xx.xx.2018-ci il tarixli, **********963500 nömrəli “Vergilərin hesablanması barədə” inzibati aktların ləğv edilməsinə dair iddianın mümkünsüz sayılması hissəsində ləğv edilmiş və həmin hissələrdə iş baxılması üçün məhkəməyə göndərilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)240/2019 nömrəli qərarına əsasən (hakim Zaur Pirverdiyev) iddianın təmin edilməsi, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********193500 nöm rəli və xx.xx.2018-ci il tarixli, **********963500 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli qərarın “Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində əsas kimi iddiaçı tərəfindən əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən ƏDV hesablandığı göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.1-ci maddəsi ilə müəyyən edilən əlaqəli məlumatların heç biri hesablama aparılan vergi məbləğinin əsasını təşkil etmir, iş materiallarında iddiaçı tərəfindən 2017-ci ilin may ayında 101513,98 manat dəyərində malların satılmasına, satıldığı təqdirdə hansı vergi ödəyicinə və hansı məbləğdə təqdim edilməsin ə dair sübut müəyyən edilmir. Həmçinin, iş materiallarında cavabdeh tərəfindən hesablama aparılmamışdan əvvəl yerində baxış və inventarizasiya keçirilmədiyi müəyyən olunur. Belə olan halda, iddiaçının mal qalığının olub-olmaması, olmuşdursa hansı həcmdə olması və nə vaxt təqdim edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyi üçün, həmin malların tam həcmdə satılması ehtimalı ilə hər hansı ay üzrə əlavə vergi hesablanması qanunsuzdur. xx.xx.2017-ci il tarixli inzibati akt qanunsuz qəbul edildiyi üçün, onun əsasında qəbul edilən xx.xx.2018-ci il tarixli qərar da qanunauyğun deyildir.

10. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-211/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-240/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

14. Cavabdeh xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-211/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə vergi orqanı tərəfindən aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, iddiaçı heç bir hüquqi əsas olmadan 101.513,98 manat dəyərində mal qalığını dövriyyədən gizlətmiş və buna uyğun olaraq büdcəyə ödənilməli olan vergiləri yayındırmışdır. Məhz bu şəbədən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********128100 saylı məktubla iddiaçı “xxxx” MMC-yə müraciət edilərək yuxarıda qeyd olunan (101.513,98 manat dəyərində malların satılıb-satılmaması, satılmadığı təqdirdə mal qalığı kimi qalıbqalmaması və ya geri qaytarılıb-qaytarılmaması bar ədə) uyğunsuzluğun aradan qaldırılması və kameral vergi yoxlamasının başa çatdırılması məqsədilə 5 gün müddətində əsaslandırılmış izahat məktubu və ya dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir.

16. Qeyd olunan məktuba xx.xx.2017-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, 101.513,98 manat dəyərində mal-material qalığı (borular) naməlum vaxtda şəraitdə, naməlum yerdə oğurlanmışdır. Göründüyü kimi, iddiaçı verdiyi izahat məktubu ilə həmin malların oğurlandığını bildirmişdir, lakin bununla belə iddiaçının sonrakı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

17. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əmliyyat sayılır. Normadan göründüyü kimi, malların oğurlanması ƏDV-nin vergitutma obyektini təşkil etməsinə baxmayaraq iddiaçı tərəfindən oğurlanmış mallar ƏDV-yə cəlb edilərək bəyan edilməmişdir.

18. İddianın təmin edilmə əsası olaraq məhkəmə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli qərarda vergi dövrünün 2017-ci ilin may ayını əhatə etməsi qeyd edilsə də ƏDV üzrə hesablamanın hansı dövriyyədən formalaşdığı, malların 2017-ci ilin may ayında təqdim edilməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Belə ki, cavabdeh həmin malların 2 017-ci lin may ayında təqdim edilməsi ehtimalından çıxış edərək, dəqiq faktlara istinad etmədən və vergi dövrü müəyyən edilmədən qeyri-müəyyən əsaslarla vergi hesablamışdır. Məhkəmənin qeyd olunan dəlinə nəzər saldıqda açıq-aydın görünür ki, aşağı instansiya məhkəmələri tərəfindən hesablanmış vergilərin mahiyyəti və işin faktiki halları, bütün sübutlar tam və hərtərəfli araşdırılmamış, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən vergi məbləği iddiaçının özü tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamə və izahat məktubunda qeyd olunan məlumatlar əsasında hesablanmışdır ki, bu da Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuşdur.

19. Məhkəmənin digər dəlili ondan ibarət olmuşdur ki, vergi orqanı iddiaçıya ƏDV hesablayarkən satılması ehtimal olunan mal qalığının faktiki olaraq olub-olmamasını müəyyən etmək məqsədilə yerində baxış və ya inventarizasiya həyata keçirməmişdir. Belə ki, 101.513,98 manat dəyərində malların satışa çıxarılması və mal qalığının olmamasına istinad etsə də, istinad etdiyi halı əsaslandıra bilməmiş və mal qalığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

20. Artıq yuxarıda təsvir olunmuş işin faktiki halarına nəzərə salanda aydın olur ki, məhkəmə tərəfindən irəli sürülmüş bu dəlil də işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının özü malların oğurlandığını bildirdiyi halda heç bir inventarizasiyanın aparılmasından söhbət belə getə bilməz. Beləliklə aydın oldu ki, aşağı instansiya məhkələri yuxarıda göstərilənləri nəzərə almamış və müb ahisə predmetinə münasibətdə düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilmə sinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsi: Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kəna rda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xa rab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”: 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyə n edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

26. İnzibati Prosessual Məcəllənin Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutla rı toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 28.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

30. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli qərara münasibətdə qeyd etmişdir ki, həmin qərarda vergi dövrünün 2017-ci ilin may ayını ə hatə etməsi qeyd edilsə də, ƏDV üzrə hesablamanın hansı dövriyyədən formalaşdığı, malların 2017-ci ilin may ayında təqdim edilməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Belə ki, cavabdeh həmin malların 2017-ci ilin may ayında təqdim edilməsi ehtimalından çıxış edərək dəqiq faktlara istinad etmədən və vergi dövrü müəyyən edilmədən qeyri-müəyyən əsaslarla vergi hesablamışdır.

31. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2017-ci il tarixində iddiaçıya ünvanlandığı məktuba sonuncu tərəfindən verilən cavab məktubunda iddiaçı özü bildirmişdir ki, 101513,98 manat dəyərində mal-material qalığı (borular) naməlum vaxtda şəraitdə, naməlum yerdə oğurlanmışdır.

32. Beləliklə, 101513,98 manat dəyərində mal-material qal ığının (borular) oğurlanmasını nə cavabdeh, nə də iddiaçı mübahisələndirmir. Hazırkı qərarın 24-cü bəndində göstərilən normaların məzmunundan isə aydın olur ki, əgər mallar ƏDV-ni ödəməklə əldə edilmişdirsə, belə malların oğurlanması vergi tutulan əməliyyat sayılır.

33. Odur ki, yuxarıda qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, 101513,98 manat dəyərində mal-material qalığı (borular) oğurlandığı halda belə həmin malların dəyəri ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil edir. Bu səbəbdən cavabdehin xx.xx.2017-ci il tarixli qərarı əsaslıdır.

34. Həmin qərara münasibətdə cavabdehin bildirdiyi hüquqi əsaslarla razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin bildirdiyi dəlillər üzrə düzgün olmayan hüquqi qiymətləndirmə apar mış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, məhkəmənin qərarı bu hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə rədd edilməlidir.

35. Vergi orqanının xx.xx.2018-ci il tarixli qərarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı iddiaçının elektron ünvanına xx.xx.2018-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərmiş, buna uyğun olaraq iddiaçıya 3383,8 manat mənfəət vergisi hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********963500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir.

36. Cavabdeh kassasiya şikayətinin dəlillərində də qeyd etmişdir ki, malların oğurlanması ƏDV-nin vergitutma obyektini təşkil etməsinə baxmayaraq iddiaçı tərəfindən oğurlanmış mallar ƏDV-yə cəlb edilərək bəyan edilməmişdir. Məhz bu kənarlaşmanı aradan qaldırmaq məqsədilə cavabdeh 101513,98 manat dəyərində malları ƏDV-yə cəlb edərək büdcədən yayındırılmış 18272,52 manat məbləğində ƏDV-ni büdcəyə bərpa etmiş və xx.xx.2018-ci il tarixli qərarda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik metodu tətbiq edilməklə 3383,8 manat mənfəət vergisi hesablanmışdır.

37. Məhkəmə kollegiyası həmin qərara münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı, cavabdehin mövqeyini isə əsassız hesab edərək aşağıdakıları qeyd edir.

38. Cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə t əsdiq edilmiş qaydalar vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir.

39. Hazırkı qərarın 25-ci bəndində göstərilən normaların məzmunundan da göründüyü kimi, şərti rentabellik norması vergi ödəyicisinin mənfəətini müəyyən etmək mümkün olmadıqda tətbiq edilir və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan), yaxud da vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edilir.

40. Hazırkı iş üzrə 101513,98 manat dəyərində malların oğurlanması həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin mallara münasibətdə mənfəət vergisinin hesablanması yolverilməzdir.

41. Belə ki, həmin mallar oğurlandığından onlardan mənfəət əldə edilməsi qeyrimümkündür. Müəssisə üçün vergitutma obyekti isə onun mənfəətidir. Belə olan halda, sözügedən məbləğ iddiaçının mənfəəti olmadığından cavabdehin xx.xx.2018-ci il tarixli **********963500 nömrəli qərarı əsassızdır.

42. Odur ki, cavabdeh əsassız olaraq şərti rentabellik tətbiq edərək iddiaçıya xx.xx.2018-ci il tarixli **********963500 nömrəli qərar əsasında 3383,8 manat mənfəət vergisi hesabladığından apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-211/2020 nömrəli qərarı qismən, xx.xx.2017-ci il tarixli, ** ********193500 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-211/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar