Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4537/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ##.##.2016-cı il tarixdə N saylı Hərbi Hissənin tərkibində Tərtər- Qapanlı-Seysulan istiqamətində Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənin açdığı atəş nəticəsində sağ ayağın bud nahiyəsindən yaralanmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın ##.##.2017-ci il Reyestr № si *******X00001, **** saylı X4 yaralanma, travma, kontuziya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunub.
3. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2017-ci il tarixli **** nömrəli Şəhadətnamədə “Sağ budun dəlib keçən və kor güllə yaralanması (##.##.2016), bud sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli sümük defektli. yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (##.##.2016), sağ bud sümüyünün İlizarov üsulu ilə osteosintezi, yaraların birincili cərrahi işlənməsi, yad cismin (güllənin) xaric edilməsi (##.##.2016), aparatın demontajından (##.##.2017) sonrakı kafi bitişmiş sınığı, bud sümüyünün orta 1/36-nin kənari sümük defekti (9 sm), budun yumsaq toxumalarının hipotrofiyası, diz oynağının çapıq vətər-əzələ kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2023-cü il tarixli *******0007 nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Odlu silah yaralanması. Sağ budun güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud sümüyünün qeyri-düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Yumuşaq toxumalarda yad cisimlər metal qəlpələr. Sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, Sağ budun aşağı 1/3-də ağrılı çapıq. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki 2013-cü ildə X1 MAHHXHQ kursuna daxil olmuş, kursu bitirdikdən sonra Tərtər rayonunun N saylı hərbi hissəsində MAHHXHQ k/çş, V vəzifəsində xidmətə başlamışdır. ##.##.2016-cı il tarixdə N saylı Hərbi Hissənin tərkibində Tərtər-Qapanlı-Seysulan istiqamətində Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənin açdığı atəş nəticəsində sağ ayağın bud nahiyəsindən ağır yaralanmış və müalicə olunması üçün Ağdam rayonunun Hərbi Hospitalına göndərilmiş və əməliyyat olunmuşdur. Lakin, vəziyyəti ağır olduğundan ##.##.2016-cı il tarixdə helikopter vasitəsi ilə təcili olaraq Mərkəzi Hərbi Hospitala təxliyə edilmişdir. Mərkəzi Hərbi Hospitalda 2 dəfə əməliyyat olunmuş, fisioterapevtik müalicəsinə başlamış, müalicəsi heç bir nəticə verməmiş və bu səbəbdən Mərkəzi Hərbi Hospitalın həkim Komissiyasının ##.##.2017-ci il tarixli qərarı ilə Sülh dövründə yararsız, Müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın ##.##.2017-ci il tarixli, Reyestr № si *******X00001, **** saylı X4 yaralanma, travma, kontuziya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunub. ##.##.2018-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmiş və iddiaçı İddiaçı ##.##.2023-cü il tarixə qədər əlillik pensiyası almışdır. ##.##.2023-cü il tarixdə cavabdeh iddiaçı İddiaçı əsassız və qanunsuz olaraq əlillik pensiyasının müddətini artırmaqdan imtina etmişdir. İddiaçı İddiaçı əlillik pensiyasının müddətini artırmaq üçün yenidən sənədləri toplamış, X2 təqdim etmiş və əlillik pensiyasının müddətini artırılmasına ##.##.2023-cü il tarixdə imtina edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞin ##.##.2023-cü il tarixli, ********** №-li arayışında qoyulmuş diaqnozun əlillik əlamətini təyin etməməsi qeyd edilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Bu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı İddiaçı sözügedən yaralanmanı, travmanı, kontuziya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun pensiya hüququna təminat verilməlidir.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a) Əsas diaqnoz: S88-“Baldırın travmatik amputasiyası”, odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün qeyri- düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, yumşaq toxumalarda yad cisimlər-metal qəlpələr, sağ diz oynağının ikinci mərhələli deformasiyaedici artrozu, valqus deformasiyasıbükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofıyası 4 sm, sağ budun aşağı /3-də ağrılı çapıq; b)Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ diz oynağın kəskin bükücü kontrakturası-bükmə 95 dərəcə, R2 6.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sağ budun əzələ atrofıyası, S72.2burmaaltı sınıq, sağ bud sümüyünün orta 1/3-nin qəlpəli sümük defısiti, qeyri düzgün bitişmiş sınığı, M17.O-birincili ikitərəfli qonartroz, sağtərəfli ikinci dərəcəli qonartroz; c)Yanaşı xəstəliklər: R52.O-kəskin ağrı, daimi ağrı sindromu, L91.0-hipertrofık çapıq, posttravmatik kobud kelloid çapıqlar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, vətəndaşın ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinəsi zaman ETTOİ-nun ##.##.2023-cü il tarixli, **********-****/**** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonraki vəziyyət, sağ bud sümüyünün qeyri-düzgün bitişmiş defektli sınığı, cərrahi əməliyyatdan sonraki vəziyyət, yumşaq toxumalarda yad cisimlər, metal qəlpələr, sağ diz oynağının kontrakturası– bükmə 95 dərəcə, açma-tamdır, sağ aşağı ətrafın budda əzələ atrofiyası 4 sm., sağ budun aşağı 1/3-də ağırlı çapığı, yerişin çətinləşməsiaxsama” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamış, sağ diz oynağında 180- 130 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda nisbi qısalıq qeydə alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Diaqnoz nəzərə alınmaqla, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyindən dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, qərarı ilə (A.Abdullayeva) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspert rəyində iddiaçıya əlillik təyinatına səbəb olmuş diaqnozların hal-hazırda ona əlillik təyininə əsas vermədiyi göstərilmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, diaqnoz nəzərə alınmaqla, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyindən dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova – sədrlik edən və məruzəçi, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilərək iddiaçıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: – T***/**** saylı ekspert rəyi də məhkəmə-tibb eksperti Günay Ələkbərova ilə birgə digər ekspert Ruslan Məhərrəmli tərəfindən imzalanmışdır. Digər ekspert Ruslan Məhərrəmlinin isə cavabdeh inzibati orqanın tibbi-sosial eksperti olduğu və həmçinin, əvvəlki ekspertiza tədqiqatında iştirak etməklə yuxarıda qeyd olunan T***/**** saylı ekspert rəyini imzalamış eyni ekspert olduğu müəyyən olunur. – İddiaçı barəsində verilmiş göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verdiyi iş materiallarında sadalanan digər sübutlar ilə təsdiqini tapır. – İddiaçıda olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz əsasında iddiaçıya ##.##.2018ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
25. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. Hazırkı iş üzrə dəqiqləşdirilmiş iddia tələbindən görünür ki, iddiaçı ona əlilliyin təyin olunmasına nail olmaq istəyir.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır və həmin diaqnoz əsasında iddiaçıya ##.##.2018-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə onu qeyd edir ki, məlum olduğu kimi əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır.
33. Iş materialları ilə müəyyən olunur ki, həm birinci, həm də ki apellyasiya instansiya məhkəmələri tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və hər iki rəydə iddiaçının xəstəliyini “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmaması barədə rəy verilmişdir. Birinci instansiya məhkəməsi ilkin ekspert rəyini sübut kimi qəbul edərək iddianı rədd etsə də, lakin apellyasiya instansiya məhkəməsi hər iki ekspertizanın cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə keçirildiyinə görə ekspert rəyilərni mötəbər sübut kimi qəbul etməmişdir.
34. Məhkəmə kollegiyası razılaşır ki, ekspertizanın aparılmasında cavabdeh inzibati orqanın ekspertlərinin iştirakı prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
35. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.
36. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.
37. Bu hal isə kassasiya instansiya məhkəməsinin qərarlarında dəfələrlə vurğulandığı kimi, ekspertiza aparılmasının prosessual qaydalarının pozulması deməkdir və iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət yaradır.
38. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsi zamanı yol verilən pozuntu aradan qaldırmamış və cavabdehin ekspertinin iştirakı olmadan iş üzrə təkrar ekspertizasının keçirilməsini təmin etməmiş, “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu ilə bağlı müvafiq rəy almamışdır.
39. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qeyrimüəyyən olmaqla icrası mümkün olmayan nəticəyə gətirib çıxarmışdır. Belə ki, məhkəmə iddianı təmin etsə də, iddiaçıya əlilliyin hansı müddətə, orqanizmin funksiyalarının hansı faiz pozulmasına görə və “Əlilliyin müəyyən olunması meyarları”nın hansı konkret bəndi və ya altbəndi əsasında təyin edilməli olduğunu qərarda göstərməmişdir.
40. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik orqanizmin funksiyalarının pozulma faizinə, insanın həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsinə və xəstəliyin klinik-funksional xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir. Həmin qaydalara görə əlillik müəyyən edilərkən orqanizmin funksiyalarının pozulmasının konkret faiz göstəricisi və müddəti müəyyən olunmalıdır.
41. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk növbədə iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olub-olmaması müəyyən edilməli, işin halları əlilliyin təyin edilməsinə əsas verdikdə, iddiaçıda mövcud olan xəstəliyin hansı meyara uyğun gəldiyini, orqanizmin funksiyalarının pozulmasının neçə faiz təşkil etdiyini, əlilliyin müddətini, habelə bunun hansı tarixdən müəyyən edilməli olduğunu konkret şəkildə göstərməlidir.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.