Məhkəmə qərarları › İş №2-1(102)-4553/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4553/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4553/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ##.##.1999-cu il tarixdən hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.

3. Sonradan iddiaçının müraciəti əsasında onun pensiyası ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla ##.##.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq, yəni cavabdehin pensiya kapitalı 168 aya bölünərək pensiyası 548,94 manatdan 3462,38 manata artırılmışdır. 4.Iddiaçı həmin qərarla razılaşmadığı üçün cavabdeh inzibati orqana müraciət etmişdir. 5.Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: İddiaçı # ######## 1999-cu il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı əmək pensiyasının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün ## ###### 2023-cü il tarixində Mərkəzi Filiala müraciət edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq, yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il # #### tarixli *** nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrdəki yaşına uyğun olaraq, aşağıdakı qaydada hesablanıb: Belə ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi ## ###### 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 489457,11 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 168 aya bölünməklə (489457,11:168 ay (65 il-57 il=96 ay+72 ay (144 ay-72 ay))=2913,44 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (548,94 manat) üzərinə əlavə edilərək pensiyası 3462,38 (548,94+2913,44) manat məbləğində müəyyən edilib. Həmçinin ona ötən dövr üzrə hesablanmış 4135,20 manat fərq məbləği 2023-cü ilin mart və aprel aylarında hissə-hissə pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin pensiyası # ###### 2024-cü il tarixindən 3850,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində birinci icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1999-cu il tarixdən ##.##.2022-ci il tarixədək topladığı pensiya kapitalının ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən 72 aya bölünərək yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, ##.##.1999-cu il tarixdən ##.##.2022-ci il tarixədək topladığı pensiya kapitalının ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən 72 aya bölünərək yenidən hesablanması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən # ######## 1999-cu il tarixində iddiaçıya xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Ən azı 6 il işlədiyi üçün topladığı pensiyanın yenidən hesablanmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh pensiya kapitalını 72 aya bölmək əvəzinə, 168 aya bölərək pensiyasını yenidən hesablamışdır. Cavabdehin bu hesablanma haqqında qərarı qanunsuz və əsassızdır və Azərbaycan Respublikası Konstitsuyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərini pozur. Onun pensiya kapitalı ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 45-ci maddəsinə əsasən hesablanmalı idi. Çünki iddiaçı həmin tarixədək ən azı 6 il işləmiş və həmin tarixdə pensiya kapitalı cavabdeh tərəfindən avtomatlaşdırılmış qaydada 72 aya bölünməli idi. Göründüyü kimi, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifəsini yerinə yetirməmişdir və onun vəziyyətini ağırlaşdırdığı halda, sonrakı dəyişikliyi ona münasibətdə tətbiq etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. 10.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 45-ci maddəsinin # ###### 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 - 72 ay) həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə (##.##.2023-cü il) yaşı (57 yaş) ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (65-57=8 il x 12 ay =96 ay) qədər artırılmışdır və pensiya kapitalı 168-ə (72+96) bölünmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması hüququ 2023-cü ilin yanvar ayında müraciətinə əsasən ##.##.2023-cü il tarixdən yaranmışdır, bu səbəbdən iddiaçıya münasibətdə qüvvədən düşmüş norma deyil, hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. 11.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Səmədov və G.Sevdimalıyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tamamilə razılaşmışdır. 14.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 15.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisə iddiaçıya ƏPQ-nin 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə ƏPQ-nin 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Yəni, iddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nin 45-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsi isə tamamilə yanlış nəticəyə gəlmiş, qanunvericiliyin imperativ xarakter daşıyan hüquq normalarını, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149.7- maddəsinin, ƏPQ-nin 37.3.1-ci, 37.3.2-1-ci və 45ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nin 37.3.1-ci və 45-ci maddəsini tətbiq etməli idi. Nəticədə, birinci və apelyasiya instansiya məhkəmələri formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun qərar qəbul etməmişdi. Halbuki, məhkəmə hüququ bilir prinsipi hamılıqla tanınır. Ümumiyyətlə, analoji işlə bağlı Ali Məhkəmənin qərarları var. Mövcud iş üzrə isə məhkəmə bu analoji işdə fərqli yanaşdı. Bu əsaslar həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində öz təsdiqlərini tapır.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: …. 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; …. 37.3.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli, 530-VIQD №-li Qanun qəbul edilənədək qüvvədə olan redaksiya: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Həmin maddənin hazırda qüvvədə olan redaksiyası: - yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;

18. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 19.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ##.##.1999-cu il tarixdə pensiya təyin edilmişdir. Onun pensiyası sonuncu dəfə ##.##.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 548,94 manatdan 3462,38 manata qaldırılsa da, yenidən hesablama zamanı 45-ci maddə tətbiq edilmişdir.

25. Cavabdeh orqan bildirir ki, Qanunun 45-ci maddəsinin tələblərinə görə Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il # #### tarixli *** nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrdəki yaşına uyğun olaraq hesablanmışdır. İddiaçı əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi ## ###### 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 489457,11 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 168 aya bölünməklə (489457,11:168 ay (65 il-57 il=96 ay+72 ay (144 ay-72 ay))=2913,44 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (548,94 manat) üzərinə əlavə edilərək pensiyası 3462,38 (548,94+2913,44) manat məbləğində müəyyən edilib.

26. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin ##.##.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən ..... əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır.

27. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir.

28. Istinad olunan normada dəyişiklik “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli, 530-VIQD №-li Qanun əsasında aparılmışdır (##.##.2022-ci il tarixdən qüvvəyə minmişdir). Iddiaçının isə bu normanın qüvvəyə minməsindən əvvəl sosial təminat hüququ yaranmış, yəni ona pensiya ##.##.1999-cu il tarixdən təyin edilmişdir.

29. Cavabdeh orqan ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsini və həmin Qanunun 37.3.2-1-ci maddəsini tətbiq etməklə iddiaçının müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2023-cü tarixli qərar qəbul etmişdir.

30. Halbuki məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının ##.##.1999-cu il tarixdən əmək pensiyasında olmasını və pensiya təyin olunduğu gündən sonra 6 il və daha artıq müddətdə əmək fəaliyyətini davam etdirməsini nəzərə alaraq, onun əmək pensiyasını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası əsasında yenidən hesablamalı idi.

31. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun həmin redaksiyası şəxsin işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirirdi. Bu hüquqi rejimə əsasən pensiyanın yenidən hesablanması üçün şəxsin müraciəti tələb olunmurdu və pensiya təyin olunduğu gündən sonra 6 ildən artıq əmək fəaliyyəti göstərilməsi halında pensiyanın yenidən hesablanması nəzərdə tutulmuşdu.

32. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin əvvəlki redaksiyasında pensiyanın avtomatlaşdırılmış qaydada yenidən hesablanmasının nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normada yenidən hesablanma üçün iddiaçının müraciətinin olması da məcburi şərt kimi müəyyən edilməmişdir. Yəni, cavabdeh orqan yenidən hesablamanın mütləq qaydada iddiaçının müraciətindən asılı olmasını qeyd etsə də, belə bir norma Qanunun ##.##.2022-ci ilədək qüvvə olan müddəalarında əks olunmamışdı.

33. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının hansı qaydada hesablanması ilə bağlı (müraciət əsasında yaxud avtomatlaşdırılmış qaydada) qeyrimüəyyənlik ##.##.2022-ci ildən sonra aradan qaldırılmaqla pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılmış qaydada aparılması müəyyən edilmiş, bu zaman şəxsin müraciətinin olması şərti ancaq bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərə aid edilmişdir.

34. Normaya edilmiş dəyişikliklərin qanunvericinin məqsədi baxımından təhlili göstərir ki, qanunvericilikdə sonrakı dəyişikliklər pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə onun yenidən hesablanmasının avtomatlaşdırılmış qaydada aparılmasını konkret olaraq təsbit etmişdir.

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyanın yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının yenidən hesablanmasının şəxsin müraciətinə və ya avtomatlaşdırılmış qaydada aparılmasına dair qiymətləndirmə zamanı qanunvericinin məqsədi və normada aparılmış sonrakı dəqiqləşmələr nəzərə alınmalıdır. Bu baxımdan, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən normanın redaksiyasında pensiyanın yenidən hesablanması üçün şəxsin müraciət etməsi tələbi olmadığı və sonrakı dəyişiklikdə avtomatlaşdırılmış qaydada hesablanma müəyyən edildiyi halda, cavabdeh orqanın iddiaçının ziyanına – müraciət şərtini irəli sürməsi əsaslı sayıla bilməz.

36. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair **/** saylı ##.##.2026-cı il tarixli Qərardadında qeyd olunmuşdu:

1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.

2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.

3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.

37. Hazırkı iş üzrə iddiaçıya əmək pensiyasının ##.##.1999-cu il tarixdə təyin edildiyini, iddiaçı tərəfindən onun əmək pensiyasının yenidən hesablanması barədə müraciətinin ##.##.2023-cü il tarixdə, iddia ərizəsinin isə ##.##.2025-ci il tarixdə verildiyini və birinci instansiya məhkəməsi tərəfindən inzibati işin ##.##.2025-ci il tarixdə yekunlaşdığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası hüququ ## #### 2022-ci il tarixindən əvvəl yaranmış şəxs kimi onun əmək pensiyasının yenidən hesablanması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” **/** saylı ##.##.2026-cı il tarixli Qərardadının 2-ci bəndinin tələbi nəzərə alınmalıdır.

38. Belə olan halda iddiaçı, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanmış pensiya məbləğinin yalnız əvvəlki üç il üzrə ödənilməsini tələb etməkdə haqlı sayıla bilər. Belə ki, qeyd olunan normaya görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi tarixdən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə uyğun təyin edilir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair **/**** №-li ## ####### 2020-ci il tarixli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Buna görə də iddianın rədd edilməsi barədə məhkəmə qərarı qanuni və əsaslı hesab edilə bilməz.

41. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin olunaraq, cavabdehin *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, iddiaçının ##.##.1999-cu il tarixdən ##.##.2022-ci il tarixədək topladığı pensiya kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olan ikinci cümləsinə əsasən 72 aya bölünərək ##.##.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərq məbləğinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia qismən təmin edilsin. Cavabdehin *-**-*/*-*-****/**** nömrəli ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. Iddiaçının ##.##.1999-cu il tarixdən ##.##.2022-ci il tarixədək topladığı pensiya kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən 72 aya bölünərək ##.##.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərq məbləğinin iddiaçıya ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Iddia qalan hissədə təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar