Məhkəmə qərarları › İş №2-1(102)-4555/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4555/2025

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4555/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi prezumpsiyası; kassasiyanın qeyrimümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1598-ci il tarixdə doğulmuşdur. Iddiaçının adına ##.##.1984-cü il tarixdə açılmış ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında, təqdim olunmuş təhsil haqqında arayışda və hərbi biletində əksini tapmış məlumatlara görə o, ##.##.1975-ci il tarixindən ##.##.1980-ci il tarixədək ali təhsil almış, ##.##.1981-ci il tarixindən ##.##.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, ##.##.1980-ci il tarixdən ##.##.1981-ci ilə kimi Füzuli rayonunda fəaliyyət göstərmiş “Rusiya” kolxozunda baş mühəndis, ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək Füzuli rayonu k/mex təminat birliyinin təmir emalatxanasında müdir vəzifəsində, ##.##.1986-##.##.1999-cu il tarixlərdə Füzuli rayonu “Rusiya” kolxozunda (Namazaliyev kolxozu) baş mühəndis vəzifəsində, ##.##.1999-cu il tarixdən ##.##.2004-cü il tarixədək X1 Idarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya yaşa görə pensiya təyin etməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının ##.##.2006-cı il tarixə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır, cəmi 21 il 2 ay 23 gün təşkil edir. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən ##.##.1983-cü il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrdə Q.Namazəliyev adına kolxozda iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Eyni zamanda ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır.

3. Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Aysev Almazova).

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, sözügedən dövr iddiaçının əmək kitabçasında qeyd edilmişdir. Bundan başqa, cavabdeh qurum tərəfindən təqdim edilmiş Q.Namazaliyev adına kolxoza dair 1994-2000-ci il tarixli haqq-hesab cədvəllərindən görünür ki, sözügedən kolxoz həmin tarixlərdə fəaliyyət göstərmişdir. Təqdim edilmiş haqq-hesab cədvəlləri kolxozun fəaliyyəti ilə bağlı olmaqla həmin sənədlərdə hər hansı bir işçi barədə məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Q.Namazəliyev (Rusiya) adına kolxozu arasında ##.##.1993-cü il tarixdən ##.##.1999-cu il tarixlərdə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının ##.##.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (26 il 06 ay 08 gün).

6. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, 2025-ci il ## ###### tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - G.Sevdimalıyeva /sədrlik edən və məruzəçi/, R.Səmədov, O.Ismayılov).

8. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə kassator əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

13. Baxılan iş üzrə də cavabdeh iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrdə Q.Namazəliyev adına kolxozdakı əmək fəaliyyəti əmək kitabçasında əksini tapdığı halda həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir.

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

15. Bundan başqa cavabdeh kassasiya şikayətində həm də göstərmişdir ki, iddiaçının əmək kitabçasında onun ##.##.1986-cı il tarixdə işə daxil olması barədə qeyddə səlahiyyətli şəxsin adı mövcud deyil, möhür latın qrafikalı əlifba ilə vurulmuşdur. Bu hal əmək kitabçasının formas və tərtibi qaydalarının pozulmasıdır.

16. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə bağlı hesab edir ki, cavabdehin əmək kitabçasının forması və rekvizitləri ilə bağlı kassasiya şikayətində ilk dəfə irəli sürdüyü faktiki xarakterli dəlillər kassasiya baxışının predmetinə daxil olmadığından həmin dəlillərin mahiyyəti üzrə araşdırılması və qiymətləndirilməsi üçün prosessual əsas mövcud deyildir.

17. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının pensiya təyin edilməsi barədə müraciətinə baxarkən qəbul etdiyi inzibati aktda əmək kitabçasındakı qeydlərin qeyd edilən formal çatışmazlıqlara malik olmasına istinad etməmiş, pensiya təyin edilməsindən imtinanı yalnız müvafiq dövr üzrə əmək haqqının ödənilməsini təsdiq edən arxiv məlumatlarının mövcud olmaması ilə əsaslandırmışdır. Eyni zamanda cavabdeh həmin halları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində mübahisələndirməmiş, göstərilən arqumentləri ilk dəfə kassasiya şikayətində irəli sürmüşdür. Halbuki bu faktlar (mövcud olduğu təqdirdə) gizli, ya müəyyən edilməsi çətin faktlar deyil və inzibati araşdırma zamanı, ən azından aşağı instansiya məhkəmələrində işə baxılan uzun müddət ərzində müəyyən etmənin cavabdehə əlçatan olmaması ağlabatan deyildir.

18. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və zəruri sübutları toplamağa borcludur. Bununla yanaşı, həmin Məcəllənin 12.3cü maddəsinə görə, məhkəmə prosesinin iştirakçıları faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

19. Rəsmi araşdırma prinsipi məhkəməyə işin hallarının tam müəyyənləşdirilməsi vəzifəsini yükləsə də, həmin prinsip proses iştirakçılarını özlərinə məlum olan və ya məlum olması gözlənilən faktiki etirazları vaxtında irəli sürmək öhdəliyindən azad etmir. Inzibati orqan qəbul etdiyi inzibati aktın əsaslandığı faktiki və hüquqi səbəbləri inzibati icraat zamanı formalaşdırmalı, həmin əsasları məhkəmə icraatında müdafiə etməli və mübahisənin predmeti çərçivəsində məhkəməyə təqdim etməlidir.

20. Kassasiya şikayətində göstərilən hallar isə əmək kitabçasının tərtib edilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının, müvafiq qeydlərin aparılması qaydasının, həmin rekvizitlərin hüquqi əhəmiyyətinin və digər əlaqəli faktiki məsələlərin araşdırılmasını tələb edir. Bu isə faktiki halların müəyyənləşdirilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı fəaliyyətdir.

21. Halbuki kassasiya instansiyası məhkəməsinin vəzifəsi aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar əsasında maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Kassasiya baxışının predmetini aşağı instansiya məhkəmələrində araşdırılmamış və mübahisələndirilməmiş yeni faktiki əsasların ilkin araşdırılması təşkil etmir.

22. Bu səbəbdən cavabdehin əmək kitabçasında səlahiyyətli şəxsin adının göstərilməməsi və latın qrafikalı möhürdən istifadə olunması ilə bağlı kassasiya şikayətində ilk dəfə irəli sürdüyü arqumentlər kassasiya baxışının hədləri daxilində hüquqi əhəmiyyət kəsb edən dəlillər kimi qəbul edilə bilməz və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrin qanuniliyinə təsir göstərmir.

23. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən

qərara aldı:

Bakı Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar