Məhkəmə qərarları › İş №2-1(102)-4561/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4561/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4561/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı, “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamı ilə müəyyən torpaq sahələri Binəqədi bələdiyyəsinə təhvil verilmişdir.

2. Həmin sərəncamı əsasında Binəqədi bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1250 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilməsi qərara alınmış, ##.##.2006-cı il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin plan-cizgisi hazırlanmış, sərhədləri naturada müəyyən edilmiş, torpağın hər kvadrat metri üçün 5 manat hesabı ilə ümumilikdə 6250 manat məbləğində ödəniş edilmişdir. Həmçinin torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur.

3. X2 ##.##.2022-ci il tarixdə vəfat etmiş və iddiaçı İddiaçı onun vərəsəsi hesab olunaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarı əsasında ayrılmış 1250 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxs X2 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

5. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim olunmamış, torpaq sahəsinin yerləşmə cizgisində bələdiyyə qərarına istinad göstərilməmiş və sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yolkənarı yaşıllıq ərazisinin bir hissəsində yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq hesab edildiyi, eləcə də təqdim edilmiş cizgi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetr və konfiqurasiya fərqlərinin mövcud olduğu qeyd edilmişdir. Həmçinin həmin torpaq sahəsi ilə bağlı digər şəxslərin müraciətlərinin olduğu göstərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən Binəqədi rayonu, 7 mikrorayon S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə X2 ayrılan 1250 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, 7 mikrorayon S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1250 kv.m torpaq sahəsi ölmüş X1na torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunur ki, vətəndaş X2 ərizəsindəki məlumatlar bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılmış, müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi mümkündür. Bələdiyyənin Yerli İqtisadi İnkişaf daimi komissiyasının ##.##.2006ci il tarixli iclasında ərizəyə baxılaraq ##.##.2006-ci il tarixli ** saylı ümumi iclasında vətəndaş X2 1250 kv.m torpaq sahəsi ayrılması məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, “Bələdiyyə Torpaqlarının İdarəedilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006ci il tarixli, ** saylı ümumi iclasında qərara alınmışdır ki, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1250 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün YAM ilə 5 manat ödəmək şərti ilə) X2 mülkiyyətinə ayrılsın. X1 ##.##.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, * saylı notariat kontorunda miras əmlaka dair v-**/**** saylı vərəsəlik açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və Bələdiyyə torpaqlarının İdarəedilməsi haqqında Azərbaycan Respublikası Qanunun 6,7,9, və 20-ci maddələrini əsas tutaraq ## ###### 2006-cı il tarixli *** №-li müqavilə ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin, İnzibatı ərazisi 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1250 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki vəfat etmiş ərim X2 hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kv.m üçün YAM ilə 5 manat məbləğində razılaşdırılmış və X2 tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin İnzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında ## ###### 2006-ci il tarixli *** saylı alqı-satqı müqaviləsi X2 tərəfindən imzalanmış, sədr Məmmədov. N.A tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-cı ıl 10 yanvar tarixli *** saylı fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısı” qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək bağlanmışdır. Həmin akta əsasən X2 tərəfindən edilmiş müraciət əsasında Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinin satılması barədə ## ###### 2006-ci il tarixli *** saylı qərar qəbul edilmiş və həmin qərara əsasən bunun müqabilində saylı hesaba əvvəlcədən 6250-00 (altı min iki yüz əlli manat) haqq ödənilmişdir. Tərəflər arasında akt imzalandıqdan sonra möhürlənərək təsdiqlənmişdir. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X2 təklif olunan 1250 kv.m. torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Bələdiyyə mülkiyyətinin idarəedilməsi şöbəsinin mühəndis-memarı Qulamov F.Ə. tərəfindən imzalanmış Binəqədi rayonu. Binəqədi Bələdiyyəsi tərəfindən möhürlənərək təsdiqlənmişdir. Tam qanuni yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı əsasında mülkiyyətə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki torpaqla bağlı bütün sanitar, ekoloji qaydalara tərəfindən riayət edilmiş və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerli özünü idarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyətə ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün tərəfindən vəsait xərclər çəkilmişdir.

8. Cavabdeh iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmayıb və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə yol kənarı yaşıllıq ərazisinin bir hissəsində yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Eləcə də, təqdim edilmiş cizgi ilə sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin torpaq sahəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, İsmayılov Davud İsmayıl oğlunun və Nümayəndə müraciətləri mövcuddur.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarı ilə ayrılmış, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində, yerləşən 1250 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərin olmaması iddiaçının və onu vərəsəsi olduğu şəxsin məsuliyyət sferasına aid edilə bilməz. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə icraatı zamanı əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. ... torpaq sahəsinin iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərin olmaması iddiaçının və onun vərəsəsi olduğu şəxsin məsuliyyət sferasına aid edilə bilməz.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin ediməlməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yol kənarı yaşılıq ərazisinin bir hissəsində yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. – Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmayıb və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Eləcə də, təqdim edilmiş cizgi ilə sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin torpaq sahəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, İsmayılov Davud İsmayıl oğlunun və Nümayəndə müraciətləri mövcuddur. – Torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması, torpaqayıran orqanın səlahiyyətinin olub-olmaması və yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır. Həmçinin, torpaq sahəsinə digər şəxslərin və ƏMDX-in müraciəti olmasına münasibət bildirilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

26. İş materiallarında olan sənədlərdən görünür ki, Binəqədi bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1250 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilmiş, həmin qərar əsasında alqı-satqı müqaviləsi və torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, torpağın dəyəri ödənilmişdir. X2 ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı onun vərəsəsi kimi cavabdehə müraciət edərək mübahisəli torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

27. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinə dair yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməmiş, sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmamış, təqdim edilmiş cizgi ilə sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcud olmuş, torpaq sahəsinin dövlət mülkiyyətində olan yaşıllıq ərazisinə düşdüyü göstərilmiş, habelə həmin torpaq sahəsi ilə bağlı digər şəxslərin və aidiyyəti dövlət qurumunun müraciətlərinin olduğu bildirilmişdir.

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə icraatı zamanı əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən və cavabdehin dəlillərindən irəli gələn bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

30. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərindən müəyyən edilir ki, Orucov Malikə bələdiyyə sənədləri əsasında, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahələri ayrılmışdır. Bu baxımdan, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ayrılmış torpaq sahələrinin dövlət torpaqları olması cavabdehin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan yaşıllıq ərazisinə düşdüyünə dair dəlilinin iş üçün əhəmiyyətini artırmışdır. Lakin apellyasiya məhkəməsi həmin xüsusatın müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməmiş, eləcə də cavabdehin göstərilən dəlilinə lazımi hüquqi qiymət verməmişdir.

31. Halbuki, hazırkı 17-ci bəndində istinad edilən normalara əsasən, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər. Obyektiv araşdırma prinsipinin tələbi baxımından hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin məhz Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid olduğu və onun mülkiyyətinə verildiyi təkzibolunmaz faktlarla sübut edilməlidir.

32. Alqı-satqı aktının DTXK tərəfindən təsdiq edilməməsi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası razılaşır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət olunan icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti başa çatana və ya başqa əsaslarla qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Lakin həmin yanaşma yalnız o halda tətbiq edilə bilər ki, torpaq sahəsinin ayrılması digər şəxslərin hüquqlarını pozmasın və torpaq sahəsi qanunauyğun əsaslarla ayrılmış olsun.

33. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə bağlı dövlət orqanlarının, eləcə də İsmayılov Davud İsmayıl oğlu və Nümayəndə müraciətlərinin mövcud olduğu iş materialları ilə müəyyən edilir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin müraciətlərin məzmununu, onların mübahisəli torpaq sahəsi ilə əlaqəsini və işin nəticəsinə mümkün təsirini araşdırmamış, bu xüsusatlara hüquqi qiymət verməmişdir.

34. Məhkəmə kollegiyası digər bir hala da diqqət yetirməyi zəruri sayır ki, iş materiallarında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, həmin ərizə ilə iddia tələbi artırılaraq hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə yanaşı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006cı il tarixli, *** nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti üçün ayrılmış 500 kv.m və ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti üçün ayrılmış digər 500 kv.m torpaq sahələrinə dair hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi də xahiş edilmiş, ərizəyə müvafiq sənədlər əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin ##.##.2005-ci il tarixli məhkəmə iclasında həmin ərizəyə növbəti məhkəmə iclasında münasibət bildiriləcəyinin elan olunmasına baxmayaraq, sonradan məhkəmə tərəfindən bu ərizəyə münasibət bildirilməsi iş materialları ilə müəyyən edilmir.

35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

37. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “İddiaçı şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

38. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın təmin edilməməsi tələbinə aid hissədə təmin oluna bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar