Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4564/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin *** saylı ##.##.2007-ci il tarixli qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə X3 ayrılmışdır.
2. Iddiaçı həmin torpaq sahəsində mövcud olan hasarın Cavabdeh tərəfindən söküldüyünü və eyni zamanda, orada aparılan kanalizasiya xəttinin çəkilməsi və nasosxananın inşası ilə əlaqədar həmin ərazinin torpaq sahəsinin tikinti tullantıları ilə çirkləndirilməsini iddia edərək cavabdehə müraciət etmiş və bunların əvəzində ona kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh onun müraciətinə ##.##.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi təqdim olunan torpaq sahəsinin ayrılması ilə bağlı Biləcəri Bələdiyyəsinin ## ### 2007-ci il tarixli, *** nömrəli qərarı ilkin torpaqayırma sənədi hesab olunur. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) Cavabdeh ASC-yə təqdim olunduqdan sonra, prosedur qaydalarına uyğun olaraq, qanunvericiliyin tələbləri ilə kompensasiya ödənişlərinin həyata keçirilməsi məsələsinə baxıla bilər.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1,6 m olmuş (yer səviyyəsindən 0,6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırkı bazar qiymətlərinə uyğun olaraq 14.430 manat və 8000,0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq 120.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ona Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 2 metr hündürlüyündə həmin ərazini tam əhatə etməklə cüt daşla hasarlanmış, onun tərəfindən abadlıq işləri görülmüş, kənar şəxslər tərəfindən müdaxilənin qarşısını almaq üçün dəmir darvaza da qoyulmuşdur. Torpağın hasarlanması, çəkilməsi üçün xeyli vəsait xərcləmişdir. Həmin torpaq sahəsinin 0,4 ha sahəsi cavabdeh Cavabdeh ASC tərəfindən heç bir məhkəmə qərarı olmadan, kompensasiya verilmədən, özbaşınalıq edilərək, onun iradəsinə zidd olaraq zəbt edilmiş və dövlət əhəmiyyətli layihə üçün istifadə olunmuşdur. Yəni cavabdeh mülkiyyətinə qəsd edərək, torpaq sahəsində kanalizasiya xətti çəkmişdir. Göstərilən layihə üçün istifadə olunan torpaq sahəsinə görə aralarında danışıqlar aparılmış, razılaşmaya görə cavabdeh qısa müddətdə kompensasiya ödənilməsi barədə vəd vermişdir.Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh verilən vədi yerinə yetirməmişdir. Cavabdeh yenidən istifadəsində olan 0,3 ha torpaq sahəsinə də müdaxilə etmiş və yenidən həmin ərazidə isə su-kanalizasiya xətlərinin çəkilməsi üçün nasosxana inşa etmişdir. Eyni zamanda, həmin nasosxananın inşasında, kanalizasiya xətlərinin çəkilməsində ərazidə iri nəqliyyat vasitələrinin gediş-gəlişi nəticəsində ona məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m ərazidə bütünlüklə hasar sökülmüş, dağılmış və ona maddi ziyan dəymişdir. 5 ildən artıqdır ki, dəfələrlə aidiyyəti orqanlara şifahi və yazılı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və ona kompensasiya ödənilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə baxmayaraq, tədqiqat obyektinə baxış keçirilməsi üçün tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
7. Iddiaçının müraciəti əsasında X1 və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən *** nömrəli ## ###### 2022-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinin 500,0 kv.m hissəsinin Cavabdeh ASC tərəfindən çəkilmiş 300 mm ölçüdə olan kanalizasiya xəttinin mühafizə zolağında düşüyü, 8000,0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1,6 m olmuş (yer səviyyəsindən 0,6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpası xərclərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 14430,0 (on dörd min dörd yüz otuz) manat olması, 8000,0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantalarının daşınması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 120000,0 (yüz iyirmi min) manat dəyərində xərc tələb olunduğu müəyyən edilmişdir.
8. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli sorğusunun icrası ilə əlaqədar olaraq Hüquq Əmlak Məsələləri Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ** nömrəli ##.##.2023-cü il tarixli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən, X3 məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırki bazar qiymətinin təqribən 16733,0 (on altı min yeddi yüz otuz üç) manat, eləcə də, həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırki bazar qiymətinin təqribən 120000,0 (yüz iyirmi min) manat təşkil etdiyi müəyyən edilmişdir.
9. Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Hüquq Əmlak Məsələləri Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ** nömrəli ##.##.2023-cü il tarixli arayışa əsasən mütəxəssis bildirmişdir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli məktubunda qeyd olunan, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.metr torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırkı bazar qiymətinin, eləcə də həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırkı bazar qiymətinin hesablanması üçün əraziyə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhəd hasarlarının bünövrəsinin izləri, hasarda istifadə olunan mişar daşlarının qalıqları, əraziyə inşaat materialları tullantılarının daşındığı müəyyən edilmiş, təqdim olunmuş fotoşəkillər təhlil edilmiş, müvafiq ölçmə işləri aparılmaqla görüləcək işlərin həcmini müəyyənləşdirmişdir. Həmçinin, https://tikinti.az, https://UcuzTap.az, https.V/Lalafo, https://xidmetler.az və sair müxtəlif internet saytlarında yerləşdirilən məlumatlarla, müvafiq malların satışını və xüsusi texniki vasitələrin icarəsini həyata keçirən digər ticarət mərkəzlərindəki qiymətlərlə tanış olmuş və Azərbaycan Respublikası Prezidentinin 29.09. 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə Fəaliyyəti haqqına Qanun”un qüvvəyə minməsi haqqında *** saylı Sərəncama əsasən qiymətləndirmənin forma və metodlarını müstəqil seçmə yolu ilə dövlət və kommersiya sirlərini saxlamaqla 3-cü şəxsdən şifahi məlumatlar almaqla rəydə qeyd olunan Smetada adları göstərilən malların, işlərin satış qiymətlərini müəyyənləşdirmişdir.
10. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddiaçı məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1,6 m olmuş (yer səviyyəsindən 0,6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırkı bazar qiymətlərinə uyğun olaraq 14.430,0 manat və 8000,0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq 120.000,0 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh ASC-yə həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsinin əsaslandırması: 11.1. Biləcəri Bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8000,0 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq X3 ayrılması barədə Biləcəri Bələdiyyəsinin *** nömrəli, ## ### 2007-ci il tarixli qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən qüvvədədir. 11.2. Iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin bununla belə, iddiaçıya aid olan həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ## ### 2007-ci il tarixli, *** nömrəli “ünvan 1 ünvanda yaşayan vətəndaş X2 Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə ayrılması haqqında” qərarı əsasında ayrılmışdır, odur ki, iddiaçının maddi marağı onun mülkiyyəti kimi qiymətləndirilməlidir. 11.3. Iddiaçının torpaq sahəsinin alınmanın təsirinə məruz qalıb-qalmaması hazırkı mübahisənin predmeti olmayıb, hazırda iddiaçının tək hüquqi marağı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən kanalizasiya xəttinin keçirilməsi zamanı torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin və torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərclərin ona ödənilməsinə nail olmaqdan ibarətdir. 11.4. Məhkəmə tərəfindən iddiaçının həmin tələblərinin əsaslarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin ərazidə su kanalizasiya xətlərinin çəkilməsi üçün nasosxana inşa edilməsi zamanı iddiaçıya məxsus torpaq sahəsində olan daş hasar sökülmüş və torpaq sahəsinə torpaq və inşaat materialları tullantıları tökülmüşdür. Həmin hasarın sökülməsi nəticəsində və torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün iddiaçıya dəymiş zərərin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Hüquq Əmlak Məsələləri Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətindən rəy və həmin rəyin əsaslandırılması olaraq müvafiq arayış əldə edilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.m torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırkı bazar qiyməti təqribən 16.733,0 (on altı min yeddi yüz otuz üç) manat, eləcə də, həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırkı bazar qiyməti təqribən 120.000,0 (yüz iyirmi min) manat təşkil edir. Məhkəmə sözügedən rəyi məhkəmənin qoyduğu suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilməsi və işdəki sənədlərlə öz təsdiqini tapması əsası ilə mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan iddaçının özünün müraciəti əsasında digər qiymətləndirmə şirkətindən əldə edilmiş rəydə də, torpaq və inşaat tullantılarının daşınması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq iddiaçıya təqribən 120.000,0 (yüz iyirmi min) manat dəyərində ziyan dəyməsi, eləcə də, sökülmüş hasarın bərpasının dəyərinin 14.430,0 manat (on dörd min dörd yüz otuz) təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının özünün müstəqil surətdə əldə etdiyi rəydə göstərilən rəqəmlər məhkəməyə təqdim edilmiş rəydəki məbləğlərlə eyni və yaxın məbləğləri təşkil edir. 11.5. Hazırkı işin məhkəmə araşdırması zamanı, həmçinin iddiaçının müraciəti əsasında cavabdeh orqanın özündə aparılmış inzibati icraat zamanı cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı təkzib edilməmiş, iddiaçıya yalnız torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri sənədləri təqdim etdikdən sonra müraciətinə baxılacağı bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi işdəki kifayət qədər mötəbər sübutlarla təsdiq olunmuşdur.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Eyni zamanda, cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov (məruzəçi), K.H.Əkbərov və A.P.Oruczadə) ## #### 2024-cü il tarixli, 2 *(***)-****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə (məruzəçi), S.Ə.Kərimov və A.Ə.Hüseyn) ## #### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar apellyasiya baxışına göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.
ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova (məruzəçi), M.N.Tağızadə və K.H.Əkbərov) ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş ərizə təmin edilmiş, apellyasiya mümkün hesab edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov (məruzəçi), Ş.A.Məmmədova və C.B.Məmmədov) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və mühəndistexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/*** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunmuş 8000 kv.m torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=400625.906, Y=4478205.187, X=400785.883, Y=4478202.477, X=400785.036, Y=4478152.484, X=400625.059, Y=4478155.194. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin *** nömrəli, ## ### 2007-ci tarixli qərarına əlavə olunmuş plan-cizgidə tərpənməz dayaq nöqtələrini (yollar, tikililər, YGEX, dəmir yolu xətləri və s.), nöqtələr arası məsafəni, perimetrik ölçüləri nəzərə alaraq, baxış zamanı təqdim olunmuş və iddiaçının iddia etdiyi torpaq sahəsinin, bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinin cizgisində göstərilmiş əraziyə və ölçülərə uyğun olduğu müəyyən olunur. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin 50 metr hissəsindən Dş 300 mm-lik kanalizasiya xətti keçdiyi müəyyən edilmişdir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsində torpaq və tikinti materialları tullantılarının olduğu müəyyən olunmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər P.A.Hüseynov (məruzəçi), Ş.A.Məmmədova və C.B.Məmmədov) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 20.1. Iddia tələbindən görünür ki, iddiaçı ona ayrıldığını iddia etdiyi torpaq sahəsində daş hasarın bərpasına görə 14.430,0 (on dörd min dörd yüz otuz) manat və torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1.0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün 120.000,0 (bir yüz iyirmi min) manat zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin iddiaçı qeyd edilən 8000,0 kv.m torpaq sahəsində məhz cavabdeh tərəfindən hasarın sökülməsini və həmin ərazinin torpaq və inşaat tullantıları ilə çirkləndirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. 20.2. Apellyasiya instansiyasında icraat zamanı məhkəmənin və tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı iddiaçının qeyd etdiyi ərazidə ümumiyyətlə hasar olmadığı, ərazinin nəzarətsiz olduğu və ərazinin torpaq və inşaat tullantıları ilə tamamilə çirkləndirildiyi müəyyən edildi. Lakin qeyd olunan ərazidə cavabdeh tərəfindən hasarın sökülməsini və sahənin torpaq və inşaat tullantıları ilə tamamilə çirkləndirilməsini təsdiq edən hallar müəyyən edilmədi. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəf də həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də, hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Iddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. Iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlər (hərəkətsizlik) nəticəsində ona maddi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Iddiaçının cavabdehin qanunsuz hərəkətinə (hərəkətsizliyinə) görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Belə olan halda, zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.
21. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı (kassator) kassasiya şikayətində işin hallarına, iddia tələbinin əsaslandırılmasındakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, onun hüquqi marağı yalnız hasarın söküntüsü və tullantıların daşınması ilə bağlı çəkiləcək xərclərə görə kompensasiyaya yönəlib.
b) kassasiya şikayətinə qarşı etiraz:
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Ilk növbədə, hazırkı mübahisə üzrə iddiaçının irəli sürdüyü kompensasiya tələbinin əsaslılığının qiymətləndirilməsi üçün onun müvafiq tələb üzrə subyektiv hüquqa malik olub-olmadığı müəyyən edilməlidir. Iddiaçı cavabdeh tərəfindən ona məxsus olduğunu bildirdiyi torpaq sahəsində mövcud olmuş hasarın sökülməsi və həmin sahəyə tökülmüş torpaq və inşaat tullantılarının təmizlənməsi üçün çəkilməli olan xərclərin kompensasiya edilməsini tələb edir. Iş materiallarından görünür ki, iddiaçı torpaq sahəsinə hüququnun əsası kimi Biləcəri Bələdiyyəsinin ## ### 2007-ci il tarixli, *** nömrəli qərarını təqdim etmiş və həmin qərarla 8000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə ona ayrıldığını bildirmişdir.
30. Qeyd edilməlidir ki, iddia tələbi 2 hissədən ibarətdir: 1) hasarın söküntüsünə və 2) tullantılara görə kompensasiya tələbi.
31. Hasarın sökülməsi ilə bağlı kompensasiya tələbinə münasibətdə ilk növbədə araşdırılmalı olan hallar mübahisəli torpaq sahəsində hasarın mövcud olub-olmaması və mövcud olmuş hasarın məhz cavabdehin fəaliyyəti nəticəsində sökülüb-sökülməməsidir. Bu iki hal müəyyən edilmədən, yalnız hazırda ərazidə hasarın mövcud olmamasına əsaslanmaqla tələbin əsassız olduğu nəticəsinə gəlmək düzgün olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş yerində müayinə zamanı ərazidə hasarın olmadığı müəyyən edilsə də, bu hal özlüyündə əvvəlki dövrdə həmin ərazidə hasarın mövcud olmadığını təsdiq etmir.
32. Buna görə də məhkəmə ilk növbədə, iddiaçıya hasarın cavabdehin mübahisəli ərazidə işlərə başlamasından əvvəl mövcud olmasına dair hansı sübutları təqdim edə biləcəyini təklif etməli, təqdim edilən fotoşəkilləri, sənədləri, hasarın tikintisinə dair ödəniş və digər sübutları əlaqəli şəkildə qiymətləndirməlidir. Bu baxımdan, işdə artıq müəyyən məlumatların olduğu da nəzərə alınmalıdır. Belə ki, məhkəmənin sorğusu əsasında əraziyə baxış keçirən mütəxəssis torpaq sahəsinin sərhəd hasarlarının bünövrə izlərinin və hasarda istifadə olunmuş mişar daşlarının qalıqlarının ərazidə mövcud olduğunu müəyyən etmiş, həmçinin təqdim olunmuş fotoşəkilləri təhlil etmişdir. Bu məlumatlar hasarın əvvəl mövcud olması məsələsinin əlavə araşdırılmasını tələb edən əhəmiyyətli sübutlardır.
33. Bundan sonra hasarın məhz cavabdeh tərəfindən sökülüb-sökülmədiyi müəyyən edilməlidir. Cavabdeh mübahisəli torpaq sahəsində müəyyən işlər gördüyünü bütövlükdə inkar etmir. Iş üzrə keçirilmiş ekspertiza zamanı da həmin sahənin 50 metrlik hissəsindən 300 mm-lik kanalizasiya xəttinin keçdiyi müəyyən edilmişdir. Buna görə cavabdehdən həmin ərazidə kanalizasiya xəttinin çəkilməsi və digər tikinti işlərinin aparılması ilə bağlı layihə və icraat materialları, işlərin başlanma və başa çatma tarixləri, ərazinin işlərə başlanmazdan əvvəlki vəziyyətini əks etdirən aktlar, sxemlər, fotoşəkillər, podratçı təşkilatların sənədləri və işlərin gedişini əks etdirən digər materiallar tələb edilməlidir. Həmin sənədlərdən işlərə başlanarkən ərazidə hasarın olub-olmamasının, hasarın sökülməsinin layihənin icrası üçün zəruri olub-olmadığının və faktiki olaraq söküntünün kim tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi mümkün ola bilər.
34. Bununla yanaşı, mübahisəli dövrdə ərazinin faktiki vəziyyətinin müəyyən edilməsi üçün Google Maps/Google Earth kimi açıq mənbələrdə mövcud olan tarix üzrə arxiv peyk və küçə görüntülərindən, habelə digər əlçatan kartoqrafik və aerofoto materiallardan istifadə imkanının olub-olmadığı araşdırıla bilər. Belə görüntülər mövcud olduğu halda, cavabdehin işlərə başlamasından əvvəl və sonrakı tarixlər üzrə ərazinin vəziyyətinin müqayisəsi hasarın mövcudluğu və onun hansı dövrdə sökülməsi məsələlərinin aydınlaşdırılmasına kömək edə bilər. Bu sübutlar digər sübutlarla birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.
35. Beləliklə, hasarın sökülməsinə görə kompensasiya tələbi üzrə araşdırma ardıcıllığı hasarın əvvəlcə mövcud olub-olmadığının, onun mövcud olduğu halda nə vaxt söküldüyünün və nəhayət, həmin nəticənin cavabdehin apardığı işlərlə səbəbli əlaqəsinin olub-olmadığının müəyyən edilməsinə yönəlməlidir. Yalnız bu halların tam araşdırılmasından sonra hasarın cavabdeh tərəfindən sökülməsinin sübuta yetirilibyetirilmədiyi və buna görə kompensasiya öhdəliyinin yaranıb-yaranmadığı barədə nəticəyə gəlmək mümkündür.
36. Torpaq və tikinti tullantılarının təmizlənməsi üçün tələb olunan kompensasiyaya münasibətdə araşdırma, ilk növbədə, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən kanalizasiya xəttinin çəkilməsi və nasosxananın inşasından sonra hüquqi və faktiki vəziyyətinin müəyyən edilməsinə yönəlməlidir. Iş üzrə ekspertiza zamanı iddiaçının göstərdiyi torpaq sahəsinin 50 metrlik hissəsindən 300 mm-lik kanalizasiya xəttinin keçdiyi və həmin sahədə torpaq və tikinti materialları tullantılarının mövcud olduğu müəyyən edilmişdir. Lakin bu halların müəyyən edilməsi özlüyündə tullantıların daşınması üçün tələb olunan məbləğin iddiaçıya kompensasiya kimi ödənilməsi üçün yetərli əsas hesab edilmir.
37. Ilk növbədə müəyyən edilməlidir ki, kanalizasiya xəttinin çəkilməsi və nasosxananın inşası nəticəsində mübahisəli 8000 kv.m torpaq sahəsinin tam və ya müəyyən hissəsi dövlət ehtiyacları üçün alınmaya məruz qalıbmı və həmin sahənin iddiaçı tərəfindən əvvəlki təyinatı üzrə faktiki istifadəsi hazırda mümkündürmü. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun kanalizasiya xətlərinin çəkilməsini torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verə bilən hallardan biri kimi nəzərdə tutur və “alınma” anlayışı torpağın yalnız bütövlükdə deyil, onun müəyyən hissəsinin alınmasını da əhatə edir. Buna görə cavabdehin həyata keçirdiyi layihənin torpaq sahəsinə təsirinin hüdudları dəqiq müəyyən edilməli, kanalizasiya xəttinin mühafizə zolağı və nasosxananın yerləşdiyi ərazi nəzərə alınmaqla torpağın hansı hissəsinin faktiki olaraq cavabdehin daimi istifadəsinə keçdiyi və hansı hissəsinin iddiaçının istifadəsində qala bildiyi aydınlaşdırılmalıdır.
38. Əgər araşdırma nəticəsində torpaq sahəsinin tamamilə dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı müəyyən edilərsə, tullantıların həmin sahədən təmizlənməsi üçün ayrıca kompensasiya tələbinin hüquqi və iqtisadi mənası qiymətləndirilməlidir. Belə halda iddiaçı artıq istifadə edə bilməyəcəyi və dövlət ehtiyacları üçün alınmış torpağın əvvəlki vəziyyətə gətirilməsi üçün xərc çəkməli olan şəxs kimi deyil, ilk növbədə alınmanın təsirinə məruz qalan şəxs kimi torpağın alınmasına və bundan irəli gələn itkilərə görə kompensasiya tələb edən şəxs qismində çıxış etməlidir. Qanun da alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınması və torpağa dair hüquqlarının itirilməsi ilə bağlı ədalətli kompensasiya verilməsini nəzərdə tutur.
39. Eyni yanaşma torpaq sahəsinin yalnız bir hissəsinin alınmaya məruz qalması halında həmin hissəyə münasibətdə tətbiq edilməlidir. Başqa sözlə, kanalizasiya xəttinin mühafizə zolağı, nasosxananın yerləşdiyi və ya digər səbəbdən iddiaçının istifadəsindən faktiki çıxmış hissə dövlət ehtiyacları üçün alınmışdırsa, həmin hissə üzrə əsas tələb torpağın əvvəlki vəziyyətə qaytarılması üçün tullantıların təmizlənməsi xərcindən deyil, alınmanın özündən və onun nəticələrindən irəli gələn kompensasiyadan ibarət olmalıdır. Bu baxımdan iş materiallarında olan mütəxəssis rəyində torpaq sahəsinin 500 kv.m hissəsinin cavabdehin çəkdiyi kanalizasiya xəttinin mühafizə zolağına düşdüyünün göstərilməsi də nəzərə alınmalı və bu hal əlavə araşdırılmalıdır.
40. Bunun əksinə olaraq, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmaya məruz qalmadığı və iddiaçının istifadəsində qaldığı hissəsinə münasibətdə tullantıların təmizlənməsi üçün kompensasiya tələbi prinsip etibarilə mümkün ola bilər. Çünki həmin halda iddiaçı torpaq sahəsindən istifadə imkanını saxlayır, lakin cavabdehin həyata keçirdiyi işlər nəticəsində ərazi tullantılarla çirkləndirilmişdirsə, torpaqdan normal istifadə imkanının bərpası üçün tullantıların daşınması zərurəti və bununla əlaqədar xərc yarana bilər. Iş materiallarında əraziyə baxış zamanı torpaq və inşaat materialları tullantılarının mövcudluğunun müəyyən edildiyi göstərilmişdir.
41. Beləliklə, tullantıların təmizlənməsi ilə bağlı tələbə qiymət verilməzdən əvvəl 8000 kv.m torpaq sahəsinin hansı hissəsinin dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı, hansı hissəsinin iddiaçının istifadəsində qaldığı və qalan hissədən faktiki istifadənin mümkün olub-olmadığı sərhədlər və sahələr göstərilməklə dəqiq müəyyən edilməlidir. Bundan sonra, alınmaya məruz qalmış hissə üzrə tələb dövlət ehtiyacları üçün alınmadan irəli gələn kompensasiya hüququ baxımından, alınmaya məruz qalmayan və iddiaçının istifadəsində qalan hissə üzrə isə tullantıların təmizlənməsi nəticəsində çəkilməli olan real və zəruri xərclərin əvəzinin ödənilməsi baxımından ayrıca qiymətləndirilməlidir. Bu iki hüquqi vəziyyət fərqləndirilmədən bütün 8000 kv.m sahə üzrə tullantıların daşınması xərcinin vahid zərər kimi müəyyən edilməsi əsaslandırılmış nəticəyə gəlməyə imkan vermir.
42. Bununla yanaşı, iddiaçının tələbinin məzmunu da ayrıca qiymətləndirilməlidir. Iddiaçı torpaq sahəsinə tökülmüş torpaq və inşaat tullantılarının daşınması üçün çəkilməli olduğu xərci pul şəklində kompensasiya kimi tələb edir. Iş materiallarında təqdim edilmiş rəylərdə də tələb olunan məbləğ məhz tullantıların ərazidən daşınması üçün zəruri xərc kimi hesablanmış və 120.000 manat müəyyən edilmişdir.
43. Lakin hazırkı halda hüququn bərpasının yalnız tullantıların daşınması üçün tələb olunan xərcin iddiaçıya pul şəklində ödənilməsi yolu ilə mümkün olub-olmadığı da müzakirə edilməlidir. Əgər tullantıların cavabdehin həyata keçirdiyi tikinti işləri nəticəsində mübahisəli sahəyə töküldüyü müəyyən edilərsə, alternativ bərpa üsulu kimi cavabdehin üzərinə həmin tullantıları öz hesabına ərazidən kənarlaşdırmaq və torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarmaq öhdəliyinin qoyulması məsələsi nəzərdən keçirilə bilər.
44. Belə yanaşma hazırkı mübahisənin xüsusiyyətləri baxımından xüsusilə əhəmiyyətlidir. Çünki iddiaçının tələb etdiyi 120.000 manat onun artıq çəkdiyi xərc deyil, torpaq sahəsinin gələcəkdə təmizlənməsi üçün çəkilməli olduğu hesablanan xərcdir. Iş materiallarından da tullantıların hazırda ərazidə mövcud olduğu görünür, apellyasiya instansiyasında aparılmış ekspertiza zamanı torpaq sahəsində torpaq və tikinti materialları tullantılarının olduğu müəyyən edilmişdir. Buna görə, əgər həmin tullantıların cavabdehin fəaliyyəti nəticəsində yarandığı sübuta yetirilirsə və ərazinin əvvəlki vəziyyətə qaytarılması faktiki olaraq mümkündürsə, zərərin aradan qaldırılmasının birbaşa üsulu tullantıların cavabdeh tərəfindən təmizlənməsi də ola bilər.
45. Odur ki, məhkəmə iddiaçı ilə bu məsələni müzakirə etməli, onun hüquqi marağının məhz 120.000 manat pul vəsaitinin əldə edilməsinə, yoxsa torpaq sahəsinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmasına yönəldiyini aydınlaşdırmalıdır. Sonuncu halda cavabdehin tullantıları öz qüvvəsi və hesabına ərazidən kənarlaşdırmasının faktiki və texniki cəhətdən mümkün olub-olmadığı da müəyyən edilməlidir. Bununla həm pozulmuş vəziyyətin birbaşa bərpası, həm də hələ faktiki çəkilməmiş təmizləmə xərclərinin pul şəklində tutulmasının zəruri olub-olmaması barədə əsaslandırılmış nəticəyə gəlmək mümkün olar.
46. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
48. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunmuş mövqeləri rəhbər tutmaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlməlidir.
49. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.