Məhkəmə qərarları › İş №2-1(102)-4566/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4566/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4566/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının peşə baxımından tanınması; qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi; cərimə tətbiq edilməsinin zəruri və mütənasib tədbir olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1nə qarşı “ixtisas dərəcəsinin tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya *-**-**/*-X-***-*/**** saylı ##.##.2024-cü il tarixli məktub ünvanlanmış və bildirilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı Filialında aldığınız ali təhsilə aid kvalifikasiyanın tanınması barədə ##.##.2024-cü il tarixli, *-**-**/*-X-***-*/**** nömrəli ərizənizə aidiyyəti üzrə xxxxndə baxılmışdır. Xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə icraat, ərizəçilərin həmin Qaydaların qüvvəyə minməsindən sonra elektron ərizə sistemi vasitəsilə edilmiş müraciətlərinə nisbətdə Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılır. Qaydalara əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu üçün ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunsa da, tanınmanın bu növü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda, ərizəçilərin öz müraciətləri əsasında tətbiq edilir.

2. İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində 1997-2003-cü illərdə aldığı təhsil və ИВС ******* nömrəli, ## ### 2003-ci il tarixli diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsinin tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) ##.##.2024-cü il tarixli, *- *(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçı İddiaçı adına verilmiş ИВС ******* nömrəli ##.##.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.X.Nəbizadə (məruzəçi), M.N.Tağızadə və K.H.Əkbərov) ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. İPM-in 79-cu maddəsinə uyğun olaraq məhkəmənin qərarı qanuni qüvvəyə mindiyindən ##.##.2025-ci il tarixli icra məktubu ilə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir.

6. Cavabdeh iddiaçının diplomunu akademik baxımdan tanısa da, peşə baxımından tanımamışdır. Belə ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilən məhkəmə qərarının icrasına dair məktubda bildirmişdir ki, iddiaçı İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ##.##.2003-cü il tarixli ИВС ******* nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarına izah verilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) ##.##.2025-ci il tarixli, *- *(***)-*****/**** nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsi (hakim L.S.Musayeva) tərəfindən cavabdeh xxxxnə ## #### 2025-ci il tarixli məktub ünvanlanmış, ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarın icrasına dair məhkəməyə 15 gün ərzində məlumat verilməsi tələb olunmuş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən cərimə barədə xəbərdarlıq edilmişdir.

10. Buna baxmayaraq, məhkəmə qərarı qeyd edilən müddətdə icra edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) ##.##.2025-ci il tarixli, *- *(***)-*****/**** nömrəli qərardadı ilə cavabdeh xxxxnin 300 (üç yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

12. Cavabdeh orqan Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.A.Sevdimalıyeva (məruzəçi), P.A.Hüseynov və O.N.İsmayılov) ## ###### 2025-ci il tarixli, **(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin hazırkı şikayətdə qeyd edilən dəlillərinə qüvvəyə minmiş yekun məhkəmə qərarında qiymət verilmiş və iddiaçı təhsilini 2003-cü ildə bitirdiyindən cavabdehin Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na istinad etməklə Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələbində ifadə olunan imtinası qanunsuz hesab edilmişdir. Belə ki, qeyd edilən tələb məhz peşə tanınması üçün şərtdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə olan təqdirdə, inzibati orqanın qərarı tam olaraq icra etməkdən (yəni diplomun tam tanınmasına dair şəhadətnamə verməkdən) başqa yolu yoxdur və imtinanın dəlillərinə təkrarən istinad etməklə qərarı qismən icra etməsi və ya məhkəmə qərarını təkrarən təftiş etməsi yolverilən hesab edilə bilməz. Belə ki, məhkəmə qərarına əsasən iddiaçıya münasibətdə həmin əsaslandırma artıq qanunsuz hesab edilib və iddiaçıya tətbiq edilməməli olduğu təsbit edilib. Buna baxmayaraq, eyni dəlillərin məhkəmə qərarının icrası zamanı təkrarlanması qərarla təsbit edilmiş hüququn həyata keçirilməsindən imtina kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə qərarının cavabdeh tərəfindən qeyd edilən aşkar şəkildə icrasından yayınma hüquq müəyyənliyi prinsipinə zidd olmaqla cəmiyyətdə məhkəmə qərarı ilə təmin edilmiş hüquqların xəyali olmasına dair yanlış təəssürat yarada və ədalət mühakiməsinin həyata keçirilməsinin kobud pozuntusu ilə nəticələnə bilər. Məhkəmə belə qənaətə gəlir ki, dəfələrlə (o cümlədən cərimə barədə) xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı cavabdeh tərəfindən qəsdən tam icra olunmur.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir və bildirilir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli **(***)-*****/**** nömrəli qərarı Agentlik tərəfindən səlahiyyətləri daxilində tam şəkildə icra olunmuşdur. Cavabdeh tərəfindən inzibati icraat ərizəçilərin təhsil aldıqları dövrün qanunvericiliyinə əsasən deyil, tanınma ilə bağlı müraciətin qeydə alındığı zaman qüvvədə olan qanunvericiliyə əsasən aparılmaqdadır. Çünki bu Qaydalar vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınması prosesini tənzimləyir. Bildirilir ki, artıq hüquqi qüvvəsini itirmiş qanunvericilik normalarının tətbiqi qeyri-mümkün olduğundan Agentlik tərəfindən bütün ərizəçilərə münasibətdə icraat eyni qaydada aparılaraq qərar qəbul olunur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verməmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: İ. Ümumi müddəalar 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. III. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.

19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”:

2. Tanınmaya dair müraciətin edilməsi 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 2.5. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla) Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. 2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il # ###### tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. 2.7. Bu Qaydaların 2.6-cı bəndinin tələbləri aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir: 2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar; 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; 2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar; 2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar. 2.8. Ərizəçinin bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərlə yanaşı, akademik və peşə hazırlıq səviyyəsini və təcrübəsini təsdiq edən əlavə sənədlər təqdim etmək hüququ vardır.

4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri.

6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar; 6.3.2. “X3 X5”, “QS X5” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar. 6.4. Bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd edilən beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. 6.5. Bu Qaydaların 4.2-ci bəndinə (4.2.4-cü yarımbənd istisna olmaqla) uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.

Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

Kasasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. İşin faktiki hallarından görünür ki, icrası tələb olunan qüvvəyə minmiş məhkəmə qərarı ilə (Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı) iddia tələbi təmin edilərək Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçı İddiaçı adına verilmiş ИВС ******* nömrəli ##.##.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

25. Cavabdeh iddiaçının hüquqşünaslıq ixtisası üzrə ali təhsilə aid kvalifikasiyasını (bakalavr diplomunu) akademik baxımdan tanısa da, peşə baxımından tanımamışdır. Cavabdeh bunu onunla izah etmişdir ki, iddiaçıya ali təhsilə aid kvalifikasiya 2003-cü ildə verilsə də, iddiaçı onun tanınması üçün cavabdehə 2024-cü ildə müraciət etmişdir. Buna görə də, peşə tanınması hissəsində iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları tətbiq edilməli və həmin Qaydaların tələblərinə uyğun olaraq, iddiaçı müvafiq imtahanda iştirak etməli və yalnız imtahandan uğur qazandıqdan sonra peşə tanınmasına dair şəhadətnamə verilməlidir.

26. Hazırki işdə, apellyasiya instansiya məhkəməsi cavabdehi qüvvəyə minmiş məhkəmə qərarını tam icra etmədiyi üçün, yəni akademik tanınma həyata keçirsə də, peşə tanınmasını icra etmədiyi üçün 300 manat cərimə edən birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Cavabdeh kassasiya şikayətində səlahiyyətləri daxilində məhkəmə qərarını tam şəkildə icra etdiyini və cərimənin qanunsuz olduğunu bildirir.

27. Bununla bağlı, Məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli üç ulduz nişanı verilmiş oxşar işindəki mövqeyinə istinad etməyi zəruri sayır. Həmin qərarda təsbit edilmişdir ki, “...xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsə kvalifikasiyanın verildiyi tarixdə qüvvədə olmuş qanunvericilik deyil, məhz müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir... Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işdə iddiaçıya Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələbləri tətbiq edilməli idi və iddiaçı peşə tanınması üçün müvafiq imtahanda iştirak etməli idi, lakin iddiaçının vəziyyəti ümumi qaydadan fərqlənir. Belə ki, onun mübahisələndirilən diplomun həm akademik, həm də peşə tanınmasının təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın üzərinə Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun öhdəlik qoyan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu hal isə iddiaçının vəziyyətinə ümumi qaydanın – kvalifikasiyanın (diplomun) tanınması üçün müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericiliyin tətbiqini istisna edən hüquqi amil kimi qiymətləndirilməlidir... Qüvvəyə minmiş məhkəmə qərarı qətidir və icra edilməlidir”.

28. Göründüyü kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsin kvalifikasiyaya müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi ümumi qayda kimi təsbit edilmişdir.

29. Hazırkı iş üzrə Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Bakı Filialı) tərəfindən iddiaçıya verilmiş ##.##.2003-cü il tarixli, ИВС ******* nömrəli diplomdan, həmin diplomun əlavəsindən və apostil sənədindən görünür ki, iddiaçı həmin Universitetdə 1997-2003-cü illərdə illərdə əyani təhsilalma formasında təhsili almış, “hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəli verilmişdir.

30. Məhkəmə kollegiyası vurğulayır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanuni qüvvəsini almış * saylı Bakı Yerli İqtisad Məhkəməsinin ## #### 2007ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin * saylı Bakı Yerli İqtisad Məhkəməsinin ## #### 2007ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və orada təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə, Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən, müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia verilən vaxta qədər verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

31. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən məhkəmə təcrübəsində təsbit edilmişdir ki, qanuni qüvvəsini almış * saylı Bakı Yerli İqtisad Məhkəməsinin ## #### 2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dağısan Dövlət Universitetinin Bakı Filialının Filial fəaliyyətə başladığı gündən iddia verilən vaxta qədər verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Hazırkı işdə iddiaçı da məhkəmə tərəfindən ## #### 2007-ci il tarixli qətnamə qəbul edildikdən əvvəl, 2003-cü ildə Filialı bitirmişdir.

32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqşünaslıq ixtisası üzrə diplomun tanınması ilə bağlı mövqeyi ondan ibarətdir ki, peşə tanınması Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun həyata həyata keçirilə bilər.

33. Hazırkı işin xüsusi hallarından görünür ki, iddiaçı hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini 1997-2003-cü illərdə almışdır. İddiaçının vəziyyətində olan məzunların bakalavr diplomu bu qərarın 30-31-ci bəndlərinə əsasən məhkəmə qaydasında Azərbaycan Respublikasında tanınırdı. İddiaçı da məhz həmin məhkəmə təcrübəsinə etimad edərək diplomun tanınmasını xahiş etmişdir.

34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin mövcud məhkəmə praktikasının oxşar işlər üzrə tətbiqi zamanı nəzərə alınmalı olan ən önəmli məsələlərdən biri işin hallarının və tətbiq edilməli hüquq normalarının eyniliyi olmalıdır. Bu zaman hər bir iş özünün xarakterik və xüsusi halları üzrə tam və hərtərəfli araşdırılmalı, yalnız bundan sonra mövcud məhkəmə praktikasının həmin işə tətbiq edilib-edilməyəcəyi məsələsi aydınlaşdırılmalıdır.

35. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

36. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması * saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X2rşı [BP], № *****/**, AİHM 2005-XI, § 154).

38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi bu işin xüsusi hallarını nəzərə alaraq iddiaçının təhsil hüququnun təmin edilməsi, cavabdehin imtinasının mütənasiblik, qanunçuluq və ədalət prinsiplərinin tələbləri baxımından qiymətləndirmişdir.

39. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulan cavabdehin sifarişi əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunmadan iddiaçının diplomunun tanınması həyata keçirilməlidir.

40. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşmış təcrübəsinə görə, Nazirlər Kabinetinin 2003-cü il tarixli ** nömrəli Qərarı ilə qüvvədə olmuş Qaydaların tətbiq edildiyi dövrdə cavabdehin üzərinə öhdəlik qoyan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin * saylı Bakı Yerli İqtisad Məhkəməsinin ## #### 2007-ci il qətnaməsi ilə etibarlılığı qorunmuş diplomlar üzrə tanınma 2003-cü ildə qüvvədə olan Qaydalara (Nazirlər Kabinetinin ** nömrəli Qərarına) əsaslanmalı və əlavə imtahan şərti olmadan həm akademik, həm də peşə fəaliyyətini əhatə etməlidir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı da bu əsasla iddiaçının ali təhsilə aid kvalifikasiyasının (diplomunun) Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentlik şəhadətnaməsinin verilməsini tələb etdiyi halda, cavabdehin 2023-cü il Qaydalarına istinad edərək peşə tanınması üçün əlavə imtahan şərti irəli sürməsi məhkəmə qərarlarının qətiliyi və məcburiliyi prinsipinə (res judicata) ziddir. Buna görə də, cavabdeh iddiaçının kvalifikasiyasını peşə baxımından tanımaqdan imtina etməkdə haqlı olmamışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu imtinası onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi icra etməkdən imtina kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə qərarının icra edilməməsi səbəbindən cavabdeh Agentliyə 300 manat cərimə tətbiq edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Cavabdeh orqanın məhkəmə qərarını qəsdən və qərəzli şəkildə icra etməməsi təsdiq olunmur. Cavabdeh orqan məhkəmə qərarını müvafiq qaydada icra etməsə də, davamlı və qərəzli fəaliyyətsizlik nümayiş etdirməmişdir. Cavabdeh iddiaçının ali təhsilə aid kvalifiakasiyasının akademik baxımından tanımasını aparmışdır, peşə baxımından tanınmanı isə qüvvədə olan qanunvericiliyə görə müvafiq imtahan əsasında aparılmalı olunmasını hesab etmişdir. Yaranmış hüquqi mübahisə məhkəmə qərarının icrasından qəsdən və qərəzli yayınma kimi qiymətləndirilə bilməz. Buna görə, məhkəmə kollegiyası cərimənin tətbiq ediməsini zəruri və mütənasib tədbir hesab etmir. Məhkəmə qərarının icra edilməməsi səbəbindən cavabdehə cərimə tətbiq edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-****/**** nömrəli qərardadı ləğv edilməlidir.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası sonda vurğulamağı zəruri sayır ki, işin hazırkı halında iddiaçının ali təhsilə aid kvalifiakasiyasının həm də peşə tanınmasının həyata keçirilməli olduğundan cavabdeh iddiaçının ali təhsilə aid kvalifiakasiyasının peşə baxımından tanınmasını həyata keçirməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh X1nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar