Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4577/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək pensiyasının təyin olunması barədə qərarın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın aparılması; qərarın dəyişdirilməsi və ya ləğv olunması üçün əsas olan halın inzibati orqana məlum olma vaxtı; etimad hüququ; hüquqi müəyyənlik; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu əsası ilə kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*-(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı dövlət qulluğunda əmək fəaliyyəti nəzərə alınmaqla 2015-ci il # ### tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 2024-cü il ## ###### tarixli, 3-17- */*-*-*****/**** nömrəli qərarı ilə, iddiaçıya ödənilən pensiya məbləği 2172,63 manatdan 1700,14 manatadək azaldılmışdır.
3. Cavabdehin iddiaçıya ünvanladığı 2024-cü il # ######## tarixli məktubunda bildirmişdir ki, araşdırma zamanı müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əməkhaqqı ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqının arasındakı fərq məbləğinin 50,75 faizi-279,70 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyanın (932,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1211,78 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021- ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay üzrə 1548,55 manat məbləğində ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5518,68 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiya həmin tarixdən 1700,14 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ona hər ay 2172,63 manat məbləğində ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə ümumilikdə iddiaçıya 3779,92 manat artıq pul vəsaiti ödənilmişdir. Müvafiq hesablamalar aparılarkən ona pensiya üzrə son üç il üçün ümumilikdə 14397,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, maddi yardım üzrə 2022ci il üçün iddiaçıya 404,15 manat artıq pul vəsaiti ödənilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona ## ###### 2024-cü il tarixində məktub göndərilməklə # ######## 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2024-cü il tarixində gəlmiş və ona vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra onun yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Sonra isə sözügedən Qanunun tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib.
4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, *-**-*/*****/**** nömrəli qərarın ləğv edilməsi, əvvəlki hesablanmış pensiya qaydasının bərpası, tutulmuş pul məbləğinin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə ##.##.2024-cü il tarixli, *-**-*/*****/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçının əvvəlki hesablanmış pensiya qaydasının bərpası, tutulmuş pul məbləğinin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim O.Həsənov).
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*-(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qərarı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər – A.Oruczadə, E.Əliyev və F.Mədətli).
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə cavabdeh əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli üç ulduzlu qərarı, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı) iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
13. Həmçinin məhkəmə kollegiyası razılaşır ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
14. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli və *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərardadları) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur.
16. Məhkəmələr düzgün olaraq belə bir nəticəyə gəlmişlər ki, cavabdehin istinad etdiyi hal (# ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqının arasındakı fərq məbləğinin 50,75 faizi-279,70 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyanın (932,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1211,78 manat məbləğində hesablanmalı olması) səhv hesablanmanın nədən ibarət olmasını və onun əsasının nədən ibarət olmasını aşkar müəyyən etməməklə, müvafiq hesablanmanın hansı qaydada aparılması həmin vaxtda qüvvədə olan müvafiq qanunvericilik norması ilə tənzimlənməklə, həmin normanın tələbləri cavabdehə məlum olmuşdur. Indiki halda isə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində səhv hesablanmanın və onun əsasının nədən ibarət olması, həmin halların ona nə vaxt məlum olması (1 illik müddətə münasibətdə) halları, habelə pensiya məbləğinin azaldılmasına əsas olan halların nədən ibarət olması müvafiq qərarda əsaslandırılmamış, habelə ona dair heç bir sübut təqdim edilməmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli Qərarında “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47.Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*-(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.