Məhkəmə qərarları › İş №2-1(102)-4592/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4592/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4592/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “* saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “tələbin icraya yönəldilməsi haqqında ##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının barəsində * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2021-ci il tarixli Qərara əsasən 154.741,62 əsas, 53.869,00 manat faiz, 240,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 208.850,62 manat vergi borcu müəyyən edilmiş və qərar Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. O, məcburi köçkündür və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Onun məlumatı olmadan başqqa şəxslər tərəfindən adına VÖEN açılmışdır. Əmək pensiyasından tutulmalar aparıldıqdan sonra o, həmin borcdan xəbərdar olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və iş hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hal-hazırda onun şəxsi hesab vərəqəsındə 12.139,97 manat vergi borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim edilmiş ## #### 2024-cü il tarixli cavab məktubundan aydın olur ki, onun adına açılmış fiziki şəxs VÖEN hesabları üzrə onun tərəfindən heç bir əməliyyat həyata keçirilməmiş, yaranmış vergi borcu üzrə onun təqsiri müəyyən olunmamış, həmin VÖEN hesabları üzrə əməliyyatları həyata keçirmiş şəxslər tərəfindən vergi borcu tamamilə ödənilmişdir. Göründüyü kimi qalan borclar da silinmiş, qəbul edilən əvvəlki qərarlar ləğv edilmişdir. Qərarın qüvvədən düşdüyünü və tələbin icraya yönəldilməməsi barədə Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etsə də, ona yanlız tələbi verən şəxs geri götürə biləcəyini bildirdilər. Lakin vergi orqanına müraciət etsə də, həmin tələb hələ də geri götürülməmişdir. Hətta cavabdeh 208.850,62 manat vergi borcunun olmadığını qəbul edir, lakin buna baxmayaraq icra sənədini geri götürmür.

3. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən tələbin icraya yönəldilməsi yalnız hüquqi qüvvədə olan və ləğv edilməmiş vergi borcu barədə inzibati akt əsasında həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə görə, belə icra tədbirləri qanunidir və vergi orqanının səlahiyyətləri çərçivəsindədir. Həmin tədbirlərin dayandırılması və ya ləğvi yalnız əsas inzibati aktın (yəni, borcun hesablanmasının) etibarsız hesab olunması və ya ləğvi ilə mümkün ola bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi orqanı tərəfindən qəbul edilən “Tələbin icraya yönəldilməsi haqqında qərar” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati akt hesab oluna bilməz. Belə ki, borcun icraya yönəldilməsi haqqında qərar, borcun özünü yaratmır və ya onun məbləğini dəyişdirmir. Başqa sözlə vergi ödəyicisi üçün hüquqi nəticəsi yoxdur. Mövcud hüquqi nəticənin realizəsinə yönəlmişdir. Yəni, borcun əsası bu qərarla yaranmır, əsas borc daha əvvəl, vergi borcunun hesablanması barədə qəbul edilmiş inzibati aktla müəyyən edilmişdir. “Tələbin icraya yönəldilməsi haqqında qərar” icra sənədlərinin icrası prosesinin bir mərhələsidir. Bu qərar, inzibati orqanın sonrakı məcburi icra tədbirlərinin (əmlakın özgəninkiləşdirilməsi, pul vəsaitlərinin silinməsi və s.) görülməsi üçün əsas olan sənəddir. Göründüyü kimi hazırda mübahisələndirilən “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2021-ci il tarixli Qərar inzibati akt kimi qəbul edilə bilməz.

5. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər: V.Əzizova - sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmiş, iddia mümkün sayılmamışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ...əsas borc daha əvvəl vergi borcunun hesablanması ilə bağlı qəbul olunmuş inzibati aktla formalaşıb. “Tələbin icraya yönəldilməsi haqqında qərar” isə sadəcə icra prosesinin bir mərhələsini təşkil edir və sonrakı məcburi icra tədbirlərinin (məsələn, əmlakın satılması, hesabdakı vəsaitlərin tutulması və s.) görülməsi üçün hüquqi əsas rolunu oynayır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin araşdırılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayətini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 13-cü və 48.1-ci maddələri üzrə məhkəmələr heç bir prosessual hərəkətlər etməmişlər. Belə ki, inzibati məhkəmə hazırkı vəziyyətdə mağdur iddiaçıya hüquqi yardım göstərməlidir. Ona qarşı ədalətsiz qərarın icrasını dayandırılması istiqamətində bu və ya digər tədbirlər görməlidir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.

11. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

19. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

20. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.

22. Hazırkı iş üzrə isə iddiaçının mübahisələndirdiyi “Tələbin icraya yönəldilməsi haqqında qərar” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulan mənada inzibati akt sayılmır. Çünki borcun icraya yönəldilməsi barədə qərar nə vergi borcunu yaradır, nə də onun məbləğini dəyişdirir. Başqa ifadə ilə, bu qərarın vergi ödəyicisi üçün yeni hüquqi nəticəsi yoxdur; yalnız mövcud hüquqi nəticənin həyata keçirilməsinə xidmət edir.

23. Başqa sözlə, vergi borcunun əsası bu qərarla müəyyən edilmir- əsas borc daha əvvəl vergi borcunun hesablanması ilə bağlı qəbul olunmuş inzibati aktla formalaşıb.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması barədə gəlinmiş nəticə işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun olmuş, kassasiya şikayətinin dəlilləri həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar