Məhkəmə qərarları › İş №2-1(102)-4594/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4594/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4594/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1rşı “cavabdeh orqanın ## #### 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barədə qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş ## ###### 2020-ci il tarixli, **** nömrəli Travma haqqında arayışına əsasən iddiaçı ## ###### 2020-ci il tarixdə “Papravənd” ərazisində dağdan enən zaman “Kamaz” markalı maşınla idarəetməni itirərək avtoqəza nəticəsində “L1 fəqərəsinin kompression sınığı” diaqnozu ilə xəsarət almışdır.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Hərbi Həkim Komissiyası tərəfindən ## ###### 2023-cü il tarixdə şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə “Avtoqəza (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin əzilməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional-labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Avtoqəza (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsinin dağınıq üzvi nişanələr şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Avtoqəza (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, başbeynin sol təpə payının hemorragik əzilməsindən sonrakı vəziyyət. Onurğa sütununun qapalı küt travması, L1 fəqərə cisminin fəsadlaşmamış, stabil, pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə), intihar cəhdləri ilə F07.0” kimi müəyyənləşdirilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ## #### 2024cü il tarixli, *******0004 nömrəli qərarından görünür ki, iddiaçıya diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

5. İddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin ##.##.2024-cü il tarixli, Z********QGA nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ## #### 2024cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki 2016-cı ilin dekabr ayında Rlik kursunu bitirib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci ordu korpusunun N saylı hərbi hissənin 3-cü Tabor 7-ci bölüyün 1-ci TKM-müavini vəzifəsində xidmət etmişdir. 2017ci ilə qədər N saylı hərbi hissədə xidmət aparmışdır. 2017-ci ilin təxmini yaz aylarında 1-ci ordu korpusunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında yuxarı komandanlığın göstərişinə əsasən xidmət etdiyi taborla birlikdə Suqovuşan, Talışkənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirməyə göndərilmişdi. 2020-ci ilin noyabr ayının 13-də şəxsi heyətə şam yeməyi aparmışdır (öz şəxsi heyəti ön xətdə döyüş tapşırığını yerinə yetirirdi). Düşmən tərəfdən açılan atəş nəticəsində olduğu maşının vurlulması nəticəsində sürücü idarəetməni itirmiş və maşını qəzaya uğramışdır. İddiaçı ayılanda özünün *** saylı hərbi Hospitalda olduğunu bilmiş və həmin gün iddiaçı Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Hərbi Hospitalına göndərilmişdir. Müayinələr zamanı qapalı kəllə-beyin tramvası, baş-beyin əzilməsindən sonra orta dərəcəli ifadə olunmuş üzvü emosional-labit və üzvi dissosiativ pozuntu, davamlı posstkontizon sindiromu, orta dərəcədə ifadə olunmuş uzunmüddətli poztravmatik stress pozuntusu, deprezisiv əlamətlərlə və intihara cəhd ilə qapalı kəllə-beyin tramvası, baş beyin sol təpə payının hemorragık əzilməsinin dağınıq üzvü nişanələr şəkildə nəticəsi mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə, onurğa sütununun qapalı küt tramvası L1, fəqərə cismən fəsadlaşmış stabil paz varı deformasiyası ilə kompresion sınıq nəticəsində onurğa sütununun pozulması ilə 5 dəfə forma 88 sistemə daxil edilmiş, lakin hər dəfə imtina cavabı verilmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2 *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi Publik Hüquqi Şəxsin ## ### 2025-ci il tarixli, **** saylı rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (II Qarabağ müharibəsi zamanı avtoqəza nəticəsində almış olduğu qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, təkrarlanan intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir.

11. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilərək, cavabdehin ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya ##.##.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61 80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri (F07) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda Z00200630QGA Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: T.Axundov – sədrlik edən və məruzəçi, V.Hacıyev və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçıya # #### 2024-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə mövqeyi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına və qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

30. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.

31. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.

32. Hazırkı iş üzrə cavabdeh inzibati orqan xxxx əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X5 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.

33. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

34. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

35. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.

36. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

37. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.

38. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.

39. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

40. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.

41. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.

42. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.

43. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar