Məhkəmə qərarları › İş №2-1(102)-460/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-460/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-460/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət işi üzrə icraat başa çatanadək iş üzrə məhkəmə icraatının dayandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Ar aşdırılması Baş İdarəsinin nümayəndəsi X2, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “səyyar vergi yoxlaması barədə aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1918/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təy in edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli **********193446 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə “iş üzrə icraatın dayandırılması barədə” vəsatət təqdim etmişdir. Təqdimatda bildirilmişdir ki, “xxxx” MMC-də (Vöen:**********) c avabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisəyə 41.295,57 manat əlavə dəyər vergisi hesablanmış, müvafiq olaraq 20.687,79 manat maliyyə sanksiyası tətbiq edilmiş və hazırda cinayət işinin icraatı davam etdirilir. Həmin cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə məhkəmə icraatının dayandırılması xahiş olunur.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-2240/2020 saylı i ş) xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə nə qədər ki, müvafiq cinayət işi aidiyyəti məhkəmənin icraatına göndərilməmişdir, həmin cinayət işi (cinayət təqibi) üzrə yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması İPM-in 7.2-ci maddəsi ilə uzlaşmır. Bu səbəbdən, cavabdehin vəsatəti təmin edilməməlidir.

6. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X11, 2-1(103)-1918/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

8. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə inzibati məhkəmənin özünün müəyyənləşdirə biləcəyi halları onun özü müəyyən etməlidir. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktların qanuniliyinin mübahisələndirmə haqqında iddia müstəvisində yoxlanması qanunvericiliklə bilavasitə inzibati məhkəmələrin səlahiyyətinə aid edildiyindən, həmin inzibati aktların qəbul edilməsinə əsas təşkil edən faktiki hallarla bağlı paralel həyata keçirilən digər növ (mülki, cinayət, inzibati xəta) məhkəmə icraatlarına münasibətdə inzibati mühakimə icraatı a priori hər hansı üstünlüyə yaxud asılılığa malik deyil. Belə bir asılılıq İPM-in 58.8-ci maddəsində nəzərdə tutulan preyudisiallıq çə rçivəsində mümkündür ki, bu halı zəruri edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə digər qərarı hazırkı işdə mövcud deyil (AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il və “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarları).

9. Cavabdeh x xxxxxx 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbi üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işinin icraatı başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəli lləri

10. Mübahisələndirilən məsuliyyət qərarı ilə aşkar edilmiş vergidən yayınma faktı ilə əlaqədar hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində ********* nömrəli cinayət işi üzrə cinayət təqibi davam etdirilir. Cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1707 nömrəli rəyi ilə səyyar vergi yoxlaması zamanı müəssisəyə hesablanmış bütün vergilər öz təsdiqini tapmışdır.

11. Qeyd olunan cinayət işi üzrə cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmalıdır.

12. Vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq ifadələr əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. 13. “Johanesson və digərləri İslandiyaya qarşı” işində Avropa Məhkəməsi (xx xxx 2017-cİ il) qeyd etmişdir ki, həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti birgə icraatın tərkib hissələri olduqda - başqa sözlə eyni təhqiqatın nəticəsi olaraq tətbiq edildikdə, eyni qanuna əsaslandıqda, qanunvericilikdə vergi ödəyicisinə hər İki məsuliyyətin tətbiq ediləcəyi aydın şəkildə ifadə olunduqda - həm inzibati məsuliyyətin, həm cinayət məsuliyyətinin (birgə icraat qaydasında) tətbiq edilməsi yol veriləndir. Birgə icraatın mövcudluğu o vaxt müəyyən olunur ki, ilk növbədə bu dövlətdaxili qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır. Belə ki, vergi ödəyicisi yol verdiyi qanun pozuntusu nəticəsində ona həm maliyyə sanksiyasının tətbiq ediləcəyini, həm də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bilməlidir. Bundan əlavə, inzibati qaydada aparılan icraat və cinayət icraatı vaxt və mahiyyət baxımından əlaqəli və yaxın olmalıdır. Yəni eyni faktlara əsaslanmalı, paralel olaraq aparılmalıdır. Bununla yanaşı, vergi ödəyicisindən alınmış izahatlar, təyin edilmiş ekspertizalar hər icraatda ayrıca qaydada aparılmamalıdır. Başqa sözlə, inzibati orqan və istintaq orqanı özünün müstəqil təhqiqatını aparmamalıdır. Biri tərəfindən əldə edilmiş məlumatlar digəri üçün sübut əhəmiyyətli olmalı və şübhə altına alınmamalıdır. Həmçinin, hər İki İcraat nəticəsində vahid yekun akt qəbul edilməlidir”.

14. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 7.2, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbə rdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

18. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi da yandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə b axılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Mülki Prosessual Məcəllə: 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: (-); 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (x xxxx 2011ci ilə qədər olan redaksiya); 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (x xxxx 2011-ci ildən qüvvədə olan redaksiya); (-).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarı Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

24. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçıya 41.295,57 manat əlavə dəyər vergisi hesablanmış və 20.687,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

25. İddiaçı cavabdehin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğvi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

26. Cavabdeh qeyd edilən vergi yoxlaması ilə bağ lı aşkar edilmiş faktlarla əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi üzrə icraatın davam etdirdiyini bildirib İPM-in 7.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraat başa çatana kimi hazırkı icraatın dayandırılmasına dair vəsatət vermiş, vəsatət təmin edilməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

28. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır...Mülki Prosessual Məcəllənin 256-cı maddəsi icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.

29. Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılmasına dair baş prokurorun müavininə ünvanlanmış x xxxxxx 2020-ci il tarixli vəsatətə görə xx xxxxxxx 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə iddiaçı MMC-də 41.295,57 manat vergin in dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmiş, yayındırılmış vergi məhkəmə-mühasibat ekspertizasının rəyi ilə təsdiq edilmiş, K.M.Seyfullayev təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.

30. Vəsatətdə istintaq müddətinin xx xxxxxx 2020-ci ildə baş çatdığı qeyd edilərək cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar istintaq müddətinin xx xxxxxx 2021ci ilə qədər uzadılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

31. Göründüyü kimi, cinayət işi məhkəmənin icraatında deyil, ibtidai istintaq orqanının icraatındadır. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərar məhkəmənin icraatında olan inzibati iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən inzibati iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd etməklə məhkəmə haqlı olmuşdur.

32. Cavabdeh kasasiya şikayətində “Johanesson və digərləri İslandiyaya qarşı” Avropa Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti birgə icraatın tərkib hissələri olduqda qanunvericilikdə vergi ödəyicisinə hər iki məsuliyyətin tətbiq ediləcəyi aydın şəkildə ifadə olunduqda-həm inzibati məsuliyyətin həm də cinayət məsuliyyətinin (birgə icraat qaydasında) tətbiq edilməsi yolveriləndir.

33. Cavabdeh şikayətində qeyd etdiyi kimi, istinad edil ən qərarda inzibati qaydada aparılan icraatla cinayət icraatının paralel olaraq aparılması mümkündür. Adı çəkilən qərarda paralel icraat zamanı hansı icraatın daha əvvəl aparılması və hansı icraatın dayandırılması barədə Avropa Məhkəməsi mövqe bildirməmişdir. Odur ki, cavabdehin şikayətinin dəlili əsaslı sayıla bilməz.

34. Apelyasiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

35. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1( 103)-1918/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar