Məhkəmə qərarları › İş №2-1(102)-4608/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4608/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4608/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mərhum ərinin pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, aparılmış tutulmaların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Cavabdeh tərəfindən iddiaçının mərhum əri X3 ##.##.2006-cı il tarixində pensiya təyin edilmişdir.

2. X1 ##.##.2024-cü ildə vəfat etmiş, iddiaçı onun qanun üzrə vərəsəsidir.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə iddiaçının mərhum ərinə hesablanmış 2448,00 manat pensiya məbləği yenidən hesablanaraq 2172,64 manat təyin edilmişdir (Yenidən hesablamanın səbəbi: 37.3.1 Inventar (artıqödəmə), 55-57 yaş, psk yanlış hesablanıb).

4. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə X3 təyin edilmiş pensiyanın ödənişi onun vəfatı ilə əlaqədar ##.##.2024-cü il tarixində dayandırılmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən İddiaçı pensiya hüququnun yarandığı ##.##.2024-cü il tarixindən ailə başçısını itirməyə görə 2172,64 manat əmək pensiyası təyin edilmişdir.

6. Iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildikdən sonra mərhum əri X5 əmək pensiyasına artıq hesablanmış pensiya məbləğinin onun (iddiaçının) əmək pensiyasından tutulmaları aparılmışdır.

7. Iddiaçı cavabdehin mərhum əri barəsində ölümündən sonra qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının qanunsuz olduğu üçün onun ləğv edilməsi, onun pensiyasından aparılan tutulmaların qanunsuz hesab edilməsi, belə tutulmaların aparılmasının qadağan edilməsi və qətnamə çıxarılan günədək silinmiş məbləğlərin geri ödənilməsini tələb etsə də, cavabdeh qurum tərəfindən tələbləri təmin edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, X5 əmək pensiyasına artıq hesablanmış pensiya məbləğinin əmək pensiyasından tutulmasının qadağan edilməsi və qətnamə çıxarılan günədək silinmiş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “mərhum X3 münasibətdə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərarın ləğv olunması, 840 manat məbləğində hesablanmış dəfn üçün və keçmiş dövrdə tutulmuş 6598,58 manat məbləğində aparılmış əvəzləşmənin qanunsuz hesab edilərək geri qaytarılması” kimi dəyişdirilmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** saylı məktubunda mərhum ərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı ##.##.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı ##.##.2006-cı il tarixindən təyin edildiyi və pensiyasının yenidən hesablanması zamanı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edildiyinin aşkar olunması qeyd edilmişdir. Qeyd edilən Filialın ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-*****/**** saylı məktubunda isə mərhum əri X1 vaxtilə əmək pensiyasının hesablanmasının düzgün olmadığının müəyyən olunması, son üç il üzrə ona guya ödənilmiş 7888,25 manat artıq pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın Mərkəzi Filiala təqdim edilməsi göstərilmişdir. Bildirilmişdir ki, əri X1 əmək pensiyası ##.##.2006-cı il tarixdən deyil, 57 yaşının tamam olduğu ##.##.2008-ci il tarixdən hesablanmış və həmin tarixdən etibarən qeyd edilən vəsaiti almağa başlamışdır. Ümumiyyətlə, Filial tərəfindən hesablanmış artıq pensiya əsasında verilən pullar nə ərinin sağlığında əri, nə də ailə üzvləri tərəfindən heç vaxt alınmamışdır. Həmin pensiyanın kim tərəfindən, hansı şəraitdə və nə vaxt alınması məlum deyil. Həmin pensiyanın kimin müraciətinə əsasən kim tərəfindən hesablanması barədə məlumatı olmamışdır. Qeyd etdiyi bu hallar Filial tərəfindən də araşdırılmamışdır. Ona görə də, hər hansı bir guya yanlış hesablanmış vəsaitin mərhum ərinin aldığı pensiya məbləğindən tutulmasına etiraz edir və hesab edir ki, bu qanunsuzdur. Belə ki, oğlu nümayəndə1 da mərhum ərinin dəfn müavinətinin ödənilməməsinə görə dəfələrlə müraciətindən sonra, sonuncu dəfə ## ####### 2024-cü il tarixli müraciətinə ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-******/**** saylı məktubla cavab olaraq bildirmişlər ki, mərhum atası Əmirqurban Əlimuradovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, onlara ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin vəsait mərhum Əmirqurban Əlimuradova artıq ödənilmiş 7885,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalıq artıq ödənilmiş pul vəsaiti 7048,25 manat təşkil edib. Göründüyü kimi, həmin filial qanunsuzluq edərək dəfn pulunu da ödəmədən, heç bir məlumat vermədən özləri qanunsuz olaraq hesabladıqları guya artıq ödənilmiş pensiyanın geri qaytarılması üçün çıxılmışdır. Ona görə də, hər hansı bir guya yanlış hesablanmış vəsaitin mərhum ərinin aldığı pensiya məbləğindən tutulmasına etiraz edir və hesab edir ki, bu qanunsuzdur.

11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının mərhum əri X5 əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli 3-17-1/3-7- ****/**** saylı qərarı ləğv edilərək mərhum X5 əmək pensiyasından aparılmış əvəzləşdirmənin və tutmanın (840 manat məbləğində hesablanmış dəfn üçün müavinət və keçmiş dövrdə tutulmuş 6598,58 manat) iddiaçı İddiaçı Ağalarnovnaya geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, faktiki olaraq ##.##.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 55 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz.

14. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən dəfn üçün müavinətin (həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində, yəni 840,00 manat məbləğində) əmək pensiyasına münasibətdə artıq ödənilmiş məbləğlə əvəzləşdirilməsi iddiaçının hüququnu pozmuşdur. Məlumdur ki, dəfn üçün müavinət mərhumun məcburi dövlət sosial sığorta vəsaitləri hesabına təmin edilir və onun əsas məqsədi mərhumun dəfn xərclərinin qarşılanmasıdır. Nəzərə alınmalıdır ki, dəfn üçün müavinət mərhumun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə ödənilir və bu şəxs mərhumun yaxın ailə üzvü olmaya bilər. Eyni zamanda müvafiq müavinətin verilməsi üçün müraciət müddəti qanunvericilik tərəfindən məhdudlaşdırılmır, yəni müraciətin gecikməsi müavinətin verilməsinə təsir göstərmir. Bu baxımdan, X6 (iddiaçının mərhum ərinin) əmək pensiyası ilə bağlı artıq ödənilmiş məbləğin olması səbəbi ilə onun arvadı İddiaçı (hazırki iş üzrə iddiaçıya) dəfn üçün müavinətin verilməməsi dövlətin sosial müdafiə məqsədlərinə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

15. Inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur.

16. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. Inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin iddiaçının mərhum ərinin pensiyasını yenidən hesablaması, onun dəfn pulunun iddiaçıya hesablanmış pensiya məbləğindən tutulmalar aparılmaqla çıxılmasına dair hərəkətlərinin qanunsuz sayılması üçün əsasların mövcudluğu məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum həyat yoldaşı X3 münasibətdə əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın ləğv olunması, 840 manat məbləğində hesablanmış dəfn üçün və keçmiş dövrdə tutulmuş 6598,58 manat məbləğində aparılmış əvəzləşmənin qanunsuz hesab edilərək geri qaytarılmasına nail olmaqdan ibarətdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatları əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

33. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

34. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçının mərhum ərinə vaxtilə pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən iddiaçının mərhum ərinə pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlı olmuşdur.

35. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Qeyd olunmalıdır ki, hazırkı işdə iddiaçının həyat yoldaşı ##.##.2024-cü il tarixdə vəfat etdiyi halda, onun pensiyasının yenidən hesablanması (inventar (artıqödəmə), 55-57 yaş, psk yanlış hesablanıb) haqqında qərar cavabdeh qurum tərəfindən ##.##.2024-cü il tarixdə qəbul olunmuşdur. Bu baxımdan cavabdeh qurumun inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etmədən qəbul etdiyi inzibati aktın həm də ölən şəxsə münasibətdə qəbul edildiyi üçün heç bir hüquqi nəticəsi olmamışdır.

37. Bundan əlavə, iddiaçının həyat yoldaşı ##.##.2024-cü il tarixdə vəfat etdikdən sonra cavabdeh orqan tərəfindən ona münasibətdə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarla həm də 7888,25 manat məbləğində artıqödəmə müəyyən edilmiş, iddiaçıya ödənilməli olan dəfn müavinəti (həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində, yəni 840,00 manat məbləğində) iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bir hissəsi ilə əvəzləşdirilmiş və pensiya məbləğindən müvafiq tutmalar aparılmışdır.

38. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına görə, cavabdeh qurum tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş inzibati akt həm də iddiaçının hüququnu pozmaqla, ona verilməli olan dəfn müavinətinin ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bir hissəsi ilə əvəzləşdirilməsi və pensiya məbləğindən müvafiq tutmaların aparılması qanunsuz olmuşdur.

39. Işə baxmış məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, dəfn üçün müavinət mərhumun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə ödənilir və bu şəxs mərhumun yaxın ailə üzvü olmaya bilər. Eyni zamanda müvafiq müavinətin verilməsi üçün müraciət müddəti qanunvericilik tərəfindən məhdudlaşdırılmır, yəni müraciətin gecikməsi müavinətin verilməsindən imtina üçün əsas da ola bilməz. Bu baxımdan, X6 (iddiaçının mərhum ərinin) əmək pensiyası ilə bağlı artıq ödənilmiş məbləğin olması səbəbi ilə onun arvadı İddiaçı (hazırki iş üzrə iddiaçıya) dəfn üçün müavinətin verilməməsi dövlətin sosial müdafiə məqsədlərinə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

40. Digər tərəfdən dəfn üçün müavinətin əmək pensiyasından tutulmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmayıb. Bu səbəbdən həmin tutmanın qanunsuz hesab edilməklə tutulmuş məbləğin iddiaçıya geri qaytarılması ilə bağlı məhkəmələr düzgün nəticəyə gəlmişlər.

41. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

42. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar