Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4609/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004cü il tarixli
1. *** nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, ətrafı daş hasara alınaraq istifadə etdiyi 1.000 kv.m torpaq sahəsi Binəqədi RİH Memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004cü il tarixli
2. *** nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində alqı-satqı yolu ilə İddiaçı verilmiş 1.000 kv.m torpaq sahəsi ilə bağlı onunla həmin bələdiyyə arasında “Torpaqların alqı-satqısına dair Akt” tərtib olunmuş və imzalanmışdır (ödəniş barədə müvafiq qəbz akta əlavə olunmuşdur).
3. Mübahisələndirilən torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəsi iş materiallarına əlavə edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m. ibarət torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
5. İddiaçının müraciətinə cavab olaraq cavabdeh ## ### 2021-ci il tarixli, ************ nömrəli məktubla bildirmişdir ki, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı, bank qəbzi sənədlər toplusuna əlavə edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin təqdim edilən layihənin lisenziyası yoxdur. Bundan əlavə qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırılma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən Bakı şəhəri, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı və tikiləcək obyektin layihəsi RİH-in memarı tərəfindən tərtib və təsdiq edilmişdir. İddiaçı qanuni istifadəsində olan 1.000 kv.m ibarət torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Lazımi sənədləri toplayıb təsdiq edilmiş layihəyə uyğun inşa edilən tikili, eyni zamanda 1.000 kv.m torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi məqsədilə # ##### 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ## ### 2021ci il tarixli məktubla torpaq sahəsi və tikiliyə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim olunmuş sənədlər qanunvericiliyə görə ona məxsus torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qanuna müvafiq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən # ###### 2004-cü il tarixli 224881 seriyalı kassa mədaxil orderi və alqı-satqı aktına əsasən 1.000 kv.m torpaq sahəsi onun (iddiaçının) mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakın üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən, qanuni istifadəsində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
8. Cavabdeh iddiaya dair ## ### 2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərlə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində alqı-satqı yolu ilə iddiaçıya verilmiş 1.000 kv.m torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə verildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin qərardakı məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Torpaq sahəsi üzərindəki tikiliyə gəldikdə isə, iddiaçı tərəf inzibati icraatda, eləcə də, hazırkı inzibati məhkəmə icraatında inşa olunma vaxtından asılı olaraq qeyri-yaşayış sahəsi ilə müvafiq orqanla razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı, yaxud tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədini təqdim etməmiş, eləcə də onun iddia üzrə dəlilləri sırasında bu sənədlər də yoxdur. Bu isə o deməkdir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər M.Tağızadə – sədrlik edən, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, “torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasının hüquqi əsası olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** saylı qərarının qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, qeyd edilən inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, məhkəmə buna birbaşa zərurət olduğu halda, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** saylı qərarının əsasları ilə bağlı tərəflərdən, o cümlədən Binəqədi Bələdiyyəsindən heç bir konkret sübut tələb etməmiş, torpağın statusunun və yerləşmə yerinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, iddiaya yalnız mülahizələr əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər N.Rəsulbəyova – sədrlik edən, K.Bədəlov və İ.Hüseynov) ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2022-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** saylı qərarının qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
ç) birinci instansiya məhkəməsində ikinci icraat
17. İnzibati işə birinci instansiya məhkəməsində təkrar baxılan zaman cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı İddiaçı iddia tələbində qeyd edilən torpaq sahəsinin deyil, yalnız Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən qeyri-yaşayış sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, ##.##.2021-ci il tarixli ərizə ilə * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir. İdarənin elektron kadastr baza məlumatlarında torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə məlumat mövcud deyildir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri qeyd edilmədiyindən və konfiqurasiyada fərqlər mövcud olduğundan cizginin göstərilən torpaq sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi bütövlükdə Böyükşor gölünün mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir tərəfindən 20,0-27,0 m məsafədən 110 kv-luq yüksək gərginlik elektrik hava xətti keçir. Torpaq sahəsinin digər tərəfindən 18,3 metr məsafədən 6-10 kV-luq elektrik hava xətti keçərək transformatora daxil olur və 6,1 metr məsafədən transformatordan çıxaraq yeraltı kabel xəttinə çevrilir.
18. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş cavabdehin ##.##.2023-cü il tarixli mütəxəssis rəyindən və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *-**-**/*-*/*** nömrəli ## ###### 2024-cü il tarixli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1100,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikinti altı sahəsi 550,0 kv.m olan birmərtəbəli sex, anbar tikilisi mövcudur. Faktiki olaraq göstərilən 1100,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor gölünün mühafizə zonası daxilində yerləşir. Həmçinin 2201306929 nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə (Böyükşor gölünün mühafizəsi olan sahə) daxilindədir.
19. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **-**/*-*/***-O****-*/**** nömrəli arayışdan görünür ki, Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın *a saylı bəndinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini və qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər.
20. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş **/*** nömrəli ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin ayrılması barədə qəbul olunmuş qərarlar (sərəncamlar) və onların qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Qanuna əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısının 1.1.5-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin əhatə etdiyi ərazi vahididir. Odur ki, Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2004-cü il tarixli ümumi iclasının *** saylı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən ərazidən alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmiş 1000 kv.m (0,1 ha) torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşir.
21. Bakı İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən ## ###### 2004-cü il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmin qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının 1.000 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsi iddiaçıya ##.##.2004-cü il tarixli sərəncam əsasında ayrılmış, “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. İş materiallarına iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə edilmişdir ki, həmin hal nəzərə alındıqda iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçıya ayrılmış torpaq sahəsi 6 kVluq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşsə də, bu iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
23. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı göstərmişdir ki, iddiaçı tərəf inzibati icraatda, eləcə də, hazırkı inzibati məhkəmə icraatında inşa olunma vaxtından asılı olaraq qeyri-yaşayış sahəsi ilə müvafiq orqanla razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı, yaxud tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədini təqdim etməmiş, eləcə də, onun iddia üzrə dəlilləri sırasında bu sənədlər də yoxdur. Bu isə o deməkdir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Əliyev – sədrlik edən, G.Abbasova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli və ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarılarına istinad etmişdir.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
29. Kassasiya şikayətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli qərarına və “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.2017-ci il, *** nömrəli qərarına istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
33. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 1.000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə ona ayrılmış 1.000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı alqı-satqı aktının və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmaması, inzibati akt xüsusiyyətinə malik olmaması və inzibati aktın qəbul edilməsinə yardım etməsi ilə bağlı mövqeyi ilə razılaşır və bildirir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiəti etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz.
42. Məhkəmə kollegiyası kassatorun “torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli *** nömrəli qərarı ilə ayrılmışdır. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir.
43. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq üzərində hüquqların qeydə alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, adı çəkilən ərazidə bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı məhkəmə praktikası və cavabdehin inzibati praktikası mövcud olmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.