Məhkəmə qərarları › İş №2-1(102)-4611/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4611/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4611/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasənın təyin edilməsi və yaranmış fərqin pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuş, ##.##.1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 21 gün).

2. Qusar Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv çıxarışına əsasən iddiaçı ## ###### 1980-ci il tarixli ** №-li əmrlə Sabir adına sovxozun * №-li təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir.

3. Əmək kitabçasına əsasən iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək relssiz nəqliyyat sexində dördüncü dərəcəli yükləmə maşınlarının təmiri üzrə çilingər, #.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək X1 ** saylı mexanika sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, ##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək Ixtisaslaşmış təsərrüfat ştatında mövsümi inşaatçı, ##.##.1985-ci il tarixdən ##.##.2010-cu il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma Idarəsi Istehsalat xidməti bazasının quyularının əsaslı təmir sahəsinin qazma qrupunda, H.Z.Tağıyev adına Neft və Qazçıxarma Idarəsində qazmaçı köməkçisi və ##.##.2010-cu il tarixdən ##.##.2023cü il tarixədək H.Z.Tağıyev adına Neft və Qazçıxarma Idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı təmiri üzrə qazmaçı işləmişdir.

4. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən (60 yaşdan) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Iddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaş görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, ##.##.2006-cı il tarixədək ümumi iş stajının müddətinin qanunvericiliklə tələb olunan 25 ildən az, 24 il 6 ay 14 gün təşkil edir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2021-ci il tarixdən yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh düzgün olmayaraq 1980ci ilin yanvar-avqust aylarındakı iş stajını 8 ay hesablamaq əvəzinə 2 ay 5 gün hesablamışdır. Iddia ərizəsinə əlavə olunan Qusar Rayon Dövlət Arxivinin ## ###### 1980-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, “Sabir” adına sovxozun * nömrəli təsərrüfat briqadasına fəhlə qəbul edilmişdir. Işdən azad edilməyi haqqında əmrin qeydiyyatı aşkar olunmamış, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir. Belə olan halda “Sabir” sovxozunda işlədiyi 1980-ci ilin yanvar-avqust aylarının 8 ay nəzərə alınmaq əvəzinə 2 ay 5 gün kimi hesablanması düzgün olmamışdır. Cavabdeh özünün imtinasında 1980-ci ilin yanvar-avqust aylarında, 8 ay ərzində “Sabir” sovxozunda fəhlə işlədiyi müddəti 2 ay 5 gün hesablamaqla ümumi iş stajının 24 il 6 ay 14 gün olduğunu qeyd etmişdir. 1980-ci ilin yanvar-avqust aylarında, 8 ay ərzində “Sabir sovxozunda fəhlə işlədiyi müddət 8 ay hesablanmalıdır..

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Milli Arxiv Idarəsi Qusar rayon dövlət arxivinin ## #### 2024-cü il tarixli *-**-**RA/*-M-***-**/**** nömrəli arayışında 1980-ci ildə “Sabir” sovxozunda fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan iş stajının Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, Qusar rayon Dövlət arxivində mühafizə olunan məlumatlara əsasən iddiaçının “Sabir” sovxozunda işlədiyi 1980-ci ilin yanvar ayında 16 gün, fevral ayında 18 gün, mart ayında 1 gün, aprel ayında 18 gün, may ayında 9 gün, iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün işlədiyi müəyyən edilmişdir. Bu fakt “Qusar rayon arxivi” tərəfindən ##.##.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də iddiaçıya əməkhaqqı ödənilməyən, işləmədiyi müddətlərin iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. ##.##.2006-cı il tarixədək iddiaçının ümumi iş stajının müddəti qanunvericiliklə tələb olunan 25 ildən az, 24 il 6 ay 14 gün təşkil etmişdir. 1980-ci ilin yanvar ayında 16 gün, fevral ayında 18 gün, mart ayında 1 gün, aprel ayında 18 gün, may ayında 9 gün, iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün (ümumilikdə 2 ay 5 gün); ##.##.1980-##.##.1982-ci il; ##.##.1983-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1985-##.##.2005-ci il tarixləri arasındakı dövrlər.

10. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2021-ci il tarixdən yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qusar Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, iddiaçı “Sabir” adına sovxozda 1980-ci ilin yanvar ayından avqust ayınadək (avqust ayı daxil olmaqla) 8 ay əmək stajı mövcuddur və iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 27.1 (##.##.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu qanunun 20ci maddəsində göstərilən vəzifələr üzrə əməkhaqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #dək hər il 6 ay artırılır. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə 69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun, zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2021-ci il tarixdən yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilməsinə nail olmaqdan ibarətdir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının ##.##.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

34. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

35. Iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

37. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, pensiya təyinatı ilə bağlı hər hansı qanunvericilikdə sovxozda iş müddətinin günlərlə hesablanmasına dair norma nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqan dəlillərinin hüquqi əsasına dair hər hansı qanunvericilik normasına istinad etməmişdir.

38. Qusar Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv çıxarışına əsasən iddiaçı ## ###### 1980-ci il tarixli ** №-li əmrlə Sabir adına sovxozun * №-li təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir.

39. Belə olan halda iddiaçının “Sabir” adına sovxozda 1980-ci ilin yanvar ayından avqust ayınadək (avqust ayı daxil olmaqla) 8 ay əmək stajı müəyyən olunur. Bununla da iddiaçının 25 ildən artıq ümumi əmək stajı müəyyən olunur ki, bu da iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir.

40. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından və pensiya məbləğinin əməkhaqqı əsasında hesablanmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar