Məhkəmə qərarları › İş №2-1(102)-4630/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4630/2025

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4630/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsinin əsasları; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Fərid Ismayılzadə).

3. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Tural Həsənov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vüqar Musayev).

5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2020 - ##.##.2020-ci illər tarixlərində N nömrəli hərbi hissədə xidmət keçməsi rəsmi sənədlərlə təsdiqlənmiş olsa da, təqdim edilmiş materiallarda onun həmin müddət ərzində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, döyüş tapşırıqlarının icrasına cəlb olunması və ya döyüş zonalarına ezam edilməsi barədə hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh orqanın təqdim etdiyi sənədlər iddiaçının xidmət dövründə döyüş əməliyyatlarında iştirak etmədiyini açıq şəkildə təsdiq edir. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş ikinci və üçüncü kateqoriyalar - yəni döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların icrası və döyüş bölgələrinə ezam olunma halları üzrə də iddiaçının hər hansı fəaliyyəti sənədlərlə sübut edilməmişdir. Iddiaçının tibbi müayinələr, hospitala göndərişlər və gündəlik xidməti vəzifələr çərçivəsində fəaliyyət göstərməsi bu kateqoriyalara uyğun gəlmir və onu müharibə veteranı statusu üçün nəzərdə tutulmuş tələblərə cavab verən şəxs kimi qiymətləndirməyə əsas vermir. İddiaçı müharibə veteranı adı verilməsi üçün tələb olunan meyarlara cavab vermir və sözügedən statusun ona şamil edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun ##.##.2020-ci ildən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi yetərli sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır.

6. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarlarda) qeyd edilmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

11. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.

12. Beləliklə, oxşar işlərə dair qərarda aparılmış təhlil və gəlinən nəticələr hazırkı şikayətə də şamil edilir və həmin qərardakı mövqedən kənara çıxmağa əsas yoxdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

13. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

14. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar