Məhkəmə qərarları › İş №2-1(102)-488/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-488/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-488/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi (iş № 2-1(102)-488/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1587/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəmiyyət 2005-ci il tarixdən dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlamışdır. Cavabdehin 3.9.2018-ci il tarixli **********452100 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 97.793,28 manat məbləğində vergi müəyyən edilmiş və vergi ödəyicisinə 97.793,28 manat məbləğində əlavə vergi hesablanmışdr. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansi ya məhkəməsindəki icraat

2. İddiaçı 18.02.2019-cu il tarixdə iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cəmiyyət 2005-ci il tarixdən dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlamışdır. Cəmiyyətin maliyyə çətinlikləri səbəbindən 2017-ci ildə qanunla müəyyən olunmuş müddətdə vergi hesabatlarını təqdim edə bilməmişlər. Bu səbəbdən vergi orqanı tərəfindən 2017-ci il üzrə cəmiyyətdə kameral vergi yoxlaması keçirilmiş və cəmiyyətə 97.793,28 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2019-cu ilin iyun-iyul aylarında 97.793,28 manat mənfəət vergisi və həmin vergi nin ödənilməməsinə görə 4.568 manat cərimənin heablanmasına dair qəbul olunmuş qərarlardan inzibati qaydada verilmiş şikayətlərinə əsasən cavabdeh tərəfindən aparılmış araşdırmanın nəticəsində onlara bildirilmişdir ki, bir neçə sənəd təqdim olunmadığına görə 03.10.2018-ci il tarixli 12408080 nömrəli qərarla (məktub) icraat müvəqqəti olaraq dayandırılmışdır. Məktubda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi”nin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən 13.04.2018-ci il tarixli **********264900 nömrəli “Vaxtında təqd im edilməmiş bəyannamənin təqdim edilməsi barədə xəbərdarlıq göndərilmiş, vergi orqanının Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannamələrinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirmək və Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq olduğunu bildirilmişdir”. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi” təqdim edilmədiyindən vergi orqanı tərəfindən müvafiq dövr üzrə 97.793,28 manat mənfəət vergisi hesablanmış və “Vergilərin hesablanması barədə” 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra cavabdehə 09.10.2018-ci il tarixli inzibati şikayətlə yenidən müraciət olunsa da heç bir qərar qəbul olu nmamışdır. 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərar qanunsuzdur, vergi qanunvericiliyinə ziddir və ümumiyyətlə hər hansı bir sübuta əsaslanmır. Qərarda göstərilir ki, 2017-ci ilin nəticələri üçün “Mənfəət vergisinin bəyannaməsi” verilmədiyinə görə AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. 17.04.2018-ci il tarixli qərar rəsmi qaydada Cəmiyyətə təqdim olunmamışdır. Daha sonra 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərarın vergi orqanı tərəfindən 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarla əvəzləşdirildiyi müəyyən olunmuşdur.

4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddia çı MMC tərəfindən 2017-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 17.04.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə 97.793,28manat əlavə vergi məbləği hesablanmış və iddiaçıya 17.04.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Uçotbaza məlumatlarına əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən əvvəlki, yəni 2016-cı il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ+ cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdir ilmiş 0 manat məbləğ-“Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.05.2018-ci il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” elektron uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyici tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq, 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 97.793,28 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının 13.06.2018-ci il tarixli **********983900 nömrəli elek tron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 13.07.2018-ci il və 28.07.2018-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş və kameral hesablama aparılmış vergi məbləği bərpa edilərək, vergi ödəyicisinə 03.09.2018-ci il tarixli **********452100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.4, 67.1 və 83.2-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisinin əvvəlki il üzrə təqdim etdiyi bəyannamə nəzərə alınmaqla, 97.793,28 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17.04.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyici tərəfindən idd ia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)- 143/2021 saylı iş) 18 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin hesablanması barədə” 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərar ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cəmiyyətə mübahisələndirilən vergilərin hesablanmasın a əsas olmuş texnikalar (avadanlıqlar) sonuncu tərəfindən saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş, vergi ödəyicisi və Agentlik tərəfindən bu barədə vergi orqanına qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilsə də vergi orqanı tərəfindən bu hal nəzərə alınmadan iddiaçıya kameral qaydada əlavə vergi hesablanmışdır. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə 97.793,28 manat mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergi lərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Cavabdeh kameral vergi yoxlamasının nəticələrinə dair 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarın hüquqi əsasını və hesablanmış verginin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməmiş və qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X1 və X3, 2-1(105)- 1587/2021 saylı iş) 29 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apel lyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən 2017-ci il ərzində 28.620,0 manat dəyərində malların idxal edildiyi və 5.538,55 manat (ƏDV-sİz) məbləğində əldə edilmiş eqaimə fakturalar üzrə, 6.600,0 manat müvafiq ÖMV bəyannamələri üzrə icarə, 12.383,33 manat əmək haqqı, 2.724,3 manat sosial sığorta xərclərinin çəkildiyi, eyni zamanda 2016cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı qeyd olunan hesabat dövrünün sonuna 2.651.057,96 manat dəyərində mal qalığının olduğu müəyyən edilməsinə baxmayaraq, 2017-cİ il üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim etməməklə dövriyyə məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.05.2018-ci il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” elektron uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 97.793,28 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının 13.06.2018-ci İl tar ixli **********983900 nömrəli elektron kameral hesablama barədə Qərar göndərilmişdir.

14. Yayındırılmış 97.793,28 manat vergi məbləği (2.707.124,17/5)52458,2x20%) xərcə əsasən şərti rentabellik normasının tətbiq edilməsi və keçmiş illərin zərərinin (52452,2 manat) nəzərə alınması nəticəsində müəyyən edilmişdir.

15. Bununla yanaşı cavabdeh bildirir ki, Vergi orqanının 17.05.2018-ci İl tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" elektron uyğunsuzluq məktubuna cavab olaraq iddiaçı tərəfindən hər hansı sübut vergi orqanına təqdim olunmamış və iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində iddiaçıya məxsus yol tikinti texnikalarının saxlanca verilməsindən bəhs edilməmişdir.

16. Hazırda isə sübut qismind ə qiymətləndirilən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin “yol tikinti texnikasının müvəqqəti saxlanca götürülməsi barədə" məktubunda həmin yol tikinti texnikalarının adları, dəyəri, dövlət qeydiyyatı nişanları, malların hansı müddətə saxlanca verilməsinə dair məlumatlar əks olunmamış, habelə dəfələrlə tərəfimizdən saxlanc müqaviləsinin və ya faktiki sahiblikdə qalan malların siyahısının məhkəməyə və ya vergi orqanına təqdim edilməsi təklif edilsə də, belə bir müqavilə (siyahı) iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Lakin belə bir müqavilənin mövcudluğu barədə hər hansı təsdiqedici sənəd nə məhkəməyə, nə də vergi orqanına təqdim edilmişdir.

17. Vergi ödəyicisinin mülkiyyətində olan nəqliyyat vasitələri ilə bağlı vergi orqanlarının hesabat axtarış sistemindən əldə edilmiş məlumata əsasən müəssisənin mülkiyyətində 4 nəqliyyat vasitəsi vardır.

18. Nəqliyyat vasitələrinin onun mülkiyyətində olması, həmin nəqliyyat vasitələrinin mülkiyyət hüququ saxlanılmaqla saxlanca verilməsi sübuta yetirilmir. Bu isə deməyə əsas verir ki, nəqliyyat vasitələri həqiqətdə təqdim edilmiş, əldə edilmiş gəlir İsə büdcədən yayındırılmışdır.

19. Vergi ödəyicisinə hesablanmış vergi məbləği 2.707.124,17 manat xərcə münasibətdə müəyyən edilmişdir. Lakin məhkəmələr tərəfindən xərc məlumatları tam araşdırılmadan vergi orqanının qərarı ləğv edi lmişdir. 20. 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərar 04.09.2018-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilib vergi ödəyicisi tərəfindən həmin tarixdə oxunmaqla qəbul edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfındən 24.10.2019-cu il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddət ötürülmüşdür. Eynİ zamanda, müddətin ötürülməsindən 1 ildən artıq müddət keçdiyinə görə iddiaçının prosessual müddətin bərpası üçün ərizə vermək hüququ da olmamışdır. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmadan iddia mümkün hesab edilməklə mahiyyəti üzrə qərar qəbul olunmuşdur. b) Kassasiya şikayətinə əlavə

21. Bununla yanaşı cavabdeh bildirir ki, müəssisə tərəfindən saxlanca verilməsi iddia edilən 21 sayda nəqliyyat vasitəsitələrinin onu n mülkiyyətində olması barədə məlumatın əldə edilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinə və Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə məktubla müraciət edilmişdir.

22. Qeyd olunan qurumlardan daxil olmuş 13.1.2022-ci il tarixli və 28.1.2022-ci il tarixli məktublara əsasə vergi ödəyicisinin mülkiyyətində 1 ədəd ekskavator,1 ədəd yükləyici və 1ədəd Changan sc nəqliyyat vasitəsi olmaqla cəmi 3 ədəd nəqliyyat vasitəsi mövcuddur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

24. Vergi Məcəlləsi: Maddə

33. Vergi ödəyicilərinin uçotu (-). 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır... (-). 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. (-). Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). 25. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvaf iq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Maddə 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Maddə 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1 İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə bo rcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. (-).

27. Vergi Məcəlləsi: Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən h allarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Maddə 67.14 Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (-).

28. İnziba ti Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənəd ləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). 29. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-).

30. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Kassasiya şikayətində apellyasiya məhkə məsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, məhkəmə kollegiyası hazirki qərarın 20-ci bəndində qeyd olunan kassasiya dəlili ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya on ların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibat aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiy hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

35. İddiaçı tərəfindən 03.09.2018-ci il tarixli ****** ****452100 nömrəli qərar mübahisələndirilmişdir. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti olan cavabdehin qərarının iddiaçıya hazırki qərarın 25 və 26-cı bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun təqdim edilməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

37. Cavabdehin qərarının əsaslığı ilə bağlı kassasiya şikayətinin dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan kameral vergi yoxlamasının nəticələrinə dair 3.9.2018-ci il tarixli **********452100 nömrəli qərarın hüquqi əsasını və hesablanmış verginin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməmişdir Cavabdehin 3.9.2018-ci il tarixli **********452100 nömrəli Qərarına əsasən iddiaçıya 2017ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 97.793,28 manat vergi məbləğinə şərti rentabellik normasının tətbiq edilməsi və keçmiş illərin zərəri nəzərə alınmaqla hesablan mışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mənfəət vergisi hesablanarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, hazırki qərarın 27-ci bəndində qeyd olunan maddi hüquq normasına əsasən vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən edilməsi mümkün olmadığı halda vergi orqanlarının ödəməli olan vergini məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin vergi orqanı həmin maddədə (67.1-67.13) vergi məbləğinin hesablanması üçün nəzərdə tutulan ardıcıllığa riayət etmədən birbaşa şərti rentabellik qaydasını tətbiq etmiş və iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

39. Belə ki, Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 6 7.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

40. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarında müəyyən olunur ki, iddiaçı cəmiyyətə mübahisələndirilən vergilərin hesablanmasına əsas olmuş texnikalar (avadanlıqlar) sonuncu tərəfindən saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş, vergi ödəyicisi və Agentlik tərəfindən bu barədə vergi orqanına qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat vermiş və iddiaçı tərəfindən dəqiqləşirilmiş bəyənnamədə mübahisə predmeti təşkil edən texnika mal qalığını göstərilmişdir. Vergi orqanı tərəfindən bu hal nəzərə alınmadan iddiaçıya kameral qaydada əlavə vergi hesablanmışdır.

41. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə 97.793,28 manat mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası hazırki qərarın 15-ci bəndində kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən uyğunsuzluq məktubu iddiaçıya göndərilməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

44. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdehi n kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 1587/2021 saylı iş) 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 1587/2021 saylı iş 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar