Məhkəmə qərarları › İş №2-1(102)-498/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-498/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-498/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: bələdiyyə torpaq sahəsinin hərracla satılması, iddiaçının başqa yerdə qeydiyyatda olması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə(bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs X5)“cavabdehin torpaq sahəsinin mülkiyyətə satılması üçün müsabiqəyə çıxarılması haqqında 04.07.2016-cı il tarixli 17 nömrəli protokol qərarının istifadəsində olan 0,30 ha torpaq sahəsi ilə bağlı hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-532/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəki rayon Öyrət kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 28 iyun 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış hazırlanmışdır. Cavabdeh mülkiyyətində olan digər torpaq sahələri də daxil olmaqla hüquqların dövlət qeydiyyatından çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mülki yyətə satılması üçün torpaq müsabiqəsinə çıxarılması haqqında 04.07.2016-cı il tarixli 17 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 17 saylı torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 16 mart 2017-ci il tarixli iclas protokolu ilə üçüncü şəxs X5 0,82 ha torpaq sahəsinin satışı ilə bağlı müsabiqənin qalibi hesab olunmuş və Auksion Mərkəzi tərəfindən hərracın qalibinə şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərracın qalibi olmuş X1 barədə 30.03.2017-ci il tarixli qərar qəbul edilmiş və bundan sonra tərəflər arasında 31.03.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə müraciət e dərək 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,3 ha hissəsinin onun zəbtində olduğunu, bu səbəbdən onun mülkiyyətinə və ya istifadəsinə verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, iddiaçı torpaq sahəsindən istifadə etmişdirsə, bu qanunsuz olmuşdur. Torpaq sahəsi müsabiqəyə çıxarılmış və müsabiqəsinin qalibi olmuş X2 və bu proseslər qanunauyğun aparılmışdır. İddiaçı 12 noyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin torpaq sahəsinin mülkiyyətə satılması üçün müsabiqəyə çıxarılması haqqında 04.07.2016-cı il tarixli 17 nömrəli protokol qərarının istifadəsində olan 0,30 ha torpaq sahəsi ilə bağlı hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məh kəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Öyrət kəndində yerləşən 3 ha torpaq sahəsi uzun illərdir ki, iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsini təmizləyərək meyvə bağına çevirmişdir. Aqrar islahat zamanı həmin torpağın 1,07 ha hissəsi pay torpağı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq pay torpağını satmış, lakin əraziyə bitişik olan 0,3 ha torpaq sahəsi onun istifadəsində olmuşdur. Bu torpaq sahəsinin satılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh torpaq sahəsinin başqa şəxsə satıldığını bildirmişdir. Cavabdeh 12.12.2018-ci il tarixli 127 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının 0,30 ha torpaq sahəsinin onun mülkiyyətinə və ya istifadəsinə veri lməsi ilə bağlı 29.09.2018-ci il tarixli müraciətinə baxılaraq 18.10.2018-ci il tarixli 111 nömrəli məktubla cavab verilmişdir. Buna qədər iddiaçı bununla bağlı bələdiyyəyə müraciət etməmişdir. İddiaçı torpaq sahəsindən istifadə etmişdirsə, bu qanunsuz olmuşdur. Ona məxsus pay torpaq sahəsini satdıqdan sonra onun pay torpaq sahəsinin ortasından keçən bələdiyyənin 0,82 ha (sözügedən 0,30 ha torpaq sahəsində daxil olmaqla) torpaq sahəsini onun torpağını alan şəxs mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyəyə müraciət etmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi sənədləşdirilərək müsabiqəyə çıxarılmış, 16.03.2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş X2 və bu proseslər qanuna uyğun aparılmışdır. İddiaçının tələbi əsassız hesab edilərək rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(84)-129/2019 saylı iş) 11 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən üçüncü şəxs X4 torpaq alqı-satqısı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X10-məruzəçi, X11 və X7, 2-1(107)-532/2019 saylı iş) 26 sentyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən s axlamışdır. İddiaçı 16 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı mübahisə predmeti olan torpaq sahəsini uzun müddətdir istifadə edir. Həmin torpaq sahəsini bələdiyyələr yaranmamışdan, əvvəldən bugünədək əkib-becərmiş, uzun illər həmin torpaq sahəsinə qulluq etmiş, meyvə bağı salmış, talvarı, tövləsi və yardımçı təsərrüfatı yaratmışdır. Şikayətdə əlavə olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 16.1, 16.2, 16.3, 16.4-cü maddələrinə istinad edilərək apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən bu qanunun qeyd edilən maddi-hüquq normalarının tələbləri baxımında n işin hallarını araşdırmamış və nəticə etibarilə də onlara hüquqi qiymət verməmişdir. əsaslandırma hissəsi: İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılması barədə cavabdehin 4 iyul 2016-cı il tarixli qərarının 0,30 ha hissəsində ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İşin hallarından görünür ki, Şəki rayonu Öryət kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 28 iyun 2016-cı il tarixdə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, c avabdeh 4 iyul 2016-cı il tarixli qərarı ilə torpaq sahəsinin satılması üçün torpaq müsabiqəsinə çıxarılması haqqında hazırda mübahisə predmeti olan 4 iyul 2016-cı il tarixli 17 nömrəli qərar qəbul etmişdir. 16 mart 2017-ci il tarixdə torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələrinə əsasən üçüncü şəxs müsabiqənin qalibi olmuş və bu barədə ona şəhadətnamə verilmiş, sonra isə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin onun zəbtində olduğunu və bunun nəticəsində 0,30 ha torpaq sahəsinin hərraca çıxarılmadan ona satılmalı olduğunu iddia edərək cavabdehin qərarını mübahisələndirmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mül kiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallard a bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (9.1-ci maddə). İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, 31 may 2005-ci ildən Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 14/4-də qeydiyyatdadır. Yəni iddiaçının cavabdeh bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxs olması təsdiq edilmir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, yuxarıda qeyd edilən qanunvericiliyin mənasına görə, ümumiyyətlə, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar qaydada satılması nəzərdə tutulmamışdır. İddiaçı şikayətində 0,30 ha torpaq sahəsindən uzun müddət istifadə etdiyini bildirib torpağı n ona verilməli olduğunu bildirmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (16.2-ci maddə). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, b u torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (16.3-cü maddə). Bəhs olunan hüquq normalarına görə bələdiyyənin kənd təsərrüfatı torpaqlarının ondan özbaşına istifadə edən şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır və qeyri-qanuni istifadə edilən bələdiyyənin kənd təsərrüfatı torpaqları geri qaytarılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-532/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar