Məhkəmə qərarları › İş №2-1(102)-499/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-499/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un 1 saylı Bakı Ərazi Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2020-ci il tarixli, 2-1(103)-1262/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Səbail Rayon Hərbi Komissarlığı tərəfindən 23.11.1998-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçı vəsiqəni aldıqdan sonra 27.09.2019-cu il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona 01.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin 15.04.2 019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir.

3. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq həmin təqaüdün 01.04.2019-cu il tarixindən başlanılmaqla ödənilməsi mümkündür, qanunvericilikdə əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “əvvəlki illər üzrə müavi nətin hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.04.2019-cu il tarixdən əvvəlki 3 (üç) il ərzində ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin getdiyi dövrlərdə müxtəlif vəzifələr və hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. 21.11.1998-ci il tarixində ona Müharibə Veteranı adı və vəsiqəsi verilmişdir. O, cavabdeh inzibati orqana ona veteranlıq üçün müavinətin təyin olunma sı barədə müraciət etmiş və ona müraciət etdiyi tarixdən hesablanaraq, müavinətin ödəniləcəyi bildirilməklə, 01.04.2019-cu il tarixdən hesablanıb ödənilməyə başlanılmışdır. O, cavabdeh inzibati orqana müraciət edərək, müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün müavinətin ödənilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müraciətinə imtina edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya 01.04.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Əra zi şöbəsinin üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən iddiaçı Xabibulin Farit Rasimoviçin xeyrinə 100 (bir yüz) manat hüquqi xidmət haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır.

7. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya 2019-cu ildə cavabdehə müraciət etmişdir və mövcud qanunvericiliyə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilər. İddiaçıya 01.04.2019-cu ildən Prezident təqaüdü verildiyindən 01.04.2016-cı il tarixindən 01.04.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət hesablanar aq ona ödənilməlidir.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2020-ci il tarixli, 21(103)-1262/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aidə Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarı cavabdehə 01.12.2020-ci il tarixi ndə təqdim edilmişdir.

12. Cavabdeh həmin qərardan 05.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2020-ci il tarixli, 2-1(103)1262/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qanunvericiliklə müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının tələbi əsaslı və qanuni sayıla bilməz. Buna görə də hesab edilir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən düzgün qənaətə gəlməmişdir. Eyni zamanda, 01.04.2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödəni lən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.09.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.4-cü maddəsinə əsasən təqaüd təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Göründüyü kimi, qanunvericilikdə təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırkı halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğ inin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 05.07.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilm iş, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 01.04.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 22. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

23. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.

24. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. 25. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məc buretmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyas iya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ var, sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və qanunvericil iyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət müəyyən edilmişdir.

32. Hazırkı qərarın 21-ci bəndində göstərilən Prezident təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına sözügedən müavinətin verilməsi dayandırılmış, onun əvəzində Prezident təqaüdü verilməsinə başlanılmışdır.

33. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə də Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni 01.04.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.05.2020-ci il tarixli, 2-1(102)- 1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).

34. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı 23.11.1998-ci il tarixində, yəni Prezident təqaüdü təsis edilməmişdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq olunmalıdır.

35. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündə n sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır.

36. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona Səbail Rayon Hərbi Komissarlığı tərəfindən 23.11.1998-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.01.2006-cı il tarixindən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.

37. İddiaçı isə müvafiq müvinətin verilməsi üçün 2019-cu ildə cavabdehə müraciət etmiş, cavabdeh 01.04.2019-cu ildən etibarən Prezident təqaüdünün ödənilməsini təmin etsə də, iddiaçının əvvəlki üç il üçün sosial müavinətinin ödənilməsindən imtina etmişdir.

38. Göründüyü kimi, iddia tələbi qismən əsaslıdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqın da iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

41. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeyd olunan lara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2020-ci il tarixli, 21(103)-1262/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar