Məhkəmə qərarları › İş №2-1(102)-509/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-509/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-509/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: 1RU2Y9S) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1666/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinə istinadla həmin pensiya ödənişi dayandırılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli mək tubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq və dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təyin edilmiş pensiyanın dayandırılmasında ifadə olunan hərəkətlərin əsassız hesab edilməklə dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbini irəli sürmüşdür.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməklə, xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildən müxtəlif işlərdə işləmiş və xx.xx.2017-cı ildən ona 52 yaşı tamam olmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası t əyin edildikdən sonra da o, əmək fəaliyyətini davam etdirmiş və hazırkı vaxta kimi işləməkdədir. Bir müddət pensiya aldıqdan sonra ona təyin edilmiş pensiya cavabdeh tərəfindən dayandırılmış və dayandırılmazdan əvvəl ona hər hansı xəbərdarlıq edilməmişdir. Cavabdeh özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin edilən həmin pensiya ödənişini əsassız olaraq qanunsuz hərəkətlər ilə azaltmışdır. O, bu barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətdə qeyd edilənlərin icrasından imtina edilmişdir. Hesab edir ki, təyin edilmiş pensiyasının dayandırılmasında ifadə olunan hərəkətlər qanunsuzdur, ona təyin edilmiş pensiya dayandırıldığı tarixdən bərpa edilməli və ödənilməmiş pensiya məbləği bərpa edilərək ödənilməlidir. Cavabdehin etirazları:

7. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən, bu Qanunla müəyy ən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.

9. Fondun Daxili nəzarət departamenti tərəfindən araşdırılma aparıldığı zaman iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış cavab məktubunda araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacağı və dayandırılma müddətində ödən ilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu qərarı qanunauyğun olmuşdur və qeyd olunanla görə də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11101/2022 saylı qərarı ilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin xx.xx.2022-ci il tarixdən dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanu nunun 67.6cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişi ni dayandıra bilməz. 13. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli dir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

14. İddiaçının pensiya ödənişi dayandırılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsin i zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdə dayandırılmasını şərtləndirən hallar barədə sənədlər iddiaçının pensiya işində mövcud olmamış, bu barədə pensiyanın dayandırılmasından əvvəl və dayandırılarkən inzibati icraat aparılmasını təsdiq edən heç bir dəlil və sübut məhkəmə araşdırması zamanı da təqdim etməmişdir.

15. Məhkəmə icraatı zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə əsas olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi də öz təsdiqini tapmamışdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1666/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11101/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən vaxtilə iddiaçının işlədiyi “Azneft” İB N.Nərimanov adına NQÇİ-yə x x.xx.2022-ci il tarixli **********8 nömrəli sorğu verilmişdir. “Azneft” İB N.Nərimanov adına NQÇİ tərəfindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2022-ci il tarixli **********30020123X00006 nömrəli cavab məktubunda İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı neft və qazçıxarma sahəsində geoloq, xx.xx.2015-ci ildən hal-hazıra kimi həmin idarənin 2 saylı Neft və qazçıxarma sahəsində böyük geoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur.

21. İddiaçı işlədiyi sahə dəniz şəraitində neft və qazçıxarma stasionar obyektlərində yerləşir. Onun işlədiyi müddətdə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin geoloqu vəzifəsinə uyğun deyildir.

22. Göründüyü kimi, İddiaçı idarə tərəfindən xx.xx.2017-ci il tarixli XŞ-10/161 nömrəli verilmiş arayış güzəştli deyil, ümumi iş stajı barədə olmuşdur.

23. Həmin arayışda onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının 10-cu bölməsinin 2-ci bəndində “Neft-qaz və qaz kondensatının hasilatı siyahısında” göstərilmiş quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnıkləri, ustaları vəzifələrində işlədiyi qeyd edilməmişdir.

24. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2017-ci il tarixdən Dövlət Sosial Müdafiə Fon dunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

25. İddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından, onun pensiya hüququna yenidən baxılması barədə inzibati icraat aparılmış və inzibati icraatın yekununda onun pensiya ödənişinin dayandırılması haqqında qərar qəbul edilmişdir.

26. Yuxarıda qeyd olunanlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (103)-1666/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət əsassız olaraq təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Qan unvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir.

28. Filial tərəfindən artıq ödəmə yaranması səbəbindən pensiya ödənişinin dayandırılması haqqında qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir.

29. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

30. Məhkəmələr tərəfindən iddiaçıya münasibətdə artıq ödəmənin yaranma əsasları ilə bağlı məsələyə lazımi hüquqi qiymət vermədən, yalnız inzibati icraatla bağlı formal (prosessual) pozuntuları əsas gətirərək qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri:

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda 33. “İnzibati icraat haqqında” Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hü quqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur....” Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağl ı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 40. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birin i aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir.

41. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra pensiya ödənişi faktiki hərəkətlə dayandırıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusun u yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1666/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar