Məhkəmə qərarları › İş №2-1(102)-528/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-528/2019

19.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-528/2019 19.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili oğlunun, şikayətçinin vəkili Vəkil iştirakı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kreditor tələblərinin qeydə alınması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması və kreditor tələblərinin qeydə alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-719/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadından «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 fevral 2019-cu il tarixdə qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Bankın iflas proseduruna başlanmış, eyni Məhkəmənin 13.04.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək kreditor tələblərinin qeydə alınması üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməs inin üzrlü hesab edilməsini, 10,326,685.69 ABŞ dolları məbləğdə əsas, 5,017,317.18 ABŞ dolları məbləğdə faiz borcu olan kreditor tələbinin təsdiq edilməsini və ləğv prosesində olan Cavabdeh ASC-nin təsdiqlənmiş kreditor tələblərinin reyestrinə daxil edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 10.10.2014-cü il tarixli 649/1 nömrəli kredit sazişinə əsasən 10,700,000 ABŞ dolları məbləğdə, 07.11.2014-cü il tarixli 654/1 nömrəli kredit sazişinə əsasən 291,000 ABŞ dolları məbləğində, 03.11.2014-cü il tarixli 653/2 nömrəli kredit sazişinə əsasən 194,000 ABŞ dolları məbləğdə, 12.12.2014-cü il tarixli 668/3 nömrəli kredit sazişinə əsasən 230,334 ABŞ dolları məbləğdə və 15.10.2014-cü il tarixli 651/4 nömrəli kredit sazişinə əsasən isə 105,000 ABŞ dolları məbləğdə qarantiyalar açılmışdır. Hazırda qeyd olunan kredit sazişlərinə əsasən ümumilikdə 10,326,685.69 ABŞ dolları məbləğdə əsas, 5,017,317.18 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Həmin kreditor tələbinin qeydə alınması ilə bağlı 30.11.2016 və 04.05.2017-ci il tarixlərdə Bankın ləğvedicisi ƏSF-ə müraciət edilsə də, bu müraciətə hər hansı şəkildə cavab verilməmişdir. Yalnız 23.02.2018-ci il tarixli yenidən müraciətə cavab olaraq 18.05.2018-ci il tarixli **********468 nömrəli məktubla bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş müddət ərzində tələb irəli sürülmədiyi üçün kreditor tələbi kreditorların reyestrinə daxil edilməmişdir. Ərizəçi kreditor tələbinin qeydə alınması ilə bağlı müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirir. Prosessual mü ddətin ötürülməsinə səbəb olan hallarla bağlı qeyd edir ki, bu hal 2015-ci ildən etibarən yaranmış, problemli aktivlərin sayının çoxluğu, rəhbərliyin dəyişməsi və nəticədə sağlamlaşdırma prosedurlarının başlanması nəticəsində baş vermişdir. Bununla əlaqədar olaraq, 15.07.2015-ci il tarixdə Bankın sağlamlaşdırılması məqsədilə «xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli Fərmanı və 10.02.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 101s nömrəli Sərəncamı imzalanmışdır. Qeyd olunan aktların icrası ilə bağlı 2015-ci ildən etibarən «xxxx» ASC-nin problemli aktivlərinin mərhələli şəkildə «xxxx» QSC-yə təhvil verilməsinə başlanmış və proses bu günə qədər davam etməkdədir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi kreditor tələbinin qeydə alınması üçün müddətin ötürülməsinə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-719/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) ərizəçi «xxxx» ASC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kreditor tələblərinin qeydə alınması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması və kreditor tələblərinin qeydə alınması tələblərinə dair ərizəsi təmin edilməmiş, müddətin bərpasından imtina olunmuşdur. «xxxx» ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisa di Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmə prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə tərəfimizdən göstərilən və ərizəyə əlavə etdiyimiz sənədlərlə təsdiq olunan səbəblərə münasibət olaraq, yalnız “Banklar haqqında” AR Qanununun 76.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, ərizəçinin dəlilləri əsaslı sayıla bilməz, belə ki, hər hansı halın üzrlü qəbul edilə bilməsi üçün bu halın ərizəçidən asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə tö rətməsi məhkəmə iclasında sübuta yetirilməlidir, lakin iş üzrə belə bir hal aşkar olunmur. Bildiririk ki, prosessual müddətin bərpa edilməsi ilə bağlı müddəalar Mülki və İnzibati Prosessual məcəllələrdə nəzərdə tutulmuş, lakin müddətin bərpaedilməsi üçün üzrlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Hazırkı işdə isə məhkəmə ərizədə qeyd edilmiş üzrlü səbəbləri xüsusi olaraq araşdırmamış və həmin səbəblərin nə üçün üzrlü hesab edilməməsini əsaslandırmamışdır, yalnız “iş üzrə belə bir hal aşkar olunmur” deməklə əsaslandırmanı yekunlaşdırmışdır. Prosessual müddətin ötürülməsinə səbəb olan hallarla bağlı nəzərə alınmalıdır ki, bu hal 2015-ci ildən etibarən yaranmış (Cavabdeh ASC-nin ləğvetmə prosesi başlanmamışdan öncə), problemli aktivlərin sayının çoxluğu, rəhbərliy in dəyişməsi və nəticədə sağlamlaşdırma prosedurlarının başlanması nəticəsində baş vermişdir. Bununla əlaqədar olaraq, 15 iyul 2015-ci il tarixində Bankın sağlamlaşdırılması məqsədilə “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 №-li Fərmanı və 10 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 s saylı Sərəncamı imzalanmışdır. Qeyd olunan aktların icrası ilə bağlı 2015-ci ildən etibarən “xxxx” ASC-nin problemli aktivlərinin mərhələli şəkildə “xxxx” QSC-yə təhvil verilməsinə başlanılmış və proses bu günkü günə qədər davam etməkdədir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi kreditor tələbinin qeydə alınması üçün müddətin ötürülməsinə səbəb ol muşdur. Göründüyü kimi qeyd etdiyimiz hallar ərizəçinin dəf edə biləcəyi imkanlardan kənara çıxmışdır və buna görə də, üzrlü hesab edilən hallara daxil edilməlidir. Həmçinin, məhkəmə o halı da nəzərə almamışdır ki, tələbin qeydiyyata alınması üçün ləğvediciyə 30.11.2016, 04.05.2017-ci il tarixlərdə müraciətlər edilmiş, lakin müraciətlərə hər hansı şəkildə münasibət bildirilməmiş, tələb qeydə alınmamışdır. Yalnız iki il keçdikdən və edilmiş növbəti təkrar müraciətdən sonra 18.05.2018-ci il tarixdə bildirilmişdir ki, müvafiq müddət ərzində kreditor tələb irəli sürmədiyindən tələblər reyestrə daxil edilməmişdir. Göründüyü kimi məhkəmə bu hala münasibət bildirməmiş, işə birtərəfli yanaşmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçinin vəkili kassasiya şikayətinin məzmununa uyğun izaha t verərək şikayətin təmin edilməsini xahiş etdi. Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məh kəməsinin qərardadı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. «Banklar haqqında» Qanunun 76.1-ci maddəsinə əsasən, bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. İnzibati Prosessual Məcəllənin 22-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müd dətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarından müəyyən olunduğu kimi ərizəçi müddətin ötürülməsinə səbəb olan halları onunla i zah etməyə çalışır ki, həmin hallar 2015-ci ildən etibarən yaranmaqla, problemli aktivlərin sayının çoxluğu, rəhbərliyin dəyişməsi və nəticədə sağlamlaşdırma prosedurlarının başlanması nəticəsində baş vermişdir. Kollegiya hesab edir ki, həmin apellyasiya məhkəməsi həmin dəlilləri əsaslı saymamaqda haqlı olmuşdur. Belə ki, hər hansı halın üzrlü qəbul edilə bilməsi üçün bu halın ərizəçidən asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi məhkəmə iclasında sübuta yetirilməlidir. Lakin iş üzrə belə bir hal aşkar olunmamışdır. Məhz bu mənada məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş müddət ərizəçinin təqsiri ilə ötürüldüyündən, yəni müddətin buraxılması üzrlü səbəblərdən baş vermədiyindən, əri zəni məhkəmə haqlı olaraq təmin etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hüquqi şəxslərə münasibətdə isə üzürlü səbəb kimi göstərilən hallar daha ciddi əsaslara söykənməli və mötəbər sübut larla təsdiq olunmalıdır. Lakin hazırkı işin halları baxımından kollegiya hesab edir ki, “xxxx” ASC-nin istinad etdiyi hallar üzürlü səbəblər kimi qəbul edilə bilməzlər. Belə ki, həmin təşkilat ölkənin ən böyük banklarından biri olmaqla hüquqi şəxs olan qurumdur, müvafiq struktur vahidlərinə və təcrübəli əməkdaşlara malikdir. Buna görə də, o, qanunla nəzərdə tutulmuş müddətlər daxilində kreditor tələblərinin reyestrinə daxil edilməyə dair tələblə müraciət etmək imkanına malik olmuşdur. Digər tərəfdən isə hazırkı ərizə ilə də məhkəməyə Cavabdeh ASC-nin müflis elan edilməsindən və Bankın iflas proseduruna başlanılmasından ağlabatan müddətləri ötürməklə xeyli müddət sonra müraciət edilmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-719/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar