Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki sənədin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2800/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 33 №li kooperativin 13 nömrəli orderinə əsasən İddiaçı 33 nömrəli BTK nəzdində 56/57 nömrəli bağ ayrılmışdır.
2. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı **********20 saylı, 10 iyul 2020-ci il tarixli məktubla bildirilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəsində 56/57 əks olunmaması, eyni BTK nəzdində 56 saylı bağ sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, göstərilən ərazinin digər şəxsin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşməsi əsası ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvandakı 56/57 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağlar İdarəsinin İnkişafı və İstismarı Birliyinin 33 nömrəli Bağ Tikinti Kooperativinin 13 nömrəli orderi əsasında bağa ehtiyacı olması nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57 nömrəli bağ sahəsi ayrılaraq ona verilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsinin uzun illər abadlaşdırmış, aq rotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, ərizəsi təmin olunmamışdır.
6. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəsində 56/57 nömrəsi öz əksini tapmamışdır. Bundan əlavə eyni BTK nəzdində 56 saylı bağ sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda X4 mülkiyyətindədir. Həmçinin göstərilən ərazi "xxxx" MMC-nin istifadəsinə verilmiş ər azi ilə üst-üstə düşür. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-5821/17 saylı, 06.11.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, BŞİHnin idarə arxivi tərəfindən vətəndaş İddiaçı 14.08.2017-ci il tarixli, Q-255-121 saylı arxiv arayışı təqdim olunmuşdur. Həmin sənəd, imza və möhür saxtadır. BŞİH-nin idarə arxivində 1991-ci ilin noyabr ayından etibarən başlayan sərəncamlar qorunub saxlanılır. Odur ki, 09.10.1990-cı il tarixli sərəncam BŞİH-nin idarə arxivi tərəfindən verilə bilməz.
7. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(112)-1352/2021 saylı qərarı ilə (hakim: M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2800/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: M.Tağızadə, hakimlər: H.Həmidov və X.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(112)-1352/2021 saylı qərarı ləğv edilmiş, iddianın rədd edilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, bağ sahəsinin ayrılmasına dair order hüquqmüəyyənedici sənəd hesab edilsə də, hazırkı halda orderin verilməsinə əsas ola n sərəncamda iddiaçının adının olmaması, həmin orderin mötəbərliyini şübhə altına alır və hüquq müəyyən edən sübut kimi qəbul edilməsi imkanını istisna edir. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur.
12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərarında Elmira Muradəliyevaya ayrılmış torpaq sahəsinin məhz Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşməsini əsas götürərək hesab etmişdir ki, guya İddiaçı iddia etdi yi torpaq sahəsi məhz həmin torpaq sahəsi ilə eynilik təşkil edir. Görünən odur ki, məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində minlərlə bağ sahəsinin olmasını nəzərə almamışdır. Eyni zamanda, apellyasiya məhkəməsi öz qərarında İPM-nin 12.1-ci maddəsinə istinad edərək, birinci instansiya məhkəməsini bir növ obyektiv araşdırma aparmadığını vurğulamış, lakin özü sözügedən maddənin tələblərinə əməl etmədən qərar qəbul etmişdir.
14. Məhkəmənin arxiv arayışının saxta olmasına istinad etməsi isə ümumiyyətlə anlaşılan deyil. Belə ki, məhkəmənin istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının 06.11.2017-ci il tarixli qərarı təsdiq edir ki, sözügedən məktub 2017-ci ilə aiddir. Lakin iddiaçı inzibati orqana 2020-ci ildə müraciət etmiş və həmin müraciətinə heç bir arxiv arayışı əla və edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüquq müəyyən edici sənəd olduğundan, order olduğu halda onun verilməsinə əsas olan qərarın tələb edilməsinə zərurət olmadığından apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Digər tərəfdən isə, məhkəmə sözügedən orderin mövcudluğunu mötəbər sübut kimi qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: (-). Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daş ınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icr a hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-).
17. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə nin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, iddianın faktiki əsası kimi həmin torpaq sahəsinə səlahiyyətli orqan tərəfindən verilmiş orderə istinad etmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir.
22. İddiaçının şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə bağ torpaq sahəsi üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər əsas hesab olunur.
24. İddiaçıya məxsus 13 nömrəli orderdə onun veri lməsinə əsas kimi Bakı şəhər icraiyyə komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarına istinad edilmişdir.
25. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin imzaladığı 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 09.10.1990-cı il tarixli, 6/317 saylı sərəncamının 3.4-cü bəndinə əsasən, İddiaçı 33 saylı bağ kooperativindən bağ sahəsi ayrılması göstərilmişdir. Yəni həmin arayışa əsasən, müvafiq bağ sahəsinə dair order iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti başçısının 09.10.1990-cı il tarixli, 6/317 saylı sərəncamı əsasında verilmişdir.
26. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbərinin imzaladığı 75821/17 saylı 06.11. 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, BŞİH-nin idarə arxivi tərəfindən vətəndaş İddiaçı 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışı təqdim olunmamışdır. Həmin sənəd, imzalar və möhür saxtadır. BŞİH-nin idarə arxivində 1991-ci ilin noyabr ayından etibarən başlayan sərəncamlar qorunub saxlanılır. Odur ki, 09.10.1990-cı il tarixli sərəncam BŞİH-nin İdarə arxivi tərəfindən verilə bilməz.
27. Bundan başqa, Milli Arxiv İdarəsinin Bakı Filialı məhkəməyə təqdim etdiyi 26.01.2021-ci il tarixli, 60 nömrəli məktubda bildirmişdir ki, keçmiş Bakı şəhər XDS İK-in arxiv fondu üzrə 09.10.1990-cı il tarixli 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin qərarda İddiaçı bağ sahəsi ayrılması barədə heç bir məlumat yoxdur.
28. İddiaçının istinad etdiyi 13 nöm rəli orderdə torpaq sahəsinin 33 nömrəli BTK (X2) nəzdində ayrıldığı və orderin 33 nömrəli BTK tərəfindən verildiyi qeyd edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi digər sübutlardan görünür ki, 33 saylı BTK-nın bağçılıq-yoldaşlıq təsərrüfatının bağ sahələrinin ayrıldığı şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
30. Yuxarıda qeyd edilən halları nəzərə alan apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, bağ sahəsinin ayrılmasına dair order hüquq müəyyənedici sənəd hesab edilsə də, hazırkı halda iddiaçının adına olan 13 nömrəli orderin verilməsinə əsas olan qərarda iddiacının adının olmaması, həmin orderin mötəbərliliyini şübhə altına alır və hüquq müəyyən edən sübut kimi qəbul edilməsi imkanını istisna edir.
31. Odur ki, iddianın rədd edilmə si barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, iddiaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2800/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.