Məhkəmə qərarları › İş №2-1(102)-533/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-533/2019

12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-533/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi x2 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2127/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il xx.xx. tarixdə doğulmuş, 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 2012-ci il 16 yanvar tarixədək müxtəlif vəzifələrdə işləmişdir. O, Qaradağ Sement Zavodunda (indiki x3) 1983-cü il 22 dekabr tarixdən 1993-cü il 15 sentyabr tarixədək laboratoriya sexində laborant vəzifəsində, 1993-cü il 16 sentyabr tarixdən 2000ci il 14 oktyabr tarixədək yükləmə sexində sement qablaşdırıcısı vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 29 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələ b olunan 10 il xüsusi iş stajının olmaması göstərilmişdir. İddiaçı 2017-ci il 26 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunla nəzərdə tutulmuş əmək pensiyasının hesablanaraq ona verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1983-cü ildən 2000-ci ilədək Qaradağ Sement Zavodunda zərərli işdə işlədiyi üçün əmək pensiyası almalı olduğu halda, bu günə kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ala bilməmişdir. Cavabdeh bilərəkdən həmin pensiya məbləğini ona verməkdən boyun qaçırır və Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun tələblərini kob udcasına pozaraq öz vəzifə səlahiyyətlərini aşmışdır. 2000-ci il 13 mart tarixdə qızı x4 dünyaya gəlmişdir. Həmin vaxtdan o, qanuni olaraq 3 il müddətinə analıq məzuniyyətinə buraxılmalı olduğu halda, Qaradağ Sement Zavodu onu məcburi şəkildə işə çıxarmış və 2 aydan sonra onu məcbur edərək öz ərizəsinə əsasən işdən çıxmasını tələb etmişdir. O, analıq məzuniyyətini tələb etsə də, Qaradağ Sement Zavodu onu qanunsuz olaraq işdən azad etmişdir. Zərərli sexdə işlədiyi 7 il 28 gün 2000-ci il tarixdə qüvvədə olan qanunun tələblərinə uyğun nəzərə alınmalı idi. Onun Qaradağ Sement Zavodunda işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çal ışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 may tarixli 2-1(81)-824/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələb olunan azı 10 il xüsusi sığorta stajına malik deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2127/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 24 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 21 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının Qaradağ Sement Zavodunda işlədiyi 7 il 28 gün xüsusi iş stajı olaraq nəzərə alınmış, lakin Şüşə sexində işlədiyi 2 il 6 ay staj nəzərə alınmamışdır. İddiaçı sexdə işləməyi barədə arayışı məhkəməyə təqdim etm işdir. İddiaçının 9 il 8 ay xüsusi iş stajı olduğu halda, məhkəmə qərarında 7 il 28 gün göstərmişdir. İddiaçı hesab edir ki, o, sement zavodunda ağır iş şəraitində işlədiyindən, qanunda nəzərdə tutulmuş güzəştlər ona tətbiq olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən (1997-ci il 1 avqust tarixədək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asıl ı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: - kişilər — 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; - qadınlar — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; (...) İşin materiallarına görə, iddiaçı 1993-cü il 16 sentyabr tarixdən 2000-ci il oktyabrın 14-dək Qaradağ sement zavodunda “sement qablaşdırıcısı” vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulsa da (********. XİV. Tikinti materialları istehsalı. ********.

1. Sement istehsalı. 114 0100a. a/ fəhlələr 1140100a—19300 - sement qablaşdırıcıları), iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (a) bəndində nəzərdə tutulmuş 7 il 6 aylıq müddət şərtini ödəməmişdir. Bununla yanaşı, iddiaçı həmin maddənin sonuncu abzasında nəzərdə tutulan güzəştlərin ona münasibətdə tətbiq olunmasına ümid edə bilər. Həmin abzasın tələbinə görə, “İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” 1997-ci il 13 iyun tarixl i, 321-İQD №-li Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, 13-cü maddənin “a” bəndinin sonuncu abzası çıxarılmış, həmin Qanun 1997-ci il avqustun 1-dən qüvvəyə minmişdir. Beləliklə, iddiaçı “sement qablaşdırıcısı” vəzifəsində işə başladığı 1993-cü il 16 sentyabr tarixdən 1997-ci il avqustun 1-dək olan iş stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edə bilər. Belə ki, iddiaçı həmin stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıra n və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. Bu göstərilənlər nəzərə alındıqda (ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddi artıq bunadək /1993-1997-ci illərdə/ qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldıldıqda), iddiaçı onun yaşa görə pensiya hüququnun 2017-ci il 1 iyul tarixədək yarandığına əsaslanmaqla, bu hüququn yarandığı vaxtda qüvvədə olan qanunun tətbiqini tələb edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının “sement qablaşdırıcısı” vəzifəsində işə başladığı 1993-cü il 16 sentyabr tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il avqustun 1-dək olan iş stajı nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (a) bəndinin sonuncu (4-cü) abzasının hazırkı mübahisəyə tətbiqi imkanlarını İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə əsasən yoxlamalı, bunun üçün zərurət və əsaslar olduqda, İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmə vəzifəsini yerinə yetirməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 oktyabr tarixli 2-1(103)-2127/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar