Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-534/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə X1 İdarəsi Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-534/2019) Bakı şəhəri 27 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdeh MTK-ya q arşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2327/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə X1 İdarəsi (bundan sonra mətndə - iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2017-ci il tarixə 27.084,96 manat məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Cavabdeh MTK-nin 01 iyul 2017-ci il tarixə 27.084,96 manat (əsas borc 19.442,68 manat, penya 7.642,28 manat) məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yaranmışdır. Həmin borcu ödəməsinə dair iddiaçı tərəfindən cavabdehə 31 iyul 2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdehin bank hesabı olmadığı üçün hesablaşma hesabına sərəncam verilməsi mümkün olmamışdır. Cavabdehə 02 oktyabr 2017-ci il tarixli iddia qaldırılacağı barədə xəbərdarlıq ilə 1 (bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2018 saylı, 07 mart 2017-ci il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, Cavabdeh MTK-nın 01.07.2017-ci il tarixə 27.084,96 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin 01 iyul 2017-ci tarixə borcunun 27.084,96 manat məbləğində təşkil etməsi, məhz bu məbləğin ödənilməli olması qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübut olunduğundan iddia tələbi təmin edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasi ya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2327/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və V.M.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1164/2018 saylı, 07 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2327/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh hesab edir ki, iddiaçı təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borc düzgün hesablanmamış və əsaslandırılmamışdır. Belə ki, cavabdehin 27.084,96 manat deyil, 18.281,96 manat məbləğində borcu var. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində nümayəndələrinin iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mü mkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Faktiki hallar və sübutlar: Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə 31.07.2017-ci il tarixli məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməsinə dair bildiriş ünvanlayaraq, ona 01.07.2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 27.084,96 manat borcunun yarandığını bildirərək, həmin borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə hesablaşma hesablarına sərəncam qoyulacağı və digər tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir; İddiaçı ərizəsində cavabdehin ba nk hesabının olmaması səbəbindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarının tələblərinə müvafiq olaraq sərəncam verilmədiyini göstərmişdir; Bildiriş göndərildikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilmədiyindən iddiaçı 02 oktyabr 2017-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək, 01 iyul 2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsinə dair məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyi məsələsinin apellyasiya məhkəməsi tərəfindən müzakirə edilmədiyi və mübahisə doğurmadığı müəyyən edilmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması inzibati məhkəmə icraatının bütün mərhələlərinə aid olduğu üçün məsələyə qiymət verərkən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəada nəzərdə tutulmuş qayda inzibati orqanın digər şəxslərə münasibətdə inzibati fəaliyyəti ilə bağlı icraata aid olduğu üçün eyni münasibətlərdə inzibati orqanın həmin şəxlərə qarşı mübahisələrinə də tətbiq edilməlidir. Bu baxımdan inzibati orqan tərəfindən hüquqi və fiziki şəxslərə qarşı iddia irəli sürülməsi üçün onun (inzibati orqanın) qanunla nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu müəy yən edilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) mübahisəyə münasibətdə aşağıdakılar müəyyən edilmişdir: - 8-ci maddəsinə əsasən, sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir; - 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: (1) sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qan unla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; (2)... məcburi dövlət sosial sığorta haqları üzrə borclar... sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda,... müvafiq icra hakimiyyəti orqanı sığortaedənin... hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların... müvafiq icra hakimiyyəti orqanı hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; (3) məcburi dövlət sosial sığorta haqları üzr ə borcların....sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır; - 18-ci maddəsinə əsasən,....müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcbu ri dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır (4). Sadalanan qanunvericiliyin ümumiləşdirilmiş təhlilinə görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər sosial sığorta edən şəxslərdir və onlar müvafiq sığorta haqqlarını ödəmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli (1), müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır (2). Daha sonra həmin sərəncamdan 90 gün ərzində də borc ödənilmədikdə (3), onun məhkəmə qaydasında alınması üçün iddiaçı qurum ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi barədə iddia qaldırmaq hüququna malik olur (4). İstinad edilmiş normalara riayət edilməsi zəruriyyəti isə onunla bağlıdır ki, iddiaçı cavabdehin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmazdan əvvəl cavabdehin məhz ödəmə qabiliyyəti olmadığını sübuta yetirməlidir. Bu halın sübuta yetirilməsi isə qanunda nəzərdə tutulmuş ardıcıl olan prosedur qaydalara riayət edilməsindən ibarətdir. Lakin hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehin bank hesabı olmadığını bildirərək, hesablarına sərəncam qoymamışdır. İşdən görünür ki, məhkəmələr qeyd edilən xüsusatı ümumiyyətlə araşdırmamış, vergi orqanına sorğu edilərək cavabdehin bank hesabları barədə məlumat əldə edilməmişdir. Odur ki, təkrar araşdırma zamanı cavabdehin bank hesabının olub-olmadığını ara şdırmaq məqsədilə vergi orqanına sorğu edilərək məlumat əldə olunmalı və bunun nəticəsindən asılı olaraq iddianın mümkünlüyü ilə bağlı məsələyə qiymət verilməlidir. Digər tərəfdən, işdən görünür ki, iddiaçının ilkin tələbində cavabdehin 01 iyul 2017-ci il tarixədək yaranmış borcunun məbləği 27.084,96 manat olsa da, apellyasiya instansiyası məhkəməsində iddiaçı iddia tələbinin həcminin azaldılması barədə 18.10.2018-ci il tarixli ərizə təqdim edərək, cavabdehə 01 iyul 2017-ci il tarixə hesablanmış 7.642,28 manat maliyyə sanksiyanın “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 0018-ci il tarixli 1042- VQ nömrəli Qanununa əsasən silindiyini bildirərək, cavabdehdən 01 iyul 2017-ci il tarixə olan 19.442,68 manat məbləğində əsas bor cun onun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinin həcminin azaldılması barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmiş, ərizənin icraata qəbul edilməsi məsələsini müzakirə etməmiş, iddiaçı tələb etdiyi borcun məbləğini azaltmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Bununla da, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələblərinə riayət etməmişdir. Həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən hallar prosessual və maddi hüquq no rmaların pozuntusu kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və cavabdehin kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2327/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-534/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-534/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver