Məhkəmə qərarları › İş №2-1(102)-541/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-541/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-541/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı1, Iddiaçı2, Iddiaçı3 və Iddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar Iddiaçı1, Iddiaçı2, iddiaçı3, iddiaçıların vəkili iştirakı ilə, İddiaçılar Iddiaçı1, Iddiaçı2, Iddiaçı3 və Iddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İd arəsinə (üçüncü şəxslər: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, “X” MMC) qarşı “torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2203/2019 nömrəli, 07.11.2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Ünvan yerləşən ***A nömrəli bağ sahəsi 0,10 hektar keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 05.04.2006-cı il tarixli **** nömrəli müqavilə əsasında Iddiaçı1 istifadəsinə verilmişdir. Sonradan Binəqədi bağ massivində yerləşən ***A n ömrəli 0,06 ha bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 26.05.2006-cı il tarixdə **** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və cavabdeh tərəfindən 0,06 hektar torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək onun qanuni istifadəsində olan ***A nömrəli bağ sahəsinin qalan 0,04 ha. torpaq sahəsinin qeydə alınmasını xahiş etmiş, lakin reyestr xidmətinin **** nömrəli 04.05.2018-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, yuxarıda qeyd olunan şəhadətnamə əsasında ***A nömrəli bağ sahəsi (0,06 hektar) və iddiaçının mülkiyyətində olan Novxanı kəndi, **** nömrəli bağın torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən 0,099 hektar torpaq sahəsi birləşdirilərək 0,159 hektar ölçüdə ***A nömrəli bağ sahəsi kimi paylı mülkiyyət hüququ üzrə 27.12.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar Iddiaçı1, Iddiaçı2, Iddiaçı3 və Iddiaçı4 cavabdeh AR ƏMDK DƏDRX 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və “X” MMC) məhkəməyə müraciət edərək, Ünvan kəndi bağ massivində yerləşən, onlara paylı mülkiyyət hüquqları ilə məxsus olan ***A nömrəli torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmayan 0,4 ha (4 sot) torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmas ı vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh, iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, daşınmaz əmlakın 0,114 ha hissəsi Iddiaçı1, 0,015 ha hissəsi Iddiaçı2, 0,015 ha hissəsi Iddiaçı4 0,015 ha hissəsi Iddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və ****** nömrəli, 27.12.2017-ci il tarixli çıxarış verilmişdir. Sözügedən daşınmaz əmlaka təyin edilmiş yerində müayinəyə əsasən daşınmaz əmlakın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,159 ha olsa da, faktiki olaraq 0,1785 ha-dır. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2-1(81)-104/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, ““Torpaq islahatı haqqında” Qanuna və “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” 01.02.2008-ci il tarixli Qanuna, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçılar paylı mülkiyyət hüquququ ilə onlara məxsus olan *** a nömrəli torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmayan 0,04 ha (4 sot) hissəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə tələbində haqlıdırlar.” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2-1(81)-104/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 21(103)-2203/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2-1(81)-104/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar ***A saylı bağ sahəsinin 26.05.2006-cı il tarixdə əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi, yəni həmin dövrdə torpaqların dövlət reyestrini, o cümlədən torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatını aparmaqda səlahiyyətli olan inzibati orqan tərəfindən 0,06 ha ölçüdə dövlət qeydiyyatına alınması və barədə ****** nömrəli (Kod ******) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi ilə razılaşaraq, adıçəkilən mülkiyyət şəhadətnaməsini mübahisə etmədiklərindən, həmin hüquqi akta əsaslanaraq ***A saylı bağ sahəsini 0,06 ha ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alan cavabdehin qeyd olunan hərəkətlərində və sonrakı imtinasında hər hansı qanunsuzluq aşkar olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 21(103)-2203/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi iddianı tam, hərtərəfli, obyektiv araşdırmamış, torpaq sahəsinin ölçsü ilə iş materiallarına əlavə edilmiş sənədləri nəzərə almamışdır. Kassator, İnzibati-Prosessual Məcəllənin 90, 96-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 2-1(103)2203/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar Iddiaçı1, Iddiaçı2, Iddiaçı3 və onların vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək tələblərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Ali Məhkəmə Kollegiyası işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəb ul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 2-1(103)-2203/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə aralarında bağlanmış 1996-cı il tarixli və 2006-cı il tarixli icarə müqavilələrinə əsasən Ünvan kəndində yerləşən ümumi sahəsi 0,10 hektar torpaq sahəsi olan ***A saylı bağ sahəsi iddiaçı Iddiaçı1 istifadəsinə verilmiş, həmin torpaq sahəsinin 0,06 hektar hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququ qeydə alınmış, yerdə qalan 0,04 hektar hissəsi isə bu günədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçılar hal-hazırda həmin hissənin (0,04 ha.) qeydiyyata alınmasını tələb edir, cavabdeh isə mübahisəli bağ sahəsinin paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına istinad edərək bundan imtina edir. Bununla bağlı apellyasiya instansiya məhkəməsi həmin bağ sahəsinin 0,06 ha. ölçüdə qeydiyyata alınması barədə ****** nömrəli (Kod ******) şəhadətnamənin iddiaçılar tərəfindən mübahisələndirilmədiyinə istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şəhadətnamənin mübahisələndiril məməsi iddiaçıların bağ sahəsinin qeydə alınmayan digər hissəsinə dair şahədətnamə verilməsini tələb etməsini istisna etmir. Belə ki, sözügedən şəhadətnamə əsasında bağ sahəsinin 0,06 ha. sahəsi qeydiyyata alınmışdır və bununla bağlı iddiaçıların etirazı yoxdur. Hazırda isə iddiaçılar bağ sahəsinin qalan 0,04 ha. hissəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Yəni, iddiaçılar sözügedən şəhadətnaməni mübahisələndirməyərək, bağ sahəsinin qeydə alınmamış 0,04 ha. hissəsinə dair yeni şəhadətnamə verilməsini və həmin hissə üzərində iddiaçıların mülkiyyət hüquqlarının müəyyən edilməsini tələb edirlər. Apellyasiya instansiya məhkəməsi isə yanlış olaraq həmin şəhadətnmənin mübahisələndirilmədiyini əsas gətirərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsini n qərarını ləğv edərək iddianı rədd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və”“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci” il tarixli Qanuna əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyəti nə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göstərilən normaların tələblərindən də göründüyü kimi, id diaçılar qanuni istifadələrində olan torpaq sahəsinin onların mülkiyyətinə verilməsini tələb etməkdə haqlıdırlar. Odur ki, iddiaçıların kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları tam araşdırmadan qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri oldu ğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 21(103)-2203/2019 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədləri qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməli, bağ sahəsinin qeydiyyata alınmayan 0,04 ha. sahəsinin qeydiyyatına dair tələbi üzrə ətraflı araşdırma aparmaqla qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri he sab edir ki, Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2019-cu il tarixli, 21(103)-2203/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar