Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-567/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə d air inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-707/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onunla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hərəkətsizlik etməklə icarə müqaviləsi bağlanmasından imtinasının əsassız hesab edilərək torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2-1(114)-1882/2024 saylı qərarı ilə (hakim X5) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə”nin 11-ci bəndinə əsasən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-707/2024 nömrəli qərardadı ilə (hakimlər X6 (məruzəçi), X1 və X2) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövc ud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya b ilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibar ətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-942/2023 nömrəli xx.xx.2023-cü il tarixli; 21(102)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-3171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-307/2024nömrəli, xx.xx.2024-cü il tarixli qərarları ) İnzibati Prosessual Məcəllənin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İcraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilm əli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”
10. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh orqanın fəaliyyət istiqamətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquq və öhdəlikləri sferasına müdaxilə olunması tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, ş əxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı nəticəsində cavabdehin hüquqları və qanuni maraqları pozulmadığından apellyasiya instansiya məhkəməsi əsaslı olaraq cavabdeh tərəfindən verilmiş şikayətin mümkün sayılmaması qənaətinə gəlmişdir.
11. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, e ləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
12. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydas ında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-707/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.