Məhkəmə qərarları › İş №2-1(102)-58/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-58/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-58/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata düşmüş yaxın qohumluq münasibətində olduğu şəxsin qeydiyyatdan çıxarılması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Qriqoriyevnanın (xx.xx.1941-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Sumqayıt şəhər Polis İdarəs inə qarşı “üçüncü şəxsin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(105)-459/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı xx.xx.2004-cü il tarixdən sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvanda həmçinin iddiaçının qızı – xx.xx.1967-ci il təvəllüdlü X2 da yaşayış yeri üzrə qeydiyyatdadır.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona məxsus həmin mənzildən qızı X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina olunmuşdur və həmin məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr, 7A saylı evin 28 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 12-ci mkr., 7A saylı evin 28 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. Ona məxsus həmin mənzildə 1996-cı ildən bu günədək məcburi köçkünlər yaşayır. Sumqayıt regional “Asan Xidmət” Mərkəzində xx.xx.2021-ci il tarixdə yazdığı ərizəyə əsasən qızı X2 da həmin mənzilə qeydiyyata alınmışdır. X2 əri və uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Qurd dərəsi bağları nda yaşayır. İddiaçının ərizəsinə əsasən onun mülkiyyətində olan mənzilə qeydiyyata alınsa da, X2 heç vaxt həmin mənzildə yaşamamışdır. İddiaçının təklif etməsinə baxmayaraq, X2 cavabdehə ərizə ilə müraciət edərək həmin mənzildən qeydiyyatdan çıxarmaqdan imtina etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 13 mart 2023-cü il tarixli, 2-1(118)-1365/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilməlidir ki, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında üçüncü şəxs bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı olan anası ona ölümündən sonra mübahisələndirilən mənzili satıb üçüncü şəxs də daxil olmaqla, özünün beş övladı arasında böləcəyini bildirmişdir. Bu səbəbdən də o, həmin mənzilə qeydiyyata alınmışdır. Üçüncü şəxs şikayətin təmin olunmamasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruz əçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 09 iyun 2023-cü il tarixli, 2-1(105)-459/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə üçüncü şəxsin mənzildə yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalıdır. Məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mənzilə istifadə hüququnun olmadığı müəyyən edildiyi halda, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv e dilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisə iddiaçının razılığı əsasında sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmış üçüncü şəxsin könüllü olaraq həmin mənzildən qeydiyyatdan çıxmaması səbəbindən yaranmışdır. Üçüncü şəxsin qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozduğuna görə, iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən ilk öncə inzibati orqana, imtina cavabı aldıqdan sonra inzibati məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarında mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına xitam verilməsinin mülkiyyətçinin inzibati orqana müraciəti əsasında mümkünlüyü qeyd edimişdir. İddiaçı tərəfindən sözügedən mənzilə üçüncü şəxsin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxsin sözügedən mənzilə istifadə hüquqlarının olmadığı halda ona xita m verilməsi məsələsindən də söhbət gedə bilməz. Bu baxımdan üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı ümumi məhkəməyə müraciət edilməsi əsassızdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının məzmun və mahiyyətini düzgün başa düşməmiş, yaranmış mübahisəyə həmin qərarı təbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azər baycan Respublikasının Qanunu Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqd an məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında v ə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı “...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə min miş qətnaməsinin mövcudluğudur. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xita m verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur....Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılmas ı məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətç inin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.... Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissə sini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara aldı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyya ta alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhk əmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadın ın ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun xüsusi mülkiyyətində olan mənzildən qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir.

27. Birinci instansiya məhkəməsi üçüncü şəxsin istifadə hüququ ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında həllini tapmadığına istinadən iddianı mümkün saymamışdır. Məhkəmə tərəfindən iddiaçıya üçüncü şəxsin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsindən asılı olaraq təkrar inzibati orqana müraciət etmək hüququ izah olunmuşdur.

28. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə üçün cü şəxsin mənzildə yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalıdır. Məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər.

29. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə ara şdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

31. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

32. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın m əhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxs arasında yaxın qohumluq münasibətlərinin mövcudluğu hər bir halda sonuncunun həmin yaşayış sahəsinə istifadə hüququnun mövcud olması anlamına gəlmədiyi kimi, inzibati mübahisə yə baxan məhkəmələrə də lazımi araşdırma aparmadan həmin hala istinadən qeyd olunan məsələnin (yaşayış sahəsinə istifadə hüququnun) ilk öncə mülki məhkəmə icraatı qaydasında həll olunması və bunun üzərindən iddianın mümkün sayılmaması qənaətinə gəlməyə də əsas vermir.

34. Bu qərarın 18-ci bəndində istinad edilən normalara əsasən, cavabdeh inzibati orqan tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarın 20-ci bəndində istinad edilən hüquqi mövqeyinə əsasən, yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən söhbət gedə bilməz və aydındır ki, belə bir halda iddiaçı həmin mülki iş üzrə yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmə qətnaməsinin qəbul edilməsinə nail olmayacaqdır, sadəcə şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi əldə edəcəkdir ki, bu da, prosessual qənaət prinsipi ilə uzlaşmır.

36. Bu baxımdan, inzibati mübahisəyə baxan məhkəmələr tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində mülkiyyətçi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən şəxsin həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı açıq-aşkar müəyyən edilirsə, həmin şəxsin qeydiyyatdan çıxarılmasından inzibati orqan imtina etdiyi təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin ya şayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Bu həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarın 20-ci bəndində istinad edilmiş hüquqi mövqeyindən irəli gəlir, həm də prosessual qənaət baxımından əhəmiyyət daşıyır.

37. Hazırkı mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs iddiaçının qızı olmasına rəğmən, sözügedən mənzilə iddiaçının razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. İddiaçı ərizəsində və şikayətində həmin hala təkidlə istinad etdiyi halda, məhkəmələr üçüncü şəxsin iddiaçının mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin, o cümlədən qeyd edilən ərizənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əl də etməmiş və həmin sənədlərə qiymət verməmişlər. Qeyd olunan sənədlər, o cümlədən iddiaçının razılıq ərizəsi iş materiallarına əlavə edilməmişdir.

38. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin sözügedən mənzilə iddiaçının razılıq ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınması üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun olmadığını təsdiq edən hallardan biridir. İstifadə hüququnun olduğu təqdirdə, üçüncü şəxs həmin hüquq əsasında sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata düşərdi və mülkiyyətçinin, yəni iddiaçının razılıq ərizəsinə zərurət qalmazdı. Bu zaman həm də iddiaçı tərəfindən məhkəməyə üçüncü şəxsin sözügedən mənzilə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İd arəsinin xx.xx.2023-cü il tarixli məktubunun təqdim edildiyi də nəzərə alınmalıdır.

39. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apellyasiya instaniyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

40. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 09 iyun 2023-cü il tarixli, 2-1(105)-459/2023 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar