Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-585/2017 28.03.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-585/2017) Bakı şəhəri 28 mart 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) c avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 3 uşaqlı ana kimi 51 yaşın tamam olduğu 10 fevral 2010-cu il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-387/2016 saylı, 29 noyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 mart 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.xxxx-cu il tarixdə anadan olmuş, əmək fəaliyyətinə 15 avqust 19xx-ci ildən başlamış, 20 dekabr 19xx-cu il tarixdə nikaha girmiş, birgə nikahdan 3 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Cavabdehin 02.09.2016-cı il tarixli məktubundan görünür ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar 31 avqust 2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən qadınlar 60 yaşına çatdıqda (qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır; 2015-ci il üçün yaş həddi 60 yaş müəyyənləşdirilmişdir), azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. İddiaçının şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin sürətinə əsasən 10.02.1959-cu il təvəllüdlüdür, Qanunun 7-ci maddəsinə uyğun 60 yaşı tamam olacağı ta rixdə əmək pensiyasının təyin edilməsi üçün müraciət edə bilər. İddiaçı 02 sentyabr 2016-cı il tarixdə cavabdehə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,3 uşaqlı ana kimi 51 yaşının tamam olduğu 10 fevral 2010-cu il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya görə 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. O, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə edilmiş d əyişiklik qüvvəyə minənədək, yəni 01 yanvar 2010-cu il tarixədək 3 uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan şərtlərə malik olmuşdur. Yalnız onun 51 yaşının tamam olması həmin normanın yeni redaksiyasına təsadüf etməsi və qanunla daha sərt şərtlərin müəyyən edilməsi heç nəyi dəyişmir. Sonuncu şərt ona işarə edir iddiaçıya çox uşaqlı ana kimi pensiya 51 yaşının tamam olduğundan sonra təyin edilməlidir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71 və 149-cu, “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1, 37-ci maddələrinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tə rbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qadınlar 57 yaşına çatdıqda (qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır; 2015-ci il üçün yaş həddi 60 yaş müəyyənləşdirilmişdir) azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. İddiaçının təqdim etdiyi sənədlərə əsasən ona 3 ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(85)-1460/2016 saylı iş) 28 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinin redaksiyasına əsasən güzəştli şərtlə vaxtından əvvəl pensiya təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün hallar, yəni iddiaçının 3 uşaq anası olması, uşaqları 8 yaşadək tərbiyə etməsi və azı 5 il sığorta stajına malik olması mövcud olmuş, yalnız onun 51 yaşının tamam olduğunun həmin normadan yeni redaksiyasına təsadüf etməsi və bu redaksiya ilə qanunla daha sərt şərtlərin müəyyən edilməsi heç nəyi dəyişmir, çünki sonuncu şərt ona işarə edir ki, iddiaçıya güzəştli şərtlərlə qazandığı pensiya məhz 51 yaşı tamam olduğundan sonra təyin edilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərarı ilə razılaşan Sumqayıt Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5- məruzəçi, X2 və X3, 2-1(105)-387/2016 saylı iş) 29 noyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 13 dekabr 2016-cı il tarixdə qərarın surətini almış, 27 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və ən azı 10 il sığorta stajı olan qadınların bu qanunun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var, qadınlar 57 yaşına çatdıqda (qadınların yaş həddi 2010-cu ilin yanvar ayının 1-dən başlayaraq 2016-cı ilin yanvar ayının 1-dək hər il altı ay artırılır, 2015-ci il üçün yaş həddi 60 yaş müəyyənləşdirilmişdir) azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. 01.01.2006-cı il tarixdən 01.01.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, 3 uşağı doğub 8 yaşınadək tərbiyə etmiş 05 il sığorta stajı olan analar 51 yaşına çatdıqda yaşa görə pensiya almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında xüsusi ilə göstərilmişd ir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Qərar qanunda dəyişiklik edilən tarixədək əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. İddiaçının 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun Qanunda dəyişiklik ediləndən sonra yəni, 01.01.2010-cu il tarixdən sonra yarandığı üçün həmin qərarın iddiaçıya şamil edilməsi mümkün deyildir. Qanunun məzmunundan göründüyü kimi, (01.01.2010-cu il tarixədək, yəni qanunda dəyişiklik edilənədək) həmin normaya uyğun pensiya almaq üçün 3 əsas şərt tələb olunur: 1) 51 yaşına çatmaq; 2) 3 uşaq doğub onu 8 yaşınadək tərbiyə etmək; 3) 5 il sığorta stajına malik olmaq. Normaya uyğun o laraq pensiya almaq üçün tələb olunan 3 əsas şərti 01.01.2010-cu il tarixədək, yəni qanunda dəyişiklik edilənədək qazanmadığı üçün iddiaçıya 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Məhkəmələr işə baxarkən, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 28, 45 və 61, İnzibati Prosessual Məcəllənin 14.3-cü, 73.1, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci, 31.1, 8.1, 7-ci maddələrini, “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarını, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsini düzgün tətbiq etməmişlər. tərəflərin izahatları: Cav abdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM- in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan yaşa görə ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 3 3.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 27 oktyabr 2009cu il tarixdə edilmiş və 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən dəyişikliyə uyğun olaraq çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu tənzimləyən 8.1-ci maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiy ası hüququ vardır”. Həmin dəyişiklik edilənədək isə Qanunun 8.1-ci maddəsi aşağıdakı redaksiyada idi: “Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda”. Göründüyü kimi, qanunvericilik çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı fərqli tənzimləməyə getmişdir. Hazırkı halda isə mübahisənin həlli baxımından iddiaçıya münasibətdə qanunvericiliyin 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən müddəalarının, yoxsa həmin tarixədək qüvvədə olan müddəalarının tətbiq edilməli olduğu aydınlaşdırılmalıdır. Bunun üçün isə Azərbaycan Respublikası Konstitusiyasının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun əmək pensiyalarının yaranmasına və təyin edilməsinə dair müddəalarına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1 və 32.1-ci maddələrinə görə isə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Beləliklə, əmək pensiyası hüququ yarandıqdan sonra belə pensiyaya hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaranmış (qazanılmış) pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ q ayda nəzərdə tutmur. Əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edir. Onun belə müraciəti olduqda isə həmin şəxsə əmək pensiyası hüququnun yarandığı gündən, lakin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı ildən tez olmamaqla ömürlük pensiya təyin edilməlidir. Qeyd edilənlərə əsasən hazırkı işin halları baxımından aydınlaşdırılmalı olan hal ondan ibarətdir ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904İİİQD saylı Qanunun qüvvəyə mindiyi 01.01.2010-cu il tarixədək yaranmışdımı? Əgər iddiaçının hüququ qanunda dəyişikliyin qüvvəyə mindi yi tarixədək yaranmışsa, o halda o, artıq qazanılmış pensiya hüququ əldə etmiş olur ki, qanunun mətnində edilmiş sonrakı dəyişiklik ona münasibətdə tətbiq edilə bilməz. Bu zaman qazanılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin qanunun yeni redaksiyasının qüvvədə olduğu dövrə təsadüf etməsindən asılı olmayaraq ona müvafiq pensiya təmin edilməli olacaqdır. Lakin kollegiya hazırkı işin halları baxımından kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində edilmiş dəyişikliyin qüvvəyə mindiyi 01 yanvar 2010-cu il tarixədək iddiaçı çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ qazanmamışdı. Belə ki, Qanunun əvvəlki redaksiyasının mətninə görə o, belə hüququ əldə etmək üçün 3 uşağı doğub onu 8 yaşınadək tərb iyə etməli, 5 il sığorta stajına malik olmalı və 51 yaşına çatmalı idi. Qanunda dəyişikliyin qüvvəyə mindiyi 01 yanvar 2010-cu il tarixədək iddiaçıya münasibətdə sözügedən hər üç şərt ödənilməli idi. İşin mübahisələndirilməyən hallarına görə isə “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində edilmiş dəyişikliyin qüvvəyə mindiyi 01 yanvar 2010-cu il tarixədək iddiaçının 51 yaşı tamam olmamışdı. Ona görə də, o, qazanılmış pensiya hüququ əldə etməmişdir. İddiaçının müraciət etdiyi vaxt isə qanunvericiliyin qüvvədə olan redaksiyasına görə ona pensiyanın təyin edilməsi mümkün deyildir. Belə ki, qüvvədə olan qanun yalnız beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara müvafiq pensiyanın təyin edilməsini mümkün hesab edir. İddiaçının isə 5 uşağı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş müddəanın da iddiaçının halına tətbiqi mümkün deyildir. Həmin müddəadan çıxış etməklə iddiaçıya pensiyanın təyin edilməsi yalnız o halda mümkün ola bilər ki, onun qanunvericilikdə dəyişiklik edilənədək qazanılmış pensiya hüququ mövcud olsun. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı qanunvericilikdə dəyişiklik edilənədək belə qazanılmış hüquq əldə etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)387/2016 saylı, 29 noyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-585/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-585/2017
28.03.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver