Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-59/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Su mqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-522/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 088 nömrəli göndəriş əsasında cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti xx.xx.2022-ci il tarixə qədər müəyyən olunmuş, əlillik səbəbi kimi ümumi xəstəlik göstərilmişdir.
2. İddiaçının əlillik müddəti 6 iyun 2022-ci il tarixdə bitməsinə baxmayaraq, Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidmətinin 15 fevral 2019-cu il tarixli məktubuna əsasən, iddiaçının xəstəliyi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında r əsmi sənədlər aşkar edilmədiyi səbəbi ilə göndəriş cavabdehin əlillik altsistemində etibarsız hesab edilmişdir. Əlilliyin etibarsız hesab edilməsini cavabdeh belə əsaslandırmışdır ki, “Tibbi Sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Bakı 2 saylı X1 Bənnayevə aid 4384003AABVR saylı göndərişi əsasında onun əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilm işdir. 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə ƏƏSMN tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunaraq, "xxxx" QSCnin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfər barəsində əlillik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində göndərişlərin (Forma 88) əsaslılığının yoxlanılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-nə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı aparılan araşdırma zamanı iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuş və beləliklə, “Əlillik altsistemi”ndə əlilliyin qiymətləndirməsi etibarsız edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 9 mart 2022-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya 4384003AABVR nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, Nəsrəddin Tusi adına klinikada xx.xx.2015-ci il tarixdə, daha sonra təkrarən xx.xx.2019-cu il tarixdə müayinələrdən keçmiş və həmin müayinələrin nəticəsi olaraq ona “serebral strukturların MRT görüntüsü yaşa uyğundur. Baş beyinin hər iki yarımkürəsində çox saylı işemik və post işemik foka: qliotik ocaqlar (serebral vaskulopatiya)” diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixli, 43840Q3AABVR nömrəli Forma 88 əsasında TibbiSosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və xx.xx.2022-ci ilədək ikinci dərəcəli əlillik təyin etmişdir. Lakin iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən əlillik altsistemində etibarsız hesab olunmuşdur. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona beş il müddətinə 2-ci dərəcəli əlillik təyin e dilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnozla müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvə də olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Müəyyən olunmuşdur ki, Bakı 2 saylı X1 Bənnayevə aid 4384003AABVR saylı göndərişi xx.xx.2017ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 2017-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Nəticədə Azərbaycan Re spublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra ADY QSC) müraciət olunaraq, ADY QSC-nin tabeçiliyində olan tibb idarələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 52 nəfərə aid əlillik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə ƏƏSMN-yə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı ADY QSC tərəfindən xx.xx.2019-cu il tarixli, NVS-46 nömrəli məktub göndərilmişdir. Məktubda qeyd olunur ki, 52 nəfər şəxsdən 1 nəfərə (X2) Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi ilə ba ğlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibb müəssisələri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədilə həmin qurumlara sorğular edilmiş, qeyd olunan şəxslərdən 39 nəfərin göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan 39 nəfər barəsində Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası nın Qanununun 2.0.2. maddəsində qeyd olunur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ADY QSC-nin xx.xx.2019-cu il tarixli, NVS-46 nömrəli məktubuna əlavə edilmiş siyahıda 34-cü sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən və 39 nəfərin, o cümlədən İddiaçı göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən edildiyindən, tədbir görülərək adları siyahıda olan dövlət büdcəsindən qanunsu z olaraq vəsait ödənilməsinə nail olmuş şəxslərin “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2-1(118)-1342/2022 nömrəli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya təyin olunmuş İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdeh 06 iyun 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat h aqqında” Qanunun normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən, 6 iyun 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-522/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-21(118)-1342/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamışdır. Şikayətdə əlavə olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-522/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəf indən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 n ömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.1. şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edild ikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndir ilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətind ə dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydas ı” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 f evral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdır ılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq no rmalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətini n dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlillik altsistemində iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş məktub əsasında etibarsız hesab edilmişdir.
27. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgö türənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir.
28. Göründüyü kimi, qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildiyi hallarda inzibati orqanın davranışının məcburi prosedur qaydalarını müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədən iddiaçının əlilliyi faktiki olaraq etibarsız sayılmış, bununla da həm “İnzibati icraat haqqında” Qanunun, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, yalnız əyani müayinəyə cəlb edildikdən sonra və həmin əyani müayinə nin nəticələrinə əsasən iddiaçının əlil olmadığının müəyyən edildiyi təqdirdə, cavabdeh bu barədə müvafiq inzibati akt qəbul edə bilərdi. 29. “İnzibati icraat haqqında” Qanunun 21-ci, 24-cü və 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
30. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqan inzibati akt qəbul edərkən öz təşəbbüsü əsasında inzibati icraat başlamağa və aparmağa borcludur.
31. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azər baycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır.
32. Bundan əlavə, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş 6 iyun 2017-ci il tarixli inzibati akt, əlillik altsistemində əlilliyin etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 6 iyun 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqq ında” Qanunun normalarına uyğun icraat aparmadığı və həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyi üçün, həmin 6 iyun 2017-ci il tarixli qərar ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-522/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.