Məhkəmə qərarları › İş №2-1(102)-610/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-610/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-610/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə Açar söz: (əlilliyə görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1978-ci il təvəllüdlü iddiaçı 1 mart 1996-cı il tarixdən 1 oktyabr 2005-ci il tarixədək ünvan qəsəbəsində fəaliyyət göstərən X sexində satıcı vəzifəsində işləmişdir. İddiaçıya 03.02.2016-cı il tarixdə II dərəcə əlillik təyin edilmiş və həmin vaxtdan əlilliyə görə əmək pensiyasının ödənilməsinə başlanılmışdır. İddiaçıya ödənilən əmək pensiyası 01.05.2019-cu il tarixdə dayandırılmışdır (iddiaçının əmək stajı öz təsdiqini tapmaması əsası ilə). İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı cavabdehin onun əlilliyə görə əmək pensiyasının bərpa olunmasından imtinasının qanunsuz sayılması və əlilliyə görə əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2549/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2549/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 201 9-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2549/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq dövrdə işləməsi təsdiqini tapdığından, əmək haqqında məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi onun iradəsindən asılı olmadığından, ona əlillik təyin olunduğu vaxt 2017-ci ilin 01 iyul tarixindən əvvəlki vaxta düşdüyündən (bu, işin mübahisə olunmayan hallarına aiddir), əlilliyə görə əmək pensiyası da həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə aparılmış araşdırmalar nəticəsində iddiaçının sosial sığorta stajının olmadığı müəyyən edilmişdir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 12.1, 31.2-1-ci maddələrinə, İPMnin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.1978-ci il təvəllüdlü iddiaçı 1 mart 1996-cı il tarixdən 1 oktyabr 2005-ci il tarixədək ünvan qəsəbəsində fəaliyyət göstərən X sexində satıcı vəzifəsində işləmişdir. İddiaçıya 03.02.2016-cı il tarixdə II dərəcə əlillik təyin edilmiş və həmin vaxtdan əlilliyə görə əmək pensiyasının ödənilməsinə başlanılmışdır. İddiaçıya ödənilən əmək pensiyası 01.05.2019-cu il tarixdə dayandırılmışdır (iddiaçının əmək stajı öz təsdiqini tapmaması əsası ilə). İddiaçıya əlillik 03.02.2016-cı il tarixdə təyin olunduğundan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının əmək stajı - əmək kitabçası, X rayon X Kombinatı üzrə Əmrdən çıxarış, X rayon Dövlət Arxivinin 12.09.2019-cu il tarixli arayışı ilə təsdiq edilmişdir. Pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların q azanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların h əqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan əlavə, əmək kitabçasında qeyd olunan iş stajı Kəlbəcər rayon Çörək Kombinatı üzrə Əmrdən çıxarış, Kəlbəcər rayon Dövlət Arxivinin 12.09.2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsindən cavabdehin imtinası qanunsuzdur. İnzibati-Pr osessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləs inin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2786/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar