Məhkəmə qərarları › İş №2-1(102)-617/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-617/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-617/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli 1018 nömrəli sərəncamı ilə ayrılmış 600 kv. m torpaq sahəsinə yerləşmə cizgisinin verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2-1(103)-2632/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli 1018 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsı öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqanın etiraz dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində n müvafiq razılıq məktubu alınmadığından və istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Eyni zamanda, yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi Binəqədi rayon İcra hakimiyyətinin öhdəliyi deyildir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 01 aprel 2024-cü il tarixli, 21(112)-5513/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayon İH-nin xx.xx.2000ci il tarixli 1018 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və N.X.Nəbizadə) 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2632/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsasland ırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkə məsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

10. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kas sasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1880/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir.

11. Odur ki, hazırda qüvvədə olan qanunver iciliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

12. Hazırkı iş üzrə Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli 1018 nömrəli sərəncamı ilə 600 kv.m torpaq sahəsi ayrılsa da, həmin sahənin yerləşmə cizgisi tərtib edilərək ona verilməmişdir.

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qə rarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

15. Məhkəmə kollegiyas ı cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2632/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar