Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-628/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun tanınması; dövlət reyestrində qeydiyyata alınması; torpaq sahəsinə plan-ölçü sənədinin və texniki pasportun verilməsi;, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sah ib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçüsünün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-337/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli,14 nömrəli qərarı ilə iddiaçıya ət satışı üçün mağazanın tikintisi məqsədi ilə bələdiyyə mülkiyyətindən 0,01 ha torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi xx.xx.2003-cü il tarixli, 223 nömrəli rəy verərək, həmin torpaq sahəsinin AğdaşPirəzə yolunun sağ tərəfində boş istifadəsiz sahə olduğunu və iddiaçıya 0,01 ha torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2003-cü il tarixli,199a nömrəli rəy verərək sanitar-gigiyenik qaydalara əməl olunacağı təqdirdə müvəqqəti olaraq ət və ət məhsullarının satışına etiraz etmədiyini bildirmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ağdaş rayon X1 Xidməti xx.xx.2003-cü il tarixli, 1/2-166 nömrəli arayış verərək bina tikintisinə etiraz etmədiyini bildirmişdir. 5. 14 saylı Yol İstismar İdarəsi xx.xx.2003-cü il tarixli, 82 nömrəli arayış verərək, torpaq sahəsinin Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 461 nömrəli qərarı və "Avtomobil yolları haqqında" Qanun nəzərə alınmaqla ayrılmasına etiraz etmədiyini bildirmişdir.
6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Ağdaş rayon Binələr bələdiyyəsinin sədr i tərəfindən təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən Ağdaş rayon Binələr bələdiyyəsinin bank hesabına xx.xx.2003cü il tarixdə 77000 manat pul ödənilmişdir.
8. İddiaçı sözügedən 0,01 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********53 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 25 yanva r 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsində bu qərarın 1-9-cu bəndlərində qeyd olunan hallara istinad edərək, cavabdehin imtinasını qanunsuz hesab etdiyini bildirmişdir.
12. Məhkəmənin yardımından sonra iddiaçı qeyd olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün yenidən cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və bu zaman xx.xx.2021-ci il tarixli, **********53 nömrəli imtina məktubunun dəlillərinə istinad etmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən xx.xx.2022-ci il tarixli, **********85 nömrəli etiraz təqdim etmişdir.
14. Sonradan iddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüs ünün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etmişdir.
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, eləcə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
16. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-829/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddia təmin edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin təyinatı və uqodiyası ilə bağlı məhkəmə tərəfindən əldə edilmiş məlumatlar iddianın təmin edilməsini istisna edir.
18. Belə ki, torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu planı tərtib edilmiş və bu sənəd Ağdaş rayon Binələr bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Həmin sənəd məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək torpaq sahəsinin təyinatı və uqodiyası barədə məlumat tələb edilmişdir. Həmin sorğu cavablandırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ca vabdehə göndərilmiş və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54,6 kv.m-dir. Elektron məlumat bazasında mövcud olan "Torpaqların elektron kadastr uçotu informasiya sistemi"nə əsasən, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla, 15,55 kv.m hissəsi tikili altında olan torpaqlar, 23,24 kv.m hissəsi yollar, küçələr və 15,81 kv.m hissəsi çaylar, arxlar uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir.
19. Bundan sonra xx.xx.2022-ci ildə məhkəmə tərəfindən cavabdehə təkrar sorğu verilərək bildirilmişdir ki, məhkəmənin sorğusu torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılarkən tərtib edilən yerquruluşu sxemində göstərilmiş 0,01 ha torpaq sahəsi barədə olduğu halda, mütəxəssis rəyi iddiaçının naturada göstərdiyi 54,6 kv.m torpaq sahəsi barədə tərtib olunmuşdur. Rəydə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ona sənədlə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi göstərilməmişdir. Digər tərəfdən, üst-üstə düşsə belə, rəydə torpaq sahəsinin qalan 45,4 kv.m (100 kv.m - 54,6 kv.m = 45,4 kv.m) hissəsi barədə heç bir məlumat verilməmişdir. Belə olan halda, məhkəməyə göndərilmiş mütəxəssis rəyi və yerquruluşu planı sorğunun cavabı kimi qiymətləndirilə bilməz. Odur ki, Ağdaş rayonu Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin (sənəd üzrə) təyinatı və uq odiyası barədə məlumat yenidən tələb edilmişdir.
20. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya Ağdaş rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinə dair təqdim edilmiş sxemdə torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini bilmədiyindən 0,01 ha torpaq sahəsi barədə məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.
21. Göründüyü kimi, 0,01 ha torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş və Ağdaş rayonu Binələr bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyinə və torpaq sahəsinə dair məlumatlar elektron məlumat bazasında mövcud olmadığına görə həmin torpaq sahəsinin yerini müəyyən etmək, onun (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının mütəxəssislərə naturada göstərdiyi və faktiki istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin isə ümumi istifadədə olan bələdiyyə torpağı olması müəyyən edilmişdir. Halbuki ümumi istifadədə olan bələdiyyə torpaqlarının alqı-satqısı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edilmişdir. Həmin normada deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaql arı, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
22. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-337/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-829/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.
25. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə Ağdaş rayon Güvəkənd bələdiyyəsinin 58 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı və keçmiş DT və XK-nin Ağdaş rayon şöbəsinin mütəxəssis rəyi ilə cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda göstərilən xüsusatların bir-birinə ziddiyyət təşkil etdiyi üçün həmin ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda, bunu etməmiş və nəticədə prosessual hüquq normasının həmin tələbini pozmuşdur.
27. Şikayətdə qeyd edilmişdir ki, işə baxan məhkəmə kollegiyası hər iki tərəfin təqdim etdiyi sübutları tam və hərtərəili araşdırmamış, mütəxəssis rəyinin elə cavabdeh inzibati orqan tərəfindən verildiyini, məhkəmənin iki dəfə sorğu verməsinə baxmayaraq, cavabdeh inzibati orqanın hər iki məktubunda mübahisəli torpaq sahəsinin 100 kv.metr deyil, yalnız 54.6 kv.metr göstərildiyini, xx.xx.2022-ci il tarixli məktubunda “torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpağı olduğunu”, xx.xx.2022-ci il tarixli məktubunda isə sözügedən “torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşdiyini” göstərdiyini nəzərə almamış, həmin sübutları düzgün qiymətləndirməmiş, iddiaçı tərəfin təqdim etdiyi sənədlərin qanun auyğun tərtib edilməsi qənaətinə gəlsə də, qərar çıxararkən cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşdiyi üçün alqı-satqısının Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edildiyinə əsaslanaraq apellyasiya şikayətini təmin etməmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir.
28. İşə baxan məhkəmə kollegiyası iddiaçıya verilmiş 100 kv.metr torpaq sahəsinin qalan 45.4 kv.metr hissəsinə cavabdeh inzibati orqan tərəfindən hansı səbəblərə və əsaslara görə münasibət bildirilmədiyini, həmin torpaq sahəsinin hansı kateqoriya torpaqlara aid olduğunu tam və hərtərəfli araşdırmamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
35. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
36. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər b ir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsinə dair mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
37. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ə t satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına, bu barədə müvafiq çıxarışın verilməsinə, torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmasına və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
38. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki,“...iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zi dd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur”.
39. Lakin, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı məsələ bununla bağlı şübhələri aradan qaldıran, eləcə də torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etməyə imkan verən səviyyədə araşdırılmamış, torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı ziddiyyətlər aradan qaldırılmamış, bununla əlaqədar müvafiq sənədlər bələdiyyə və cavabdehdən tələb olunmamışdır.
40. Bundan başqa, məhkəmə tərəfindən həmin torpaq sahəsinin iddiaçı tərəfindən 20 il müddətində istifadə edilməsi nəticəsində ümumi istifadədən çıxıb-çıxmaması barədə müvafiq orqanların rəyləri öyrənilməmiş və bu xüsusata qiymət verilməmişdir.
41. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarından sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verildiyi müəyyən olunmur.
42. Apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər barədə hərtərəfli araşdırma aparılmamış, müvafiq sənədlər tələb olunmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçı larının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərə findən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-337/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.