Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-637/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-637/2019 Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2-1(103)2453/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Ərizəçi MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun “xxxx” ASC-nin Binəqədi Filialında olan AZ23AMRA******************** saylı hesablaşma hesabına qoyulmuş 23 iyul 2018-ci il tarixli, **********8A saylı, “xxxx” ASC-nin Promo filialı nda olan AZBBTB******************** saylı hesablaşma hesabına qoyulmuş 30 iyul 2018-ci il tarixli, **********4A saylı, “xxxx” ASC-nin Gənclik filialında olan AZ74AİİB******************** saylı hesablaşma hesabına qoyduğu 30 iyul 2018-ci il tarixli, **********9A saylı sərəncamların icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı ərizədə bildirmişdir ki, onun əsas fəaliyyəti müxtəlif növ beton məmulatların hazırlanıb realizə edilməsindən ibarət olmuş və iddiaçı üzərinə düşən vergi öhdəliklərini vaxtında və tam olaraq yerinə yetirmişdir. Cavabdeh isə onun barəsində 208.636,32 manat məbləğində borc hesablamaqla, müəssisənin dəyəri həmin borc məbləğindən yüksək olan əmlaklarını siyahıya almış, borcun həmin əmlaklara yönəldilməsi barədə mə hkəmə iddia qaldırmış, habelə müəssisənin bank hesablarına əsaslandırılmamış sərəncamlar qoymuşdur. Sərəncamlar müəssisənin işçilərinin maaşlarını ala bilməməsinə, onun nüfuzuna xələl gətirilməsinə və müştərilərin itirilməsinə səbəb olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, MXMT(82)23/2018 saylı qərardadı ilə (hakim Hökümə Babayeva) ərizə təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıdan vergi borcu üzrə pul vəsaitinin icra sənədi olan sərəncam vasitəsilə tutulması mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalının olmasına gətirib çıxara bilər. Bu səbəbdən, cavabdeh tərəfindən iddiaçının hesablaşma hesablarına qoyulmuş sərəncamların icrası dayandır ılmalıdır. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2453/2018 saylı qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, vergi qanunvericiliyi məhkəmə qaydasında mübahisələndirilən borcun vergi orqanı tərəfindən dövlət büdcəsinə alınması məqsədilə vergi ödəyicisinin hesabına sərəncam qoyulmasını istisna etmişdir. Cavabdeh mübahisələndirilən borcun iddiaçı tərəfindən ö dənildiyini və hazırkı iddianı təmin tədbirinə dair ərizənin təmin edilməsinə ehtiyac qalmadığını göstərsə də, apellyasiya şikayətinin dəlillərini müdafiə etməsinin səbəblərini izah edə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.2, 43.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericilik m üvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir ki, bu əsaslardan biri də ərizəçinin maddi tələbinin olması ehtimalının müəyyən edilməsidir. Hazırkı halda isə, məhkəmə ərizəçinin maddi tələbinin olması ehtimalını müəyyən etməmişdir. Bundan başqa, vergi qanunvericiliyi iddianın təmin olunacağı təqdirdə vergi ödəyicisinin artıq ödəmələri vergi orqanından tələb etmək hüququnu təsbit etmişdir. Belə olan halda, məhkəmənin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağına və ya xeyli dərəcədə çətinləşəcəyinə dair mövqeyi də əsassız olmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, kameral və ya səyyar vergi yoxlamaları zamanı əlavə hesablanmış vergi məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməyi vergi ödəyicisinin vəzifəsi, vergi orqanının isə hüququ kimi müəyyən etmişdir. Buna baxmayaraq, məhkəmə qanunvericinin iradəsinə zidd qərar qəbul etməklə vergi orqanının bununla bağlı hüquqlarını da məhdudlaşdırmışdır. Kassasiya şikayətinin sadalanan dəlillərinin əsası olaraq cavabdeh, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87, 16.1, 23.1, 65.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 11, 43.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini və apellyasiya instansiyası məh kəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir: Cavabdeh tərəfindən iddiaçının “xxxx” ASC-nin Binəqədi Filialında olan AZ2SAMRA******************** saylı hesablaşma hesabına **********8A saylı 23 iyul 2018ci il tarixli, “xxxx” ASC-nin Promo filialında olan AZBBTB******************** saylı hesablaşma hesabına **********4A saylı 30 iyul 2018-ci il tarixli, “xxxx” ASC-nin Gənclik filialında olan AZ74AİİB******************** saylı hesablaşma hesabına **********9A saylı 30 iyul 2018-ci il tarixli sərəncamlar qoyulmuşdur. İddiaçı qeyd olunan sərəncamların qoyulmasına əsas olmuş vergi borcunu mübahisələndirmiş, müvafiq iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddiaçının 306.762,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 313.500 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən məhkəmə qeyd etmişdir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmış və təmin olunması barədə qətnamə qəbul edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymət ləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki maddələrdə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Maddələrdən bəlli olur ki, ilk olaraq iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır, çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir və onun məqsədi iddianın təmin edilməsinə yönəlmişdir. Apellaysiya məhkəməsində aparılan icraatı zamanı işə əlavə edilmiş iddia ərizəsinin surətindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən əlavə vergilərin hesablanmasını mübahisələndirilmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədən göründüyü kimi, iddiaçı bilavasitə iddia tələbinin mahiyyətini təşkil edən borc məbləği həddində onun bank hesablarına qoyulmuş sərəncamların icrasının dayandırılmasını xahiş etmişdir. Vergi ödəyicisinin bank hesablarına sərəncamların qoyulması qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi): - 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququna aid edilmişdir; - 65.2-ci maddəsinə əsasən, (...) vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir; - 65.2.1-ci maddəsinə əsasən isə, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında k redit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: - vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə (65.2.1.2); - məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq (65.2.1.3); Sadalanmış müddəalardan göründüyü kimi, vergi orqanı tərəfindən bank hesablarına iki növ sərəncamların qoyulması müəyyən edilmişdir: 1) borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması; 2) borc məbləğinin dövlət büdcəsinə alınması. İşin hallarına görə, iddiaçının bank hesablarına borc məbləğinin alınması barədə sərəncamlar qo yulmuş, eyni zamanda iddiaçı tərəfindən həmin borc məbləği məhkəmə qaydasında mübahisələndirilmişdir. Qeyd edilmiş hal isə artıq Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinin tələblərinin tətbiqini zəruri etmişdir. Vergi Məcəlləsinin: - 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Maddənin tələbləri belə izah olunur ki, vergi ödəyicisi tərəfində müvafiq hesablaşma ilə bağlı məhkəməyə şikayət verildikdə, kredit təşkilatı və ya bank əm əliyyatları aparan şəxs vergi orqanı tərəfindən verilmiş sərəncamı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra etməlidir. Qanunvericiliyin göstərilmiş tələbinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olan nəticəyə gəlmişdir. Belə ki, tətbiq edilməsi zəruri hesab olunan tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə müvafiq məbləğlərin alınmasını təmin edə bilər. Lakin mübahisələndirilən məbləğlərlə bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən borc m əbləğlərinin alınması iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Kassasiya şikayətində bildirilmiş digər dəlilə münasibətdə məhkəmə kollegiaysı qeyd edir ki, işin hallarına görə iddiaçının banak hesablarına yuxarıda göstərilmiş qaydaya uyğun olaraq borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamlar qoyulmamış, habelə iddia tələbi ilə iddiaçı cavabdehin hər hansı bir inzibati aktını mübahisələndirməmişdir. Çünki belə inzibati akt mübahisələndirdiyi təqdirdə, onun icrasının dayandırılması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verildikdə, məhkəmələr tərəfindən Azərbaycan Respublikası İPM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin aktın müəyyən şərtlərlə dayandırılması barədə qərardad qəbul edilə bilər. Belə şərtlər kimi məhkəmələr inzibati aktın icrasını, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olunmaqla dayandırılması barədə qərardad qəbul edirlər. Hazırki halda isə iddia tələbinə uyğun olaraq yalnız borc məbləği mübahisələndirildiyindən, apellaysiya məhkəməsi həmin tələb çərçivəsində və ona müvafiq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun olaraq hüquqi qiymətləndirmə aparmaqla düzgün nəticəyə gəlmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2453/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-637/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-637/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver