Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-638/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarş ı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2495/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X-cı il təvəllüdlü olmaqla inzibati orqana müraciət etdiyi zaman 58 yaşı olmuşdur. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 29 yanvar 2018-ci il tarixli, 39 nömrəli arayışında qeyd olunur ki, iddiaçı Ağcabədi rayon Üzümçülük sovxozunda 02.06.1977-ci il tarixdə 93 saylı əmrlə fəhlə təyin edilmiş,15 may 1998-ci il tarixdə 12 saylı əmrlə isə müəssisənin fəaliyyəti dayandırılmış və bütün işçilər buraxılmışdır. DSMF Ağcabədi rayon şöbəsindən cavabdehə ünvanlanmış 31.10.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının 02.06.1977-ci il tarixdən 15.05.1998-ci il tarixədək işləməsinin doğruluğu rayon Dövlət Arxivində yoxlanılmışdır. Əlavə edilmiş yoxlama aktından görünür ki, Ağcabədi rayon üzümçülük sovxozunun Ağcabədi rayon Dövlət arxivində mühafizə olunan əmr kitablarına baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı 2 iyun 1977-ci ildə 93 saylı əmrlə işə qəbul edilmişdir. İddiaçı 1992-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq 90 manat yardım almışdır. 15 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən müəssisənin fəaliyyəti dayandırılmış və işçiləri işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya 27.12.2017ci il tarixdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 12.02.2018-ci il tarixli cavab məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən də iddiaçının əmək kitabçası olmadığı üçün əmək pensiyası təyin edilməsi mümkün deyil. İddiaçı 27 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının 02.06.1977-ci il tarixdən 15.05.1998-ci il tarixədək Ağcabədi rayon Üzümçülük sovxozunda işlədiyi müddət sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 02.06.1977-ci il tarixdən 15.05.1998-ci il tarixədək Ağcabədi rayon Üzümçülük sovxozunda çalışmışdır. Qeyd olunan dövrlərdə olan əmək stajı Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Cavabdehin imtinası qanunsuzdur. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublika sı Konstitusiyasının 12, 26, 38, 60, 71-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1, 11.1, 12.1, 21.1, 30, 31-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2595/2018 saylı iş) 2 avqust 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 02.06.1977-ci ildən 15.05.1998-ci il tarixədək Ağcabədi rayon Üzümçülük sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə tapşırılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajının (20 ildən artıq) olması m üəyyən olunur. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların saxta olduğunu sübuta yetirmədiyi üçün məhkəmə həmin məlumatı mötəbər hesab edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 avqust 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X5 və X4, 2-1(103)-2495/2018 saylı iş) 14 noyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 6 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 20 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçı tərəfindən təq dim edilmiş arxiv arayışına əsaslanıb apellyasiya şikayətini təmin etməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. Cavabdeh bildirmişdir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə qiymətləndirilmişdir. Lakin nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaq ədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 2 iyun 1977-ci ildən 15 may 1998-ci ilədək olan iş stajı nəzərə alınmaqla iddiaçıya İİ dərəcəli əlil kimi pensiyanın təyin edilməsi barədədir. Cavabdeh imtinasında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə iş stajı əmək kitabçası ilə müəyyən edildiyindən, iddiaçı tələb etdiyi iş stajı ilə bağlı əmək kitabçası təqdim etmədiyindən ona əlilliyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh etirazının və şikayətinin dəlilini də iddiaçının iş stajının əmək kitabçası ilə təsdiq edilməməsi ilə əsaslandırmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatına əsasən iddiaçıya 27 dekabr 2017-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının 1977-1998-ci illərə aid iş stajı dövlət arxivinin verdiyi arayışla təsdiq edilir. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi iş stajının yerində qarşılıqlı yoxlama aktı ilə təsdiq edilir ki, adı çəkilən dövrdə iddiaçının işləməsi Ağcabədi rayon Dövlət Arxivində olan məlumatlarla öz təsdiqini tapmışdır. İddiaçının 1981-1991-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bən dinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işlədiyi 1992-1998-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, on ların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən sənəd-dövlət arxivinin verdiyi arayış mövcuddur, dövlət arxivi nin arayışı yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus arayışdakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr dövlət arxivinin verdiyi arayışda qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İİ qrup əlil kimi əmək pensiyası alan iddiaçının pensiyası hesablanarkən 1977-1998ci illərə aid iş stajı da nəzərə alınmalı olduğundan iddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının ikinci d ərəcəli əlilliyi 27 dekabr 2017-ci ildə müəyyən edildiyindən, həmin vaxt (hazırda) qüvvədə olan qanunvericiliyə uyğun onun əlilliyə görə pensiya hüququnun yaranmasına münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətl i yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunverici İİ qrup əlilin pensiya hüququnun yaranması üçün onun tələb olunan iş stajı ilə yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də mövcud olmalıdır. Cavabdeh iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı mübahisə açmam ışdır. Cavabdeh hesab edir ki, iddiaçının 1977-1998-ci illərin iş stajı nəzərə alınmadığından iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd etmişdir ki, iddiaçının adı çəkilən dövrlə bağlı iş stajı iddiaçının sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının İİ qrup əlil kimi əmək pensiyası hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdu r. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2495/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-638/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-638/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver