Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-657/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-657/2020) (Açar sözlər: kompensasiya tələbinə dair iddianın ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və X2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixl i 21(103)-2857/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.8 ha torpaq sahəsinin alınması nəticəsində dəymiş ziyana görə 20000 manatın və əldən çıxmış gəlirə görə 4800 manatın cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 oktyabr tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2857/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Şikayətin dəlillərinə görə, hazırkı mübahisədə fiziki şəxs inzibati orqanın hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir, iş üzrə cavabdeh isə Bakı şəhəri Binəqədi rayonunda yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 8.1.4-ci maddəsinə əsasən, digər hallarda (8.1.1-8.13-cü maddələrdə nəzərdə tutulan hallardan başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin normanın tələbinə görə hazırkı iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmə dikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən bax ılır;... Normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Hazırkı işdə də iddiaçının yuxarıda qeyd edilən məzmunda tələbi daşınmaz əmlaka olan hüquqla əlaqədardır. Həmin daşınmaz əmlak isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə baxmağa həmin Məhkəmə səlahiyyətlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2857/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-657/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-657/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver