Məhkəmə qərarları › İş №2-1(102)-658/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-658/2025

05.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-658/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyici kimi qeydiyyatın əsasları ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2030/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (sifarişçi) ilə İddiaçı (icraçı) arasında xx.xx.2021-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 1 nömrəli əlavəsində müqavilənin tərəflərinin aşağıdakılar barədə razılığa gəldikləri qeyd edilmişdir.

1. Monolit beton bünövrə - ölçü: kv.m; miqdarı: 1500; qiym əti manatla: 18; məbləğ manatla 27000

2. Beton döşəmə - ölçü: kv.m; miqdarı: 230; qiyməti manatla: 20; məbləğ manatla 4600. 2. xx.xx.2022-ci il tarixli 02/T/21 nömrəli Xidmət Müqaviləsinə əsasən "xxxx" MMC (sifarişçi) ilə İddiaçı (icraçı) arasında “qaya daşından istinad divarların tikilməsi kub metr 20 azn” barədə müqavilə bağlanılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 üzrə İdarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

4. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılma ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cava bdeh müraciətlə əlaqədar olaraq bildirmişdir ki, araşdırma zamanı təqdim edilmiş riskli elektron qaimə fakturaların adında hər hansı dəyişiklik edilmədiyi, ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsi ilə geri qaytarılmadığı müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq riskli əməliyyatlar üzrə kənarlaşmalar tam aradan qaldırılmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının hüquqlarını pozan və əlavə pul və saiti tələb edilməsinə əsas olan 19 840.34 manat əlavə gəlir vergisinin hesablanmasına əsas olmuş və riskli vergi ödəyicisi hesab edilməsi ilə nəticələnmiş cavabdeh tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar və 01 may 2023-cü il tarixli "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarın, eləcə də 18 iyul 2023-cü il tarixli imtina məktubu üzrə inzibati aktların ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 01 may 2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bunda n sonra, cavabdeh 02 iyun 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla kameral yoxlama ilə 2022-ci il üzrə 19.840,34 manat əlavə gəlir vergisi hesablamışdır. Həmin inzibati aktlardan narazı qalaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə saylı məktubla cavabdehə müraciət etmiş, riskli vergi ödəyicisi kimi siyahıdan çıxarılmağı xahiş etmişdir. Lakin 18 iyul 2023-cü il tarixli məktubla cavabdeh riskli vergi ödəyicisi kimi qeydiyyatdan çıxarmaqdan imtina etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək 2022-ci ilin gəlir vergisi hesabatını və izahlı məlumatı təqdim edərək heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə olaraq xidmət göstərilməsini qeyd etmişdir. Lakin cavabdeh hesa batları qəbul etsə də, azalma verməmiş və nəticə etibarilə qanunsuz inzibati aktlarla hüquqlarını pozmuşdur.

7. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 51,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” qeyd olunmasına baxmayaraq qeyd olunan mallar (iş, xidmət) qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Kameral vergi yoxlamasına münasibətdə isə qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, 2022-ci il ərzində e-qaimələr vasitəsilə 99351,72 manat dəyərində xidmətlərin göstərilməsinə baxmayaraq, təqdim edilmiş müvafiq ilin gəlir vergisi bəyannaməsinin gəlirlər sətrinin göstəricisiz əks etdirilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli məktub göndə rilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 19840,34 manat ((99351,72- 150,00)*20%) vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Sonradan iddiaçı tərəfindən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş, həmin bəyannaməyə kameral qaydada münasibət bildirilmiş, nəticədə xx.xx.2023-cü il tarixli Qərar ləğv edilərək, ey ni əsaslar üzrə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarların ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim İddiaçı Əhəd oğlu) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarları ləğv edilmişdir.

10. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının fəaliyyəti, mal satışı deyil, özünün cavabdeh inzibati orqana təqdim etdiyi izah məktubunda da qeyd etdiyi kimi, heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə xidmət göstərilməsindən (məsləhət və göstərişlər) ibarət olmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2030/2024 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2212/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə Vergi Məcəlləsinin 13.2.82, 16.1.3, 16.1.6, 23.1.1, 24.0.1, 24.0.2, 37.1, 37.3, 71-1.1.1, 71-2.1, 130.1 və 130.2-ci maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğu qeyd edilmişdir.

16. Qeyd edilmişdir ki, aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 51,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” qeyd olunmasına baxmayaraq qeyd olunan mallar (iş, xidmət) qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2023cü il tarixli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş g öndərilmiş, bildirişdə riskin məzmunu bildirilərək həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların vergi ödəyicisinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə bildirişdə göstərilən məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilmişdir. Lakin qeyd edilən məktuba iddiaçı tərəfindən heç bir münasibət bildirilməmiş, bildirişdə qeyd olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1. 1 -ci yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir.

17. Bundan əlavə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturaların adında hər hansı dəyişiklik edilmədiyi, ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı müəyyən edilmişdir. Odur ki, araşdırmanın nəticəsi olaraq, riskli əməliyyatlar üzrə kənarlaşmalar tam aradan qaldırılmadığı üçün iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişd ir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mü əyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsinə yönəlmişdir.

25. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək bu qənaətə gəlmişlər ki, iddiaçının fəaliyyəti tikinti işləri üzrə texniki cəhətdən işin düzgün qurulması və həyata keçirilməsi üçün məsləhət və göstəriş verilməsindən ibarət olduğundan onun riskli vergi ödəyicisi kimi qeydiyyata alınm ası qanuni sayıla bilməz.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni yuxarıda bəhs olunan qanunvericiliyin müddəalarına zidd hesab edərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

27. Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına da xil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

28. İş materiallarından görünür ki, iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi üçün əsas kimi inzibati orqan onun xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 51,1 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s” kimi qeyd olunan malların elektron qaimə-faktura üzrə alışında, idxalında olmadığının müəyyən edilməsi olmuşdur.

29. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, onun fəaliyyəti xidmətdir və xidmətlərin alışı mövcud olmur (cild 1, iş vər 2-iddia ərizəsi).

30. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin gətirdiyi arqum entləri iş materiallarında olan, iddiaçının müqavilə tərəfi kimi çıxış etdiyi "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsi və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 02/T/21 nömrəli Xidmət Müqaviləsini təhlil etməklə dəyərləndirilməsini məqsədə müvafiq hesab edir.

31. İş materiallarına əlavə edilmiş hər iki müqavilədə tərəflərin öhdəliklərini özündə əks etdirən “icraçı”nın vəzifələri bölməsində icraçının vəzifələri qismində-müqavilədə nəzərdə tutulan qaydada və vaxtda “Sifarişçi’nın müəyyən etdiyi xidmətləri həyata keçirmək; Xidmət göstərdiyi yerin və texnikanın mühafizəsi və istifadə etdiyi zəruri texnikanın istifadə zamanı texniki-təhlükəsizlik qaydalarını təmin etmək, Xidmətin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi norma və qaydalarına riayət etmək; Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək; Xidməti vicdanla yerinə yetirib ‘'Sifarişçi”yə təhvil vermək göstərilmişdir (cild 1, iş vər 79, 96).

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi müqavilənin şərtlərindən irəli gələn iddiaçıya aid vəzifələrin konkret nədən ibarət olmasını müəyyən etməmişdir.

33. Eyni zamanda iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, orada “Yola salınmış malların görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı” qrafasında iddiaçı tərəfindən ********** kodundan istifadə edilmiş, kodla birlikdə monolit beton, grobeton, subasman beton ifadələri işlədilmişdir (cild 1, iş vər 87-89, 99).

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş mate riallarına əlavə edilmiş bu qaimələrlə bağlı ətraflı araşdırma aparmamışdır. Belə ki, vergi orqanı tərəfindən müəyyən edilmiş ********** kod “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” ilə bağlı halları özündə ehtiva edilir. Apellyasiya instansiya məhkəməsinin 01 aprel 2024-cü il tarixli məhkəmə iclasının video çəkilişindən görünür ki, məhkəmə kollegiyası qeyd edilən bu kodla bağlı iddiaçının vəkilinə sual verərkən o, həqiqətən də mühasib tərəfindən qeyd edilən elektron qaimələrdə ********** koddan istifadə edildiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, bu barədə iddiaçı ilə vergi orqanı arasında həmin kodla bağlı yazışmalar mövcuddur. Həmin yazışmalarda mühasib tərəfindən yerin məhdudluğu səbəbindən qrafanın tam doldurulmadığı göstərilmişdir (xx.xx.2024-cü il tarixli apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasının video çəkilişi 15:40-16:25-ci dəqiqələr).

35. Lakin apellyasiya instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq belə yazışmaların mövcudluğunun müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatların həqiqi olub olmaması ilə bağlı araşdırma aparmamış, qrafanın tam doldurulmamasının həqiqi səbəbi müəyyən edilməmiş, eyni zamanda həmin hal ilə bağlı cavabdeh inzibati orqanın münasibəti öyrənilməmişdir.

36. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin 01 aprel 2024-cü il tarixli məhkəmə iclasının video çəkilişindən görünür ki, (xx.xx.2024-cü il tarixli apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasının video çəkilişi 20:20-22:50-ci dəqiqələr) məhkəmə kollegiyası 2022-ci ilə aid gəlir vergisi barədə bəyanna mənin təqdim edilməsi ilə əlaqədar iddiaçıya müraciət etmiş, məhkəmə prosesi zamanı iddiaçı 2021-ci il tarixə aid gəlir vergisi haqqında bəyannamə təqdim etmiş, kollegiya isə 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməsini zəruri hesab etmiş və bu məqsədlə prosesdə fasilə elan edilmişdir.

37. Lakin iddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi fasilədən sonra da kollegiyaya təqdim edilməmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi bununla bağlı da hər hansı hüquqi addım atmamış, fasilənin məhz 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi əsası ilə elan edilməsinə baxmayaraq bəyannamənin təqdim edilməməsinə hər hansı münasibət bildirməmiş, eyni zamanda gəlir vergisi bəyannaməsinin əldə edilməsi üçün özü də addım atmamışdır.

38. Bel əliklə, apellyasiya instansiya məhkəməsi iddiaçının icraçı kimi iki sifarişçi MMC ilə bağladığı müqavilələr və həmin müqavilələr əsasında tərtib edilmiş elektron qaimə fakturalara görə etdiyi xidmətin nədən ibarət olması, həqiqətən məsləhət, izah, tövsiyə olmasını araşdırmamışdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna t əsir göstərən müddəalara yol verilməməlidir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

41. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2030/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar