Məhkəmə qərarları › İş №2-1(102)-661/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-661/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-661/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiya, əmək kitabçası, təhsil müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2748/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 04 fevral 2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun ümumi iş stajı 20 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı məhkəməyə müraciət edərək əmək kitabçasında işlədiyi illər nəzərə alınaraq xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər Şahin LTD firmasında xadimə vəzifəsində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilərək 52 yaşının tamam olduğu tarixdən, yəni 26 iyul 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 03 avqust 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu kimi 03 sentyabr 1983-cü ildən bu günədək ayrı-ayrı təşkilatlarda işləmişdir. Ümumilikdə 25 il stajı vardır. Belə ki, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR 3 saylı X6 təhsil almışdır. Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsinin Təsərrüfat İdarəsinin mətbəəsində xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək mürəttib vəzifəsində, Kirov adına Xəzər Ali Hərbi-Dənizçilik məktəbində, xx.xx.1984-cu ildən-xx.xx.1992-ci ilədək əllə yığmaq vəzifəsində, yəni mürəttib (tipoqrafiya), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək mürətti b vəzifəsində, 01,09.2003-cü ildən-xx.xx.2005-ci ilədək “Şahin LTD” şirkətində xadimə vəzifəsində, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhəri Nəsimi rayonu 8 saylı məktəbdə xadimə vəzifəsində işləmişdir. 28 yanvar 2022-ci il tarixində əmək kitabçası, arxiv arayışını və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq ərizə ilə cavabdeh orqan müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən orqan bunun müqabilində 04 fevral 2022-ci il tarixli cavab məktubu ilə müraciətdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və konstitusion hüququ pozulmuşdur. Ona görə də pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

5. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)-3513/2023 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, xx.xx.1965-ci ildə anadan olmuş iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya təyinatı üçün lazım olan 20 il ümumi və 10 ili güzəştli iş stajı olduğundan cavabdehin pensiya təyinindən imtinası əsassız olmuşdur.

7. Cavabdeh apelyasiya şikayəti verərək q ərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2748/2023 nömrəli iş üzrə 03 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)3513/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 9.1-ci maddəsinə, eləcə də “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

12. Kassator bildirmişdir ki, cavabdeh orqan iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Şahin LTD” şirkətində xadimə vəzifəsində işlədiyi dövrü mübahisələndirilən dövr olduğu qənaətindədir.

13. Bundan əlavə məhkəmə tərəfindən Paşayeva (Dosmaeva) İrina Anatolyevnanın Azərbaycan SSR X10 Təhsili Komitəsi tərəfindən verilmiş 412245 nömrəli diplomuna əsasən Bakı şəhəri C.Babayev adına 3 nömrəli orta texniki peşə məktəbində xx.x x.1980xx.xx.1983-cü ıl tarixlərdə aldığı təhsilin forması (əyani/qıyabi) haqqında məlumatın təqdim edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu vermişdir. Məhkəmə müvafiq sorğuya 21,02.2023-cü il tarixli cavab məktubuna əsasən iddiaçının ali təhsil dövrünü də staja daxil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasə n təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 18. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:... 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qa rşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ria yət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Qadınların “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahı da nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 10 il olmalı;

3. Ümumi iş stajı minimum 20 il olmalıdır.

27. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını deyil, ümumi iş stajını mübahisələndirir. Qeyd edir ki, iddiaçının “Şahin LTD” şirkətində işlədiyi dövr arxiv sənədləri ilə təsdiq edilmir, eləcə də əyani təhsilin pensiya stajına daxil edilməsi barədə qanunda norma yoxdur.

28. İddiaçının xx.xx.2003-xx.xx.2005-ci illərdə “Şahin LTD” şirkətində işlədiyi dövrün arxiv sənədləri ilə təsdiq edilməməsi ilə bağlı kassasiya şikayətində qeyd edilən dəlillə əlaqədar məhkəmə kollegiyası bildirir ki, əvvəla, məhkəmə sorğusuna əsasən iddiaçının işlədiyi dövrlərdə belə bir müəssisənin mövcudluğu müəyyən edilmişdir.

29. Digər tərəfdən, əmək kitabçasını n işçinin əmək fəaliyyətini təsdiq edən sənəd olması bir sıra normativ hüquqi aktlarda qeyd edilmişdir. Həmin aktların tələbinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır.

30. Lakin hazırki halda cavabdeh iddiaçının əmək kitabçasında aparılmış qeydlərinin düzgün olmaması ilə əlaqədar hər hansı mötəbər s übut təqdim etməmişdir.

31. İddiaçının təhsil aldığı müddətin əsassız olaraq əmək stajına daxil edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edir və bildirir ki, xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişd ir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir.

32. Analoji olaraq, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur.

33. İddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz.

34. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddia tələbini təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2748/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar