Məhkəmə qərarları › İş №2-1(102)-666/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-666/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-666/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri, vergi orqanı tərəfindən siyahıya alınmış əmlakların, həmçinin vergi ödəyicisinin mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sahiblik və istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların satılmasının qadağan edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmra n qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı inzibati aktların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-371/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh iddiaçıya kameral vergi yoxlamasına dair uyğunsuzluq məktubu göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında Baş İdarə tərəfindən iddiaçının dövriyyəsi araşdırılmış və tərəflərindən bəyan edilən 126.091,24 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 6.820.000 manat dövriyyədən 6.693.908,76 manat az olduğu müəyyən edilmişdir. Nəticədə 223.130,29 manat mənfəət vergisi və 1.204.903,58 manat ƏDV vergisi olmaqla, cəmi 1.428.033,87 manat vergi məbləği büdcədən yayındırılmışdır. Həmin məktubda, iddiaçı tərəfindən 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicəprofilaktika müə ssisələrinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 gün müddətində təqdim edilməsi təklif edilmişdir.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyul 2020-ci il tarixli, **********660900 saylı və 07 avqust 2020-ci il tarixli, **********479100 saylı qərarları ilə kameral vergi yoxlaması ilə 2019-cu il mənfəət vergisi üzrə 8.225,80 manat, 2019-cu ilin dekabr ayı üçün ƏDV üzrə 67114,98 manat əlavə vergi hesablanmışdır.

3. Cavabdehin 10 avqust 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC-nin müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, cəmiyyətin 2019-cu il üçün fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində dövriyyənin 200.000 manatdan artıq olduğu aşkar edilmiş və bununla əla qədar “Əlavə dəyər vergisi məqsədlər üçün qeydiyyata dair ərizə verilməsi barədə” 22.07.2020-ci il tarixli, **********122500 nömrəli bildiriş göndərilərək, 10 gün müddətində ƏDV qeydiyyatına dair ərizə ilə müraciət edilməsi bildirilmişdir. Qeyd olunan müddət ərzində iddiaçı tərəfindən ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınaraq 07.08.2020-ci il tarixli **********446900 nömrəli “Əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişi” göndərilmişdir.

4. Cavabdehin pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə **********221300 saylı, 10.08.2020-ci il tarixli; **********791300 saylı, 11.08.2020-ci il tarixli və **********356300 saylı, 18 avqust 2020-ci il tarixli qərarlarından görünür ki, İddiaçı MMC-nin, VÖEN:********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 07.08.2020-ci il tarixli, ƏDV ödəyicisinin ********** saylı qeydiyyat bildirişinin, “**********6660900 nömrəli, 22.07.2020-ci il tarixli və **********479100 nömrəli, 07.08.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizl ik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, cavabdehin üzərinə İddiaçı MMC-nin bank hesabına qoyulmuş mübahisəli əlavə hesablama məbləğlərinin 105%-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncamın götürülməsi, siyahıya alınmış əmlakın istifadəsinə qadağa və satışı ilə bağlı hərəkətlərdən çəkinmə, avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törətməyə dair öhdəliyin qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına mübahisəli əlavə hesablama məbləğlərinin 105 %-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncam qoyulmuş, əmlakların siyahıya alınması aparılmış və avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi üçün xəbərdarlıq göndərilmişdir. Vergi orqanı hazırda məhkəmənin icraatında olan və nəticəsi bilinməyən mübahisə üzrə müəssisənin bütün fəaliyyətini iflic etmişdir. İddiaçı vergi ödəyicisidir, kollektivdə xeyli sayda tibbi və texniki personal fəaliyyət göstərir. Vergi orqanının bu addımlarından sonra müəssisə fəaliyyəti dayandırmaq və işsizlərin sayını artırmaq məcburiyyəti qarşısında qoyulmuşdur. Məhkəmədə baxılan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qərar olduqdan sonra həmin qərarın nəticəsi üzrə öhdəlikləri tərəflərindən mütləq icra ediləcəkdir. Lakin heç bir qərar olmadığı halda, vergi orq anı hüquqlarından suiistifadə etməklə müəssisənin fəaliyyətini əngəlləməklə məşğuldur.

8. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadı ilə (hakim: A.P.Oruczadə) ərizə qismən təmin edilmiş, cavabdeh tərəfindən siyahıya alınmış əmlakların, həmçinin iddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sahiblik və istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların satılması cavabdehə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinə yalnız əmlaklar barədə sərəncam vermək hüququ, yəni özgəninkiləşdirmək qadağan edilir. Vergi ödəyicisinə mülkiyyətində olan əmlaklar barədə istifadənin qadağan edilməsi, məhdudiyyətin qoyulması qanunla q adağan edilə bilməz. Belə olan halda, İddiaçı MMCnin siyahıya alınmış əmlaklarının, avtonəqliyyat vasitələrinin (həmçinin siyahıya alınacaq əmlakların) istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların vergi orqanının qərarı əsasında satılması vergi orqanına qadağan olunmalıdır.

10. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək həmin qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-371/2021 nömrəli iş üzrə 12 yanvar 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: M.Ə.Abbasov və V.Ə.Mursaqulov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuzdur. Belə ki, iddiaçının ərizəsi əsasında qəbul edilmiş ilkin qərardaddan göründüyü kimi, məhkəmə iddianın böyük ehtimalla uğur lu olacağı qənaətinə gəldiyi halları, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı səbəblərini əsaslandırmadan, iş üzrə ziddiyyətli maraqları hərtərəfli araşdırmadan və qiymətləndirmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etməklə, İnzibati-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələlərini pozmuşdur.

15. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törətməməyə dair cavabdehin üzərinə öhdəlik qoyulması xahiş olunmasına baxmayaraq, məhkəmə tələbdən kənara çıxaraq iddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sahiblik və istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulmasını cavabdehə qadağan etməklə düzgün olmayan qərardad qəbul etmişdir. Ey ni zamanda, İddiaçı MMC-nin balansında avtonəqliyyat vasitəsinin olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə əlavə edilməmiş və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da İnzibati Prosessual Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozulmuşdur.

16. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadla əmlakın siyahıya alınması ilə bağlı cavabdehin hüquqları məhdudlaşdırılarkən mübahisələndirilən qərarlarla hesablanmış vergi məbləğlərindən əlavə vergi ödəyicisinin ödənilməmiş vergi borcunun olduğu nəzərə alınmamış, əmlakların siyahıya alınması ilə bağlı vergi orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmiş dir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.40. ƏDV-nin depozit hesabı - ƏDV-nin mə daxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;... Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; Maddə 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddə 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir h issəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nə zərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış öd əniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə «Vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» Bənd 1.1 Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Bənd 4.3 Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hes abından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəs ində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Bənd 4.6 Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir. Vergi ödəyicisi tərəfindən ƏDV subuçot hesabından dövlət büdcəsinə ödəniş iş günü sa at 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Bənd 4.7 Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qaydaların 4.8-ci bəndinə görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV- nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Bənd 4.9 Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə idd ia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması za manı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Yuxarıda göstərilən normaların tələblərinə əsasən, ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını, yəni “faktlar yaradılmamışdan” əvvəl nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün o lmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır.

27. Hazırkı işin hallarından görünür ki, iddiaçı tərəfindən verilmiş ərizə bu qaydada əsaslandırılmışdır.

28. Belə ki, işin hallarından görünür ki, ərizəçi, müvafiq qərarlardan verilən şikayətə məhkəmədə baxılıb qurtarandək aşağıda qeyd olunan qərarların və sərəncamın icrasının müvəqqəti dayandırılmasını xahiş etmişdir: 1) İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında olan 105 %-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncamın götürülməsi; 2) İddiaçı MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törədən hərəkətlərinə qadağan edilməsi. 3) Siyahıya alınmış əmlakın istifadəsinə və satışı ilə bağlı hərəkətlərə qadağan edilməsi;

29. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı MMC-nin ƏDV sub-uço t hesabında olan 105 %-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncamın götürülməsi hissəsində ərizə təmin olunmasa da, iddiaçı onu mübahisələndirmir.

30. Hazırki kassasiya şikayətində İddiaçı MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törətməməyə dair cavabdehin üzərinə öhdəlik qoyulması və siyahıya alınmış əmlakın istifadəsinə və satışı ilə bağlı hərəkətlərə qadağan edilməsi mübahisələndirilir.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilm əsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

32. Qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanlarının hüquqları sırasına daxil edilmişdir. Göründüyü kimi, vergi orqanının hüquqlarından biri həm də qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisinin əm lakının siyahıya alınması üçün tədbirlər görməkdir. Məcəllənin də tələbindən göründüyü kimi, vergi ödəyicisinə yalnız əmlaklar barədə sərəncam vermək hüququ, yəni özgəninkiləşdirmək qadağan edilir. Vergi ödəyicisinə mülkiyyətində olan əmlaklar barədə istifadənin qadağan edilməsi, məhdudiyyətin qoyulması qanunla qadağan edilə bilməz.

33. Belə olan halda, İddiaçı MMC-nin siyahıya alınmış əmlakların, avtonəqliyyat vasitələrinin (həmçinin siyahıya alınacaq əmlakların) istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların vergi orqanının qərarı əsasında satılmasının vergi orqanına qadağan edilməsi qanuni və əsaslıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəmə yə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04. 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müd afiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”.

35. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, kassasiya şikayə tinin təmin edilməsi üçün əsaslar yoxdur.

36. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-371/2021 saylı iş üzrə 12 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar